Almaniyada 400 illik heykəlin ayağından XƏZİNƏ tapıldı FOTO
Dünən, 15:27
Almaniyanın Aysleben-Lyuterştadt şəhərindəki məşhur Müqəddəs Andrey kilsəsində bərpa işləri zamanı inanılmaz bir hadisə baş verib. Belə ki, bərpaçılar heykəllərdən birinin ayağında 400 il ərzində ustalıqla gizlədilmiş XVII əsrə aid xəzinə aşkar ediblər.
Bu barədə "LiveScience"da xəbər verilib.
Tapılan xəzinə 816 sikkədən ibarət dörd kisə olub. Bildirilir ki, həmin dövrdə İsveç əsgərləri tez-tez bölgəni qarət edirdilər.
"Bu sadəcə inanılmaz bir hekayədir", - deyə Almaniyanın Saksoniya-Anhalt Dövlət Sikkə Kabinetinin kuratoru və rəhbəri Ulf Dreger hisslərini bölüşüb.
Tədqiqatçılar hesab edirlər ki, xəzinə 13 illik müharibə (1618-1648) zamanı gizlədilib. Bu müharibələr seriyası zamanı İsveç əsgərləri bəzən hər həftə Saksoniya-Anhaltı qarət edirdilər. Həmçinin yerli əhali İsveç qoşunlarını yerləşdirmək və yedizdirmək, onlara böyük məbləğdə pul ödəmək məcburiyyətində idi
"Aysleben 1628 və 1650-ci illər arasında əhalisinin təxminən yarısını itirdi", - deyə ekspert tarixi faktı açıqlayıb.
Alimlər hesab edirlər ki, pul təxminən 1640-cı ildə gizlədilib.
"Bu xəzinənin daha əvvəl tapılmaması möcüzədir. Hazırda yalnız onu deyə bilərəm ki, bu nəhəng bir sərvətdir. Bir sənətkarın bir ildə qazana biləcəyindən çox daha böyük miqdardır", - deyə Dreger vurğulayıb.
Onun sözlərinə görə, ən qiymətli qızıl sikkələr kağıza bükülüb və pulların kilsəyə məxsus olduğunu göstərən işarə ilə işarələnib.
"Lakin bunlar xeyriyyə ianələri deyil, keşişlərin xüsusi xidmətlərindən - toy, xaç suyuna salma və dəfn mərasimlərindən əldə edilən gəlir olub. Həmçinin insanların kilsədə görkəmli yerlərdə oturması üçün "oturacaq haqqı" toplanıb.
Gizli yerdə "qızıl mələk" kimi tanınan qızıl sikkə, qızıl dukatlar və ikiqat dukatlar tapılıb. Həmçinin taler, yarım taler və dörddə bir taler kimi tanınan gümüş sikkələr və yüzlərlə penni aşkar olunub.
O dövrün kontekstində tapılan xəzinənin ölçüsünü başa düşmək üçün alimlər deyirlər ki, XVII əsrin yerli mədənçiləri həftədə təxminən 1 taler və ya 24 penni qazanırdılar. Həmçinin 0.45 kq yağ təxminən 3 penni, iki siyənək balığı isə 2 penni dəyərində idi. Xəzinədə isə qızıl və gümüş sikkələrlə yanaşı təxminən 800 penni var.
Tarixçilər deyirlər ki, 1561-ci ildən Ayslebendə keşişlər və ilahiyyatçılar üçün pensiya və tibbi fond kimi fəaliyyət göstərən ümumi kilsə fondu yaradılmışdı. Ola bilsin ki, bərpaçıların kilsədə tapdığı məhz bu fond idi.