“Google” kvant çipi ilə “mümkün olmayanı” hədəfləyir
Dünən, 16:34
“Google” yeni kvant çipi “Willow” ilə texnologiya dünyasında diqqət çəkdi. Şirkətin açıqlamalarına görə, “Willow” klassik superkompüterin 10 septilyon il çəkəcək bir prosesi cəmi 5 dəqiqəyə yerinə yetirə bilər. Bu, “Google”un 2019-cu ildə oxşar bəyanatla çıxış etməsini və mübahisələrə səbəb olmasını xatırladır.
“Willow”, “Google”un kvant hesablama texnologiyasında bir mərhələ kimi təsvir edilib. Ancaq bu, 2019-cu ildə elan edilən “Sycamore” çipini xatırladır. O zaman “Sycamore”un 200 saniyədə tamamladığı hesablamanın dünyanın ən sürətli superkompüterləri üçün 10.000 il çəkəcəyi açıqlandı. “Google” bu nailiyyəti “kvant üstünlüyü” adlandırıb. Lakin o zaman IBM “Google”un iddiasını təkzib etmişdi.
“Willow” ilə “Google” bu dəfə kvant üstünlüyü terminindən istifadə etməkdən çəkinir. Bunun əvəzinə o, texnologiyanın mövcud vəziyyətini “klassik kompüterlərdən kənara çıxan hesablama” ifadəsi ilə ümumiləşdirir.