Tbilisi Şəhər Məhkəməsi 42 gündür aclıq edən azərbaycanlı jurnalisti həbsdə saxlayıb

Bu gün, 15:24           
Tbilisi Şəhər Məhkəməsi 42 gündür aclıq edən azərbaycanlı jurnalisti həbsdə saxlayıb
Noyabrın 1-də Tbilisi Şəhər Məhkəməsi Gürcüstanda ekstradisiya məqsədi ilə barəsində üç ay həbs qətimkan tədbiri seçilmiş azərbaycanlı jurnalist, Azərbaycanın Azel.Tv saytının rəhbəri Əfqan Sadıqovu ev dustaqlığına buraxmayıb.

Həbsxanada 42 gündür aclıaq edən Sadıqovun səhhətinin pisləşməsilə əlaqədar onun vəkilləri ev dustaqlığı ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırıb.

Jurnalistin həyat yoldaşı Sevinc Sadıqova Amerikanın Səsinə bildirib ki, Əfqan Sadıqov 42 gündür həbsxanada aclıq edir.

“O yeriyə bilmədiyinə görə bu gün məhkəməyə əlil arabasında gətirildi. Bu səbəbdən iki gün əvvəl ailəsilə danışmaq üçün həbsxana xəstəxanasının danışıq məntəqəsinə də gedə bilməyib”, o qeyd edib.

Sadıqovanın sözlərinə görə, məhkəmə prosesi formal olub.

"Məhkəmədə uşaqlarıma və mənə Əfqanla bir az söhbət etmək üçün şüşə qəfəsə yaxınlaşmağa belə icazə vermədilər. Əfqanın səhhətinin ağır olmasına baxmayaraq, onu həbsdən buraxmadılar. Ötən həftə həkimi deyib ki, Əfqanın qanında şəkər çox aşağı düşüb. Hər an komaya düşə bilər və oyanmaya bilər", Sadıqova deyib.

Onun sözlərinə görə, Əfqan Sadıqova sığınacaq verilməsindən imtina ilə şikayətlə bağlı noyabrın 11-nə məhkəmə iclası təyin edilib.

Gürcüstan Sosial Ədalət Mərkəzinin proqramlar üzrə direktoru Tamta Mikeladze Amerikanın Səsinə bildirib ki, “Azel Tv” saytının rəhbəri Əfqan Sadıqovun məhkəməsi zamanı Gürcüstan Sosial Ədalət Mərkəzi onun ev dustaqlığına köçürülməsi tələbini dəstəkləyib.

"Bundan əlavə, Gürcüstanın 6 media orqanı Sadıqovun azad ediləcəyi təqdirdə gizlənməyəcəyinə dair zəmanət verib" o qeyd edib.

O, Sosial Ədalət Mərkəzinin Sadıqovun qanuni maraqlarını təmin etdiyini və onun müdafiəsinə vəkillər cəlb etdiyini vurğulayıb.

“Sosial Ədalət Mərkəzi məhkəməyə sübutlar təqdim edib ki, bir tərəfdən Azərbaycanda Əfqan Sadıqova qarşı irəli sürülən ittihamların açıq-aşkar əsassızlığını sübut edib, digər tərəfdən isə onun peşə fəaliyyəti ilə əlaqədar Azərbaycan hakimiyyəti tərəfindən təqibinə dair əsaslı dəlillər irəli sürüb. Bundan əlavə, təşkilat qanunsuz həbsdə olan jurnalistin səhhətinin ağır olduğunu və onun qaçması və ədalət mühakiməsinə mane olması ilə bağlı arqumentlərin yersiz olduğunu göstərən tibbi sənədləri məhkəməyə təqdim edib”, Mikeladze bildirib.

Təşkilat Azərbaycanda jurnalistlərin və fəalların hüquqi vəziyyətinin son dərəcə mürəkkəb və kritik olduğu aşkar görünən bir şəraitdə məhkəməni Əfqan Sadıqovun Azərbaycana ekstradisiyasının onun hüquqlarının pozulmasına səbəb ola biləcəyini nəzərə almağa çağırıb.

"Lakin məhkəmə müdafiə tərəfinin və Sadıqov üçün zaminlərin arqumentlərinə məhəl qoymadı və onu həbsdə saxladı”, Mikeladze deyib.

