Xalqa "otxod" deyən deputatın xalqın nümayəndələrindən mənimsədiyi torpaq sahələri -İDDİA

12-01-2017, 10:43           
Xalqa "otxod" deyən deputatın xalqın nümayəndələrindən mənimsədiyi torpaq sahələri -İDDİA
Ötən ilin sonunda deputat Astan Şahverdiyevin xalqla bağlı aşağılayıcı çıxışından sonra onun barəsində media və sosial şəbəkələrdə xeyli müzakirələr aparıldı. Müzakirələrin fonunda ortaya xeyli maraqlı məqamlar çıxdı. Əməkdar artist Firuzə İbadova isə mediaya açıqlamasında gündəmdə olan deputatla arasında yaşanan və illərdir ki, həll olunmayan torpaq qalmaqalından danışıb.

“Mən dəfələrlə Zaur Baxşəliyevin verilişində qonaq oldum, dərdimi dedim. Mən hakimlərə, məhkəmələrə müraciət etdim. Apelyasiya Məhkəməsinə qədər gedib çıxdım. Amma hər dəfə tələbim təmin edilmədi. Firuzə İbadova müğənnidir, deputat deyil. Amma Firuzəni minlərlə insan sevir. Mən Azərbaycanın səslərindən biriyəm, onlarla tələbəm var. Bu hadisə məni küsdürdü, iki il öncə xəstəxanalıq da oldum. Yayda Apelyasiya Məhkəməsinə sənədləri apardım, baxmadılar. Mən torpağı 18 minə satmamışdım, söhbət 30 min dollardan gedir. Onlar mənə 8 min pul verdilər. Yaydan bəri hər şeyi Allahıma həvalə etmişəm. Onlar hakimləri ələ aldılar. Bəlkə də mənə hədə-qorxular gələcəklər. Amma qorxmuram. Bu söhbət yayılanda Allaha şükür etdim ki, o insan özü-özünü ifşa etdi” .
Qeyd edək ki, əməkdar artist Firuzə İbadova bir neçə il öncə mətbuata açıqlamasında bildirmişdi ki, millət vəkili Astan Şahverdiyev onun torpağını mənimsəyib. Hətta millət vəkili tərəfindən torpaq sahəsinin əlindən alınması müğənninin səhhətində ciddi problemlər yaratmışdı. Baş verənlərə etiraz olaraq, müğənni Yeni il axşamı da daxil olmaqla, 3 gün aclıq aksiyası keçirmiş və xəstəxanalıq olmuşdu.

Ancaq Astan Şahverdiyevin həyat yoldaşı Solmaz Şahverdiyeva publika.az-a müsahibəsində Firuzə İbadovanın torpaq mübahisəsinə də münasibət bildirib: “Həmin Firuzə İbadova bir neçə il əvvəl bağını rəhmətə gedən kürəkənimə satıb. Həmin torpaq da mənim adıma keçirilib. Torpaq satılanda Firuzə İbadova da gedib bank vasitəsilə pulunu alıb. Kürəkənim rəhmətə gedəndən sonra isə həmin qadın iddia edib ki, guya torpağı satmayıb və bizdən pul tələb edib. Halbuki onların bankdan pul almasını sübut edən çeklər əlimizdə var. Bu məsələni aydınlaşdırmaq üçün məhkəmə olub, məhkəməni də kürəkənimin qardaşı udub. Çünki kürəkənimin qardaşının əlində konkret faktları, sənədləri var. Sadəcə olaraq, Firuzə İbadova eşitmişdi ki, rəhmətlik deputat Astan Şahverdiyevin kürəkənidir, ona görə də yalandan bizdən pul qoparmağa çalışıblar. Heç mən Firuzə İbadovanı da yaxından tanımamışam.

Bu adamları da bizim üzərimizə qızışdırıb salan rəhmətlik kürəkənimin Rəşid adlı keçmiş tanışı olub. Həmin Rəşid əvvəllər polisdə çalışıb. Bizdən pul almaq üçün də Firuzə İbadova ilə əlbir olublar. Ancaq məhkəmə ədalətli qərar çıxarıb. Bizim haram malda gözümüz yoxdur. Həmin Firuzənin bacısı həbsxanada yatıb çıxan adamdır. Yadımdadır, Firuzənin bacısı həbsxanadan çıxanda anası televiziyaya müsahibəsində deyirdi ki, mənim qızım türməyə xanım kimi girib-çıxıb. Məgər türməyə girən xanım olur? Ümumiyyətlə, Firuzə İbadovanın heç bir malı bizə lazım deyildi. Mən hər zaman evdə də deyirəm ki, filan şey mənə artıqdır, gərək yoxdur və sairə. Köhnə evdə yaşayanda da hamı bizə sadə ailə deyirdi”.

