Azərbaycanlı məmurun Mayamidə 8.5 milyon dollara iki mənzili üzə çıxdı

24-06-2017, 16:32           
Azərbaycanlı məmurun Mayamidə 8.5 milyon dollara iki mənzili üzə çıxdı
Azərbaycanın dövlətə məxsus şirkətinin baş direktorunun Mayamidə milyonlarla dollarlıq iki dəbdəbəli mənzil aldığı üzə çıxıb. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın Florida ştatının daşınmaz əmlak xəbərləri saytı “The Real Deal” bildirir.

Saytın Mayami daşınmaz əmlak alqı-satqısı reyestrinin məlumatlarına əsasən yazdığına görə Azərbaycanın neft sektorunda işləyən dövlət şirkəti “BOS Shelf” LLC-in baş direktoru İxtiyar Axundov Mayami-Beach çimərliyi ilə üzbəüz yerləşən 40 mərtəbəli “The Setai Condo Miami Beach” elit kompleksin 40-cı mərtəbəsində yerləşən 2802/2004 nömrəli mənzillərdən ibarət bloka 5.5 milyon dollar ödəyib.

“The Setai Condo Miami Beach” 2004-cü ildə inşa edilib və orada Mayaminin ən bahalı mənzilləri yerləşir. Mayamidə, həmin kompleksin yaxınlığında “Setai Hotel” adlı dəbdəbəli otel də yerləşir.

Sayt xatırladır ki, Axundov “BOS Shelf” MMC-yə rəhbərlik edir, bu, Azərbaycanın dəniz neft-qaz platformaları yığan iri zavodudur. Şirkətin saytında göstərilir ki, “BOS Shelf” MMC SOCAR dövlət neft şirkətinin törəmə şirkətidir.

İxtiyar Axundov həmin mənzilləri Ross Markettanın nəzarət etdiyi “Setai” LLC şirkətindən alıb. Şirkətin məlumatlarından görünür ki, Ross Marketta həmin mənzilləri 2004-cü ildə, bina təzəcə istifadəyə veriləndə inşaatçı şirkət “Setai Condo”-dan 1.5 milyon dollara almışdı. Mənzilin 3 yataq otağı var, sahəsi 1254 kvadrat-futdur. Mənzil hər kvadrat-futu 2336 dollardan satılıb. Bildirilir ki, ötən il mənzilin qiyməti bazarda 7.95 milyon dollar ölçüsündə idi. Mənzil ötən il daşınmaz əmlak agenti Duqlas Ellimandan 6.9 milyon dollara Eloy Karmeneyte keçib. İndi isə Axundov mənzili ilkin bazar qiymətindən təqribən 30 faiz ucuz alıb.

Lakin bu, Azərbaycan məmurunun - dövlətə məxsus şirkətin direktorunun Mayamidə, həmin binada aldığı birinci mənzil deyil. Daşınmaz əmlak reyestrində yer alan məlumatlara görə İxtiyar Axundov “The Setai Condo Miami Beach” göydələninin 32-ci mərtəbəsində 1213 kvadrat metrlik daha bir mənzilin sahibidir. Həmin mənzilə o, 2015-ci ildə 3 milyon dollar ödəyib.

Bildirilir ki, “The Setai Condo Miami Beach” Mayamidə ən bahalı mənzillərin yerləşdiyi kompleksdir və bu ilin əvvəllərində rusiyalı oliqarx, “ONEKSİM Development” şirkətinin prezidenti Oleq Baybakov həmin binanın penthausunu almaq üçün 12 milyon 150 min dollar ödəmişdi. Yeri gəlmişkən həmin Baybakov 1967-ci ildə Bakıda anadan olub.

“BOS Shelf” MMC vaxtilə ümummilli lider Heydər Əliyevin tikdirdiyi Bakı Dərin Özüllər Zavodunun əsasında yaradılıb, bu zavod nəhəng dəniz neft-qaz platformalarının, o cümlədən “Şahdəniz” qaz yatağının ikinci fazası üçün platformanın yığılmasını həyata keçirib. Şirkət “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənilməsi üzrə konsorsiumun operatoru BP-nin əsas podratçlarından biridir.

Şirkətin saytında yerləşdirilən məlumata görə, “BOS Shelf”in əsas payçıları SOCAR və Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş «Star Gulf FZCO»dur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.