“Anglo-Asian Mining” Azərbaycanda qızıl hasilatını kəskin artırmağı planlaşdırır

Bu gün, 15:18           
“Anglo-Asian Mining” Azərbaycanda qızıl hasilatını kəskin artırmağı planlaşdırır
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2025-ci ildə Azərbaycanda qızıl hasilatını 28-33 min unsiyaya, mis hasilatını isə 6500-6800 tona qaldırmağı planlayır.

Bu barədə fevralın 26-da şirkətin saytında yayımlanan bəyanatda deyilir. Bəyanata əsasən, 2024-cü ildə şirkətin qızıl hasilatı 15,073 unsiya, mis hasilatı isə 377 ton təşkil edib.

“2025-ci ildə istehsalımız 2024-cü illə müqayisədə əhəmiyyətli dərəcədə artacaq, buna qismən bağlanmağımız təsir etmişdi. Mən həmçinin məmnunam ki, 2025-ci il dövriyyəsi üzrə təlimat Qrup üçün ən yüksək illik dövriyyədir. 2025-ci il Şirkət üçün əlamətdar il olacaq, çünki biz gələcək illərdə daha böyük Qaradağ və Xarxar mis aktivlərini istehsala gətirməklə istehsal portfelimizdə mis payımızı artırmağa başlayırıq", bəyanatda şirkətin baş icraçı direktoru Reza Vəziriyə istinad olaraq deyilir.

2023-cü ilin iyununda “Anglo-Asian Mining”in qızıl mədəninin fəaliyyət göstərdiyi Gədəbəydə mədənin kimyəvi təmizləmədən sonra axıdılan turşu qalıqlarının toplandığı ikinci yeni gölməçənin qurulmasına etiraz ediblər. Bu zaman əraziyə polis qüvvələri yeridilib. İyunun 20-də polislə etirazçılar arasında qarşıdurma yaranıb və polis gözyaşardıcı qazdan istifadə edib. Kənd sakinlərindən onadək insan xəsarət alıb və inzibati qaydada həbs olunub.

İyulun 14-də Azərbaycanın Baş naziri Əli Əsədovun qərarı ilə şirkətin Gədəbəy qızıl mədənində fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Hökumət beynəlxalq konsaltinq şirkətinin "Anglo Asian Mining"in fəaliyyətinin ətraf mühitə təsirinin monitorinqini aparacağını bildirib.

2023-cü ilin noyabrında isə “Anglo Asian Mining” Gədəbəy yatağında fəaliyyətini bərpa etmək üçün hökumətdən razılıq aldığını bildirib. Şirkətin məlumatında deyilir ki, “Micon International Ltd” müstəqil konsaltinq şirkəti tərəfindən aparılan ekoloji yoxlama zamanı müəyyən edilmiş tədbirlər əsasında öz fəaliyyətini və prosedurlarını təkmilləşdirmək üçün Azərbaycan hökuməti ilə fəaliyyət planı haqqında protokol imzalanıb.

"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 fazi təşkil edir.

Şirkət 26 fevral 2007-ci ildən Azərbaycanın Gəncə şəhərindən 55 kilometr aralıda yerləşən 300 kvadrat kilometrlik Gədəbəy Müqavilə Sahəsində 25 ilə qədər müddətə mədən və kəşfiyyat hüquqlarına malikdir.

"Anglo Asian Mining" şirkəti Azərbaycanda 2021-ci ildə rekord həddə, 200 milyon dollardan çox gəlir əldə edib. Şirkət öz rəsmi hesabatında bildirlir ki, Söyüdlü qızıl mədənindən 2021-ci ildə 48,680 unsiya (1380,055 kiloqram), 2022-ci ildə 43,114 unsiya (1222,261 kiloqram) qızıl emal edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.