Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəsmi hesabatlarındakı şübhəli rəqəmlər- Görəsən bu ildə təkrar olacaq - FOTOFAKT
25-12-2017, 00:06
Prezident İlham Əliyev cənablarının prioritet elan etdiyi sahələrdən biri də turizm sahəsidir.
Azərbaycanın əlverişli təbii çoğrafiyası imkan verir ki, dövlət büdcəsinə hər il bu sahədən külli-miqdarda vəsait daxil olsun. Azərbaycan dövlətinin uzunmüddətli iqtisadi-strateji siyasətində turizm potensialına böyük önəm verildiyindən hər il meşəçilik təsərrüfatına milyonlarla vəsait xərclənir.
2017-ci ilin dövlət büdcəsindən də meşəçilik təsərrüfatının inkişafına kifayət qədər böyük vəsait ayrılıb. Belə ki, bu il dövlət meşəçiliyə 13 milyon manata yaxın vəsait sərf edəcək.
Obyektivlik naminə qeyd edək ki, son illər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına meşə ilə örtülü ərazilərin sahəsi 1.5 milyon hektara yaxınlaşıb. Məlumata görə meşələrin artırılması tədbirləri xüsusilə Bərdə, Beyləqan, Yevlax, Zərdab, Lənkəran, Şamaxı və Bakı ətrafı rayonlarda daha geniş miqyasda aparılır.
Bundan başqa regionların qazlaşdırılması sayəsində meşələrdən sənaye və məişət məqsədləri üçün istifadənin qarşısı demək olar ki, tam alınıb. Nəticədə qanunsuz ağac kəsilməsi halları da ilbəil azalır.
Ancaq bütün bunlarla yanaşı ekologiya sahəsində, xüsusən də meşəçilik təsərrüfatında çox ciddi şübhəli məqamlar var.
Qlobal.az-ın araşdırma qrupu Ekologiya və Təbii Sərvətlər nazirliyinin 2015 və 2016-cı illərdə meşəçilik təsərrüfatında görülmüş işlərin hesabatına nəzər yetirərkən kifayət qədər şübhə doğuracaq məqamları üzə çıxarıb.
Belə ki, Nazirliyin 2015-ci ilə aid rəsmi hesabatında yazılır ki, "2015-ci il ərzində müəssisələr tərəfindən 10140 hektar plan-proqnoza qarşı 10141 hektar ( 1!) sahədə meşəbərpa tədbirləri görülüb ki, bundan 2635 hektar plan-proqnoza qarşı 2636 ( 1!) hektar sahədə meşə əkini və səpini işləri aparılaraq 4310,4 min ədəd ting əkilib. Meşə əkinlərinin becərilməsi məqsədilə 32546,4 hektar sahədə xidmət, 33224,6 hektar sahədə suvarma, 2576,85 hektar sahədə torpaq hazırlığı işləri, 7505 hektar sahədə isə təbii bərpaya kömək tədbirləri həyata keçirilib. Müxtəlif ağac və kol cinslərindən 175078,5 kq toxum tədarük edilib.”
Hesabatlardakı siam əkizlərinə bənzər rəqəmlər
Rəsmi hesabatdan da göründüyü kimi, burada çox ciddi suallar doğuracaq məqamlar var. Məlumdur ki, adıçəkilən müəssisənin 10140 hektar plan- proqnoza qarşı 10141 (?!) hektar ərazidə gördüyü meşəbərpa işləri və 2635 hektar plan-proqnoza qarşı 2636 (?!) hektar sahədə aparılan əkin-səpin işləri müxtəlif ərazilərdə aparılıb. Onu da nəzərə alsaq ki, Azərbaycanın meşə massivləri əsasən dağlıq relyeflərdə yerləşir, o zaman məsələ daha da qəlizləşir və ortaya bir sıra vacib suallar çıxır.
1.Nazirlik niyə açıq hesabatında rəqəmlərlə yanaşı görülən işlərin hansı ərazilərdə aparıldığını qeyd etməyib?
2.Nazirliyin meşə təsərrüfatında görülən işlərinin həcmini hansı təşkilat ölçüb?
3.Niyə hər iki – meşəbərpa və əkin-səpin- plan-proqnozda qarşıya qoyulan öhdəlik məhz 1 (!!!) hektar artıq görülüb?
Nazirliyin 2016-cı ilə olan hesabatında göstərilən rəqəmlər isə 2015-ci ildə verilən rəsmi hesabatda göstərilən rəqəmlərdən ciddi fərqlənmir. Belə ki nazirlik 2016-cı ildə meşəçilik təsərrüfatının hesabatında yazır:” 2016-cı il ərzində müəssisələr tərəfindən 10140 hektar plan-proqnoza qarşı 10151 hektar sahədə meşəbərpa tədbirləri aparılıb ki, bunun da 2646 hektarı (2635 ha qarşı) meşə əkini və səpini işləridir”. Hesabatın bir cümləsində göstərilən 4 rəqəmin ikisi ötən 2015-ci ilin hesabatındakı rəqəmlərin eynisidir. Belə ki, 2015 və 2016 cı illərdə nazirliyin qarşıya qoyduğu PLAN-PROQNOZun rəqəmi- 10140 hektar nədənsə heç dəyişmir. Bundan əlavə meşə əkini və səpini işlərində də qarşıya qoyulan plan proqnoz ötən ilki ilə eyni- 2635 ha təşkil edir. 2015-ci ildə hər iki plan-proqnoz 1 hektar artıqlığı ilə yerinə yetirilmişdisə, bu il, hər iki plan-proqnoz 11 (!!!) hektar artıqlığı ilə yerinə yetirilib.
Ekologiya nazirliyinin siam əkizