İlon Maskın yaratdığı dəstək komitəsi Trampın seçki kampaniyası üçün xərcləri artırıb
16-09-2024, 15:08
İlon Maskın qurulmasına yardım etdiyi siyasi fəaliyyət komitəsi son həftələrdə Donald Trampı dəstəkləmək üçün xərcləri artıraraq, ilk növbədə tərəddüd edən ştatlara milyonlarla dollar xərcləyib.
Amerikalı milyarder İlon Maskın yaratdığı siyasi fəaliyyət komitəsi son həftələrdə ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın müdafiəsi üçün xərcləri artırıb.
Washington Post-un yazdığına görə, bunun üçün komitə ABŞ-ın əsasən tərəddüd edən ştatlarına milyonlarla dollar xərcləyib.
Daha əvvəl Mask bildirmişdi ki, o, meritokratiyanı (sosial mənşəyindən və maliyyə sərvətindən asılı olmayaraq rəhbər vəzifələrdə ən bacarıqlı şəxslərin tutduğu idarəetmə prinsipi) və şəxsi azadlığı müdafiə edən namizədləri dəstəkləmək məqsədi daşıyan siyasi fəaliyyət komitəsi yaradıb. Bununla yanaşı, sahibkar ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçki kampaniyasına dəstək məqsədilə ayda 45 milyon dollar ayırmağı planlaşdırdığı barədə məlumatları təkzib edib.
“İlon Maskın qurulmasına yardım etdiyi siyasi fəaliyyət komitəsi son həftələrdə Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı dəstəkləmək üçün xərcləri artıraraq, ilk növbədə tərəddüd edən ştatlara milyonlarla dollar xərcləyib” – nəşr yazıb.
Qəzet qeyd edir ki, siyasi fəaliyyət komitəsi avqustun ortalarında, yay aylarındakı sükut dövrü bitəndən bəri təxminən 33 milyon dollar xərcləyib.
“Washington Post” qəzetinin yazdığına görə, komitə Demokrat namizəd Kamala Harrisi "radikal" adlandıran və Trampı sərhədi qoruyacaq namizəd kimi təsvir edən məktublar göndərib. Komitə son günlər tərəddüd edən ştatları hədəf alaraq onlayn reklam xərclərini də artırıb.
Nəşrin məlumatına görə, Mask daha əvvəl bildirib ki, onun əsas məqsədi sözügedən ştatlarda Trampa səs verməyə daha çox seçici cəlb etməkdir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Demokratlar Partiyasını hazırkı vitse-prezident Kamala Harris, Respublikaçılar Partiyasını isə keçmiş prezident Donald Tramp təmsil edəcək.