Əfqan Sadıqov 2024-cü il sentyabrın 16-da Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin ona Gürcüstanda beynəlxalq mühafizə (sığınacaq) verilməsindən imtina etməsindən sonra sentyabrın 21-də aclıq aksiyasına başlayıb.

Oktyabrın 16-da Gürcüstan Sosial Ədalət Mərkəzinin hüquqşünası, vəkil Keti Çutlaşvili Gürcüstanda Əfqan Sadıqova bu ölkənin Miqrasiya Departamentinin beynəlxalq mühafizə (sığınacaq) verilməsindən imtina etməsindən məhkəməyə şikayət verib.

Azərbaycanlı jurnalist Əfqan Sadıqov 2023-cü il dekabrın 24-dən Gürcüstandadır və Gürcüstan Ədliyyə Nazirliyi tərəfindən verilmiş müvəqqəti yaşamaq icazəsinə malikdir.

İyulun 18-də Əfqan Sadıqov ailəsi ilə birlikdə Türkiyəyə getmək istəsə də, sərhədçilər ona icazə verməyiblər və bildiriblər ki, həyat yoldaşı və uşaqları sərhədi keçə bilər, lakin Əfqan Sadıqov yalnız Azərbaycana qayıda bilər. Gürcüstan tərəfində artıq Azərbaycanda ona qarşı cinayət işinin başlanması və axtarış elan edilməsi barədə məlumat olmasına baxmayaraq, səbəbi izah edilməyib.

Gürcüstan Prokurorluğunun məlumatına görə, Əfqan Sadıqova qarşı Azərbaycanda 2024-cü il mayın 9-da cinayət işi başlanıb. Mayın 13-də Azərbaycan tərəfi ekstradisiya tələbi ilə Gürcüstanın Baş Prokurorluğuna və Daxili İşlər Nazirliyinə müraciət edib.

Avqustun 2-də Əfqan Sadıqov “Gürcüstanın Hüquqları”nın vəkili ilə birlikdə Gürcüstanın ombudsmanı ilə görüşüb və onun Türkiyəyə buraxılmaması faktını müzakirə ediblər. Daxili İşlər Nazirliyi Əfqan Sadıqovun Gürcüstandan buraxılmamasının səbəbi ilə bağlı ombudsmanın ofisinə məlumat verməyib, habelə ona qarşı Azərbaycanda cinayət işinin başlanması və axtarış qərarı barədə məlumat verməyib.

Azərbaycanlı jurnalist avqustun 3-də Tbilisidə Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsindədir. Onun həyat yoldaşı və azyaşlı uşaqları həbsin şahidi olublar. Əfqan Sadıqov axtarışda olduğunu və barəsində Azərbaycanda cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib.

İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycanın tələbi ilə həyata keçirilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 188.2.2 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətdə - “hədə-qorxu ilə tələb etmə, tanımadığı şəxsin külli miqdarda əmlakını ələ keçirmə, təhqiredici məlumat yaymaqla hədələmə”də ittiham olunur.

Avqustun 4-də Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı jurnalist Əfqan Sadıqovun barəsində həbs qətimkan tədbiri olaraq 3 aylıq ekstradisiya həbsi qərarı verib.

Avqustun 8-də “Gürcüstanın Hüquqları” təşkilatının vəkilləri qərardan apellyasiya məhkəməsinə şikayət verərək, Əfqan Sadıqovun 3 aylıq ekstradisiya həbs cəzasının ləğv edilməsini, alternativ olaraq məhkəməyə girovdan istifadə olunmasını təklif edib. Eyni zamanda, Əfqan Sadıqov və vəkilləri Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə Gürcüstandan beynəlxalq sığınacaq verilməsi xahişi ilə müraciət edib.

Avqustun 13-də Tbilisi Apellyasiya Məhkəməsinin İstintaq İşləri üzrə Kollegiyasının hakimi Giorgi Mirotadze “Gürcüstanın Hüquqları”nın apellyasiya şikayətini qəbuledilməz hesab edib və birinci instansiya məhkəməsinin qərarını dəyişməz saxlayıb.

Azel.TV saytının rəhbəri Əfqan Sadıqov bundan öncə 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə Azərbaycanda həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilədək, Ali Məhkəmə isə 4 ilədək azaldıb.

2 il 15 gün həbsdə saxlanıldıqdan sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılan Sadıqov həbsxanada 242 gün aclıq edib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.