GMO kartofdan pendir hazırlayıb satışa çıxaracaqlar
Bu gün, 12:48

İsraildə kartofdan süd zülalı əldə etməyi öyrəniblər. Bu yenilik süd sənayesi, xüsusilə də pendir istehsalı üçün daha ucuz və ekoloji cəhətdən təmiz bir zülal mənbəyi ola bilər.
Gazeta.ru- nun verdiyi məlumata görə, ixtira İsrailin "Finally Foods" startapına aiddir.
Bildirilir ki, alimlər kazein (süd zülalı) ehtiva edən genetik cəhətdən modifikasiya olunmuş kartof sortu hazırlayıblar.
"Kartofun dəyişdirilməsi onun yüksək məhsuldarlığına və müxtəlif iqlim şəraitlərinə uyğunlaşma qabiliyyətinə görə seçilib. Kartofdan zülal çıxarmaq digər bitkilərdən daha asandır və yetişdirilmə prosesi ənənəvi kartof yetişdirilməsindən fərqlənmir", - deyə məqalədə vurğulanıb.
Bununla belə, alimlər bu inkişafın bəzi mənfi cəhətlərini qeyd edirlər, məsələn, bitkinin böyümə müddəti uzun çəkir, kazeinin çıxarılması isə mürəkkəb prosesdir.
"Lakin nəticədə əldə edilən məhsul kartof DNK-sından izlər olmadan təmiz kazein olacaq və bu, onu süddən alınan kazeinlə eyni edəcək", - deyə alimlər vurğulayıblar.