Həbsdə olan AXCP fəalının hökmü azaldılıb
8-03-2025, 15:38

Martın 7-də Gəncə Appelyasiya Məhkəməsində həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin sədri Sahib Məmmədzadənin şikayətinə baxılıb. Məhkəmə fəalın hökmünü 6 il yarımdan 3 il yarıma endirib.
Bu barədə Məmmədzadənin vəkili Zabil Qəhrəmanov Amerikanın Səsinə deyib. O bildirib ki, məhkəmə müvəkkilinə Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsiylə verilən hökmdən satış məqsədini çıxarıb, onu 234.1-1-ci (satış məqsədi olmadan narkotik əldə etmə, saxlama) maddə ilə əvəzləyib.
Cinayət işində iddia olunur ki, saxlanılarkən AXCP fəalının üzərindən 23 qram narkotik maddə tapılıb.
Qəhrəmanov məhkəmənin qərarının gözlənilməz olduğunu deyib.
Məmmədzadə isə ümumiyyətlə üzərində narkotik maddə olmadığını və polislərin onu üzərinə yerləşdirdiyini, əslində isə siyasi fəaliyyətinə görə həbs olunduğunu deyir.
Sahib Məmmədzadə 2024-cü ilin martın 18-də mal-qarasını Daşkəsən rayonuna yaylağa apararkən polislər tərəfindən saxlanılıb. Dekabrın 10-da isə ona hökm oxunub.
AXCP-in dediyinə görə, partiyanın 10-dan çox üzvü siyasi səbəblərlə həbsdədir, onların əksəriyyəti narkotik maddə daşınması və ya satışı ilə əlaqəli ittihamlarla üzləşirlər.
“Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaqın fevral ayında hazırladığı ölkədəki siyasi məhbusların yeni siyahısına əsasən Azərbaycanda 357 siyasi məhbus var. Bunların 32 nəfərini müxalifət partiyaları və hərəkatlarının üzvləri təşkil edir.
Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.