Qəzzada hava hücumu nəticəsində 13 fələstinli həlak olub
21-07-2024, 11:44
Fələstinli səhiyyə rəsmilərinin bildirdiyinə görə, şənbə gününə keçən gecə İsrail hava qüvvələrinin hücumu nəticəsində Qəzzanın mərkəzindəki qaçqın düşərgələrinində azı 13 nəfər həlak olub. Bu, Qahirədə atəşkəs danışıqlarında irəliləyişin əldə olunduğu haqda məlumatların verildiyi bir vaxt baş verib.
Cəsədləri yaxınlıqdakı Əl-Əqsa Şəhidləri xəstəxanasına çatdıran Fələstin təcili yardım qruplarının bildirdiyinə görə, Nuseyrat Qaçqınlar və Bureyc Qaçqınlar Düşərgəsində ölənlər arasında üç uşaq və bir qadın var. AP jurnalistləri xəstəxanada 13 nəfərin cəsədini sayıb.
Həkim qrupları cümə axşamı axşam saatlarında Nuseyratdakı evinə endirilən hava hücumunda hamilə fələstinli ananın həlak olmasına baxmayaraq, körpəsini xilas etməyə müvəffəq olublar.
Hamilə olan 25 yaşlı Ola əl-Kürd altı nəfərlə birlikdə partlayışda həlak olub, lakin təcili yardım işçiləri tərəfindən doğulmamış uşağı xilas etmək ümidi ilə dərhal Qəzzanın şimalındakı Əl-Avda xəstəxanasına çatdırılıb. Bir neçə saat sonra həkimlər AP-yə bir oğlan uşağının dünyaya gəldiyini bildiriblər.
Həkim Xəlil Dəcran bildirib ki, yeni doğulmuş körpənin vəziyyəti sabitdir, lakin oksigen çatışmazlığından əziyyət çəkdiyindən inkubatora yerləşdirilib. Körpənin atası da eyni zərbədə yaralansa da, sağ qalıb.
Təxminən 39.000 ölü
HƏMAS-ın 7 oktyabrda İsrailin cənubuna hücumu ilə Qəzzada alovlanan müharibə 38,900-dən çox insanın ölümünə səbəb olub. Qəzza səhiyyə rəsmilərinin açıqladığı rəqəm döyüşçülərlə mülki əhali arasında fərq qoymur. Müharibə Qəzza ərazisində humanitar fəlakət yaradıb, 2,3 milyonluq əhalisinin əksəriyyətini köçkün vəziyyətinə salıb və geniş aclığa səbəb olub.
HƏMAS-ın oktyabr hücumu nəticəsində əksəriyyət mülki şəxslər olmaqla 1200 nəfəri ölüb, 250 nəfər girov götürülüb. İsrail rəsmilərinin bildirdiyinə görə, təxminən 120 nəfər əsirlikdə qalır. Onlardan üçdə birinin öldüyü güman edilir.
Qəzza zolağındakı səhiyyə rəsmilərinə görə, İsrail-Həmas müharibəsi minlərlə qadın və uşağın ölümünə səbəb olub.
Atəşkəs danışıqları
Qahirədə Birləşmiş Ştatlar da daxil olmaqla beynəlxalq vasitəçilər İsrail və HƏMAS-ı döyüşləri dayandıracaq və Qəzzada 120-yə yaxın girovu azad edəcək mərhələli razılaşmaya nail olmağa çalışırlarr.
Cümə günü ABŞ dövlət katibi Antoni Blinken HƏMAS və İsrail arasında atəşkəs razılaşmasının əldə olunması yaxın olduğunu, amma atılmalı olan son addımların ən çətin olduğunu bildirib.