İş adamı DGK məmurları ilə bağlı müraciət etdi - ŞİKAYƏT
5-07-2017, 10:29
Prezident İlham Əliyev bir müddət əvvəl öz tarixi çıxışında biznesmenlərə, iş adamlarına, sahibkarlara müraciət edərək demişdir: “Mən dəfələrlə xəbərdarlıq etmişəm və bir daha deyirəm, kim ki, söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. Əgər sahibkarların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır və hər bir siqnala reaksiya verilir, araşdırılır və əgər təsdiqini tapırsa, onda ölçülər götürülür”.
Ölkə başçısının illər uzunu dediyi qiymətli fikirlər bəzi gönüqalın məmurlara təsir etmir. Ona görə də cənab prezident belələrini “söz başa düşməyən”lər adlandırır.
Əlbəttə bütün sferalarda, o cümədən gömrük sistemində də dəyərli, xalqa ləyaqətlə qulluq edən məmurlarımız var. Ancaq etiraf edək ki, neqativ hallarda DGK qədər adı hallandırılan ikinci bir qurum təsəvvür etmək olmur.
Axı, ölkə başçısı da dəfələrlə qeyd edir ki, ölkənin gələcəyi iş adamlarının, sahibkarların, biznesmenlərin fəaliyyətindən çox asılıdır. Çünki dövlət üçün çox vacib olan işsizlik və kasıbçılıq kimi problemlərin azaldılmasında və aradan qaldırılmasında iş adamlarının mühüm rolu var.
Ölkə başçısı İlham Əliyev cənabları sahibkarların, iş adamlarının normal fəaliyyəti üçün hər cürə şərait yaradır. Çünki ölkə başçısı yaxşı bilir ki, sahibkarlığın inkişafı yeni iş yerlərinin açılması, kasıbçılığın aradan qaldırılması deməkdir.
Ancaq çox təəssüf ki, DGK-nin bəzi vəzifəli şəxsləri sahibkarları, iş adamlarını dövlətdən narazı salırlar.
Bu yazıda belə məmurlardan ikisinin – DGK-nin Baş Enerji Gömrük İdarəsinin rəisi Vaqif İbrahimovun və maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyevin əməllərinə diqqəti yönəltməyə və bu “qəhrəman”ları cəmiyyətimizə tanıtmağa çalışacağıq.
Redaksiyamıza üz tutan “Rovel Trading” şirkətinin rəhbəri, iş adamı İntiqam Həsənov mətbuat vasitəsilə cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya, DGK-nin sədri Aydın Əliyevə müraciət edərək onun biznes fəaliyyətinə əngəl yaradan, DGK-nin Baş Enerji Gömrük İdarəsinin rəisi Vaqif İbrahimovun və maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyevə qarşı tədbir görülməsini xahiş edir.
Şirkət rəhbərinin dediyinə görə, Türkiyədən ölkəmizə akkumlyator gətirib satmaq, iqtisadiyyatımıza töhfə vermək istəyirlər və bütün sənədlər də qaydasındadır: “Ancaq yuxarıda adıçəkilən DGK məmurları hər dəfə uydurma bir səbəb tapıb malın saxlanca verilməsini tələb edirlər, ya da guya qiymətlərdə uyğunsuzluq var deyib malı sənədləşdirmək istəmirlər.
Bizim bütün sənədlərimiz qaydasındadır, bəyannaməmiz, invoys və digər sənədlər qaydasındadır. Qiymət uyğunsuzluğunu müəyyən etmək üçün qoy Türkiyəyə, malı aldığımız şirkətə rəsmi sorğu göndərsinlər. Türkiyə gömrüyündən gələn cavabda qiymət uyğunsuzluğu olsa, mən cəzamı çəkməyə hazıram. Ancaq sorğu-filan olmadan DGK məmurları havadan deyr ki, qiymət uyğunsuzluğu var. Və nəticədə gətirdiyimiz malı günlərlə saxlancda ləngidirlər. Təsəvvür edirsiniz, Türkiyədən olan sürücümüz bir həftədir öz evinə qayıda bilmir, sürücüyə DGK məmurları hədə-qorxu gəlirlər”.
Yeri gəlmişkən, şirkətin Türkiyədən olan sürücüsü Bülent Öztürk bizimlə söhbətində baş verən qanunsuzluqlara görə, media vasitəsilə Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət edərək kömək istədi.
Müxbirimizin “Sizə qarşı qərəzin kökündə nə dayanır?” sualına cavab olaraq Rovel Trading” şirkətinin rəhbəri İntiqam Həsənov bildirdi ki, keçən il qarşılaşdığımız qanunsuzluqlarla bağlı ölkə başçısına, prezident yanında Apelyasiya Şurasına və digər vəzifəli şəxslərə müraciət etdiyimiz üçün DGK-nın bəzi vəzifəli şəxsləri bizə qarşı qərəzlidir.
İntiqam Həsənov DGK-nın Qaynar Xəttinə müraciət etdiyini, amma heç bir nəticə olmadığını da bildirdi.
İntiqam Həsənov onu da bildirdi ki, DGK-nin Baş Enerji Gömrük İdarəsinin rəisi Vaqif İbrahimovun və maliyyə şöbəsinin rəisi Rəfael Niftəliyev bizə qarşı qərəzi gizlətmək üçün indi də Yük şöbəsinin müdirinin adından məktub göndəriblər. Axı, yük şöbəsinin qiymət uyğunsuzluğuna nə dəxli var ?
Sonda iş adamı media vasitəsilə ölkə başçısına, Birinci Vitse-prezidentə, DGK sədri Aydın Əliyevə, Apelyasiya Şurasının rəhbəri Eldar Nuriyevə müraciət edərək DGK məmurlarının qanunsuzluqlarına son qoyulmasınını xahiş etdi.
Qafqazxeber.az