Cənubi Koreya kəşfiyyatı: Şimali Koreya Rusiyaya daha çox qoşun göndərib
Bu gün, 12:18

Şimali Koreya Rusiyaya əlavə daha çox əsgər göndərib və bir neçə əsgərini Ukrayna ilə həmsərhəd Kursk bölgəsində cəbhə xəttinə yerləşdirib. Bu məlumatı fevralın 27-də Cənubi Koreyanın kəşfiyyat agentliyi yayıb.
Cənubi Koreyanın YTN televiziyası kəşfiyyat agentliyinə istinadən xəbər verir ki, hərbi kontingentin dəqiq miqyası hələ ki, məlum deyil.
Cənubi Koreya və Qərbin kəşfiyyat orqanları ötən il Ukraynanın sərhəd bölgəsi olan Kurska hücumu ilə mübarizədə kömək etmək üçün Rusiyaya təxminən 11 min Şimali Koreya əsgərinin göndərildiyini bildirib.
Seul bu ayın əvvəlində Rusiya qüvvələri ilə birlikdə Kurskdakı cəbhə xəttində döyüşən Şimali Koreya əsgərlərinin yanvarın ortalarından bəri döyüşlərdə olmadığını bildirib. Ukrayna onların ağır itkilərdən sonra geri çəkildiyini bildirib.
AFP agentliyi Seul Milli Kəşfiyyat İdarəsinin rəsmisinə istinadən bildirib ki, onlar bölgəyə “yenidən yerləşdirilib.”
Rəsmi əlavə edib ki, "bəzi əlavə qoşun yerləşdirmələri" həyata keçirilib. “Dəqiq miqyas hələ ki, qiymətləndirilir.”
Rəsmi Moskva və Pxenyan yeni hərbi kontigentin yerləşdirilməsini təsdiqləməyib.
Bununla belə Rusiya prezidenti Vladimir Putin keçən il Şimali Koreyaya səfər etdiyi zaman iki ölkə qarşılıqlı müdafiə sənədi imzalayıb.
Şimali Koreya lideri Kim Conq Un fevralın 8-də ölkəsinin müharibədə Rusiyaya dəstəyini davam etdirəcəyinə söz verib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın “Şimali Koreya ilə əməkdaşlığının genişlənməyə davam edəcəyini” bildirib.