Bu müsahibədən sonra isə müsahibədə adı hallanan Rəşid Allahyarov musavat.com-a açıqlama verərək onunla bağlı fikirlərin doğru olmadığını, əslində özünün zərərçəkmiş olduğunu bildirib: “Könüllü müharibə veteranıyam, 21 il daxili işlər orqanlarında xidmət etmişəm, pensiyada olan sabiq polis mayoru və müstəqil hüquqşünasam. Deputat Astan Şahverdiyevin xanımının ”Mənə pis-pis mesajlar yazırlar" yazısında mənə qarşı yenidən böhtan atıldığına görə cavab vermək hüququmdan istifadə etmək qərarına gəldim. Solmaz xanım başda Astan Şahverdiyev olmaqla, öz ailəsini xeyli təriflədikdən sonra, öz təbirincə desək, dərmanlarla dolanan xəstə xanım, o cümlələri işlətməklə öz yarasını sağalmaq məqsədilə başqa yaraları qoparmaqla məşğul olub. Solmaz xanım, sizə və qohumlarınıza bəs eləmədimi haqqımı tələb etdiyimə görə məni şərlətdirərək işdən pensiyaya göndərmək, indi də ona-buna bu qədər yalan, böhtan dolu iftiralar atmaq? Mənmi bu işi heç nədən pul qoparmaq üçün quraşdırmışam, ayıb deyilmi?".

Onun sözlərinə görə, torpaq sahəsini alarkən o da aldadılıb və zərərçəkəndir: “Çoxdan təsdiqini tapıb ki, torpaq sahəsini rəhmətlik Aqillə mən şərikli olaraq alıb onun xahişi ilə Astan Şahverdiyevin xanımının adına keçirmişik. Torpağın üçdə birini mən, üçdə ikisini o alıb. Xətai Rayon Prokurorluğunda və Xəzər Rayon Məhkəməsində bununla bağlı toplanmış materiallar var. Mən illərdir ki, xanımı və həyat yoldaşını sivil yolla görüşə dəvət edirəm ki, məni və bu işi bilənləri dinləsinlər.

Əgər bu qədər sadə adamlardırsa, bəs nəyə görə indiyə kimi görüşməkdən yayınırlar?” R.Allahyarovun sözlərinə görə, 2009-cu ildə Mərdəkanda aldığı şərikli torpaq illərdir ki, problemə çevrilib: “Firuzə İbadova 30 min manata torpağını satırdı, mən və Astan Şahverdiyevin kürəkəni Aqil torpağı aldıq. Firuzə İbadova Aqilə inandı və torpağı pulu tam ödənmədən satdı, 10 min Aqil verdi, 5 min manat da mən verdim, 15 min də biz ona verməli idik. Torpağın üçdə biri mənim idi, yəni mən 10 min, Aqil 20 min ödəməli idik, sonra mən o biri 5 mini də Aqilə verdim, amma sonra bildim ki, Aqil pulu aparıb verməyib. Torpağı da Astan Şahverdiyevin həyat yoldaşı Solmaz xanımın adına keçirdik ki, sonra bölərik. Aqil onların kürəkəni idi. Torpaq bir neçə ay sonra bahalaşdı, çıxarışla 4,8 sot, bank sənədi ilə 12 sot idi, 4 sot da əlavə idi. Deməli, 16 sot torpaq sahəsi vardı. Torpaq bahalaşandan sonra mənə torpağı bölmədilər, 2013-cü ildə isə Aqil yol qəzasında həyatını itirdi.

Daha sonra isə torpağı istədiyim üçün məndən şikayət yazdılar ki, Aqilin xalası Bahar Quliyevanın torpağını mən qanunsuz olaraq kiməsə satmışam. Bu araşdırıldı, məlum oldu ki, torpaq o xanımın deyil, həmçinin onu satan da mən deyiləm, dostumdur.

Mən polis orqanlarında işləyirdim, onlar məni cəzalandırmaq üçün bir kampaniya yaratdılar. Buna da nail oldular, dedilər ya Bahar Quliyevadan üzr istəyəcəksən, ya da səni işdən çıxaracağıq. Sonra mən Firuzə İbadova ilə məsələni danışdım və məhkəmələrə müraciət etdik. Çünki hər ikimiz zərərçəkmiş idik. Mən 10 min pul vermişəm, nə torpaq qaytarılıb, nə pul. Bir köhnə, kreditə salınmış maşın veriblər. Firuzə xanım mənim dediyimlə axıra kimi getmədi və məhkəmələri uduzdu. Mən Astan Şahverdiyevlə dəfələrlə görüşməyə cəhd etdim ki, torpağımı geri alım. Amma bu, mümkün olmadı. Bu gün deputatın xanımının məni ittiham etməsi doğru deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.