Eldar Mahmudov bu dəfə də qurtulacaqmı? - GƏLİŞMƏ
21-12-2017, 10:12
Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq rəhbəri Eldar Mahmudovun “vəziyyəti” ağırlaşıb. Qısa müddətdə davamlı olaraq istintaqa çağırılan Mahmudov həbs təhlükəsi ilə üz-üzədir. Bu gün diqqətdə olan əsas məsələ isə sabiq nazirin ölkədən çıxardığı milyardlardır. Məlumdur ki, MTN ətrafında yaşanan hadisələrin kökündə də məhz ölkədən çıxarılan milyardlar dayanırdı. Bankir qudası Cahangir Hacıyevin Beynəlxalq Bank üzərindən ölkədən çıxardığı 10 milyarda yaxın vəsait həm də sabiq MTN şefinin “ayağına” yazıldı. Bu günə qədər Eldar Mahmudovun niyə həbs olunmaması isə hələ də açıq qalan suallardandır.
Ancaq görünən odur ki, Cahangir Hacıyev, MTN generalı Akif Çovdarov kimi Eldar Mahmudov da həbsdən canını qurtara bilməyəcək. Prosesin gedişatı onu göstərir ki, Eldar Mahmudov yaxın zamanlarda həbs olunacaq. Əslində sabiq MTN rəhbərinin həbs olunmaması üçün heç bir səbəb yoxdur.
Təkcə MTN-də yaranan “cinayətkar dəstə” sabiq naziri həbsə aparmağa kifayət edir. Ancaq görünən odur ki, Mahmudovun həbsi üçün daha genişmiqyaslı işlər aparılır. Təbii ki, Eldar Mahmudovun özünü qorumaq imkanları da yetərincədir. Əks halda, bu günə qədər o artıq həbs olunardı. Nəzəri baxımdan bu mümkündür. Ancaq aparılan istintaq prosesindən ictimaiyyətə yayılan faktlar onu göstərir ki, Eldar Mahmudov haqqında digərlərindən fərqli araşdırmalar aparılır. Görünən odur ki, Mahmudovun xarici mülkləri, bank hesabları və ölkədən çıxartdığı milyardlar araşdırılır. Sabiq MTN şefinin davamlı olaraq istintaqa çağırılması isə onu deməyə əsas verir ki, artıq istintaq müəyyən faktları sübuta yetirib və proses bu ətrafda aparılır. Ancaq prosesin gedişatında maraqlı məqamlar var. Mahmudov niyə ifadə verdikdən sonra sərbəst buraxılır? Sabiq MTN şefini istintaq müddətində həbsdə saxlamaq mümkün deyilmi? Çünki MTN işində adı çəkilən və həbs olunan hər kəsin istintaq prosesi şəxslərin həbsdə olduğu müddətdə aparılıb. Maraqlıdır ki, zamanında səslənən bütün ittihamları rədd edən bütün “MTN-çilər”in hamısı həbs olundu. Bəs Mahmudov necə, həbs olunacaqmı?
Əslində hal-hazırda öncüllük Mahmudovu həbs etmək deyil. Əgər belə olsaydı, sabiq nazir çoxdan dəmir barmaqlıqlar arasında olardı. Əsas məsələ Mahmudovun ölkədən çıxartdığı milyardların geri qaytarılmasıdır. Ehtimal olunur ki, istintaqın gedişatı da məhz bu istiqamətdədir. Bəs Mahmudov ölkədən çıxartdığı pulları qaytaracaqmı? Qaytarmasa, onu nə gözləyir? Hal-hazırda ən çox müzakirə olunan məsələlər məhz budur. Əslində Mahmudov özü də bilir ki, ölkədən çıxardığı pulları geri qaytarıb-qaytarmaması onun üçün heç nəyi dəyişməyəcək.
Uzun illər MTN-ə rəhbərlik etmiş bir şəxs yəqin ki, nə zamansa həbs olunacağını da hesablayıb. Özünü qorumaq üçünsə müəyyən gedişlər edib. Bu gün sabiq nazirin həbsdə olmamasının başlıca səbəbi də məhz zamanında etdiyi gedişlərdir. Ancaq bütün bunlara baxmayaraq sabiq MTN şefi son anda apardığı milyardları qaytaracaq. Əgər qaytarmasa və ya iddiaları təkzib etsə, çox böyük ehtimalla yaxın zamanlarda Eldar Mahmudov da sonrakı prosesləri qudası və iş ortaqları kimi dəmir barmaqlıqlar arxasından izləyəcək.
Əslində, qaytarsa da, bu, onun üçün heç nəyi dəyişməyəcək. Sadəcə olaraq bu məhkəmədə yüngülləşdirici hal kimi dəyərləndirilə bilər. “Rabitə işi”ndə də oğurlanan dövlət vəsaitlərinin qaytarılmasının heç nəyi dəyişmədiyinin şahidi olduq. Vidadi Zeynalov, Beytulla Hüseynov dövlətə vurduqları zərəri ödəsələr də, məhkəmə haqlı olaraq onlara həbs cəzası verdi. Eldar Mahmudovun da eyni aqibətlə üzləşəcəyi istisna olunmur. \\cebhe.info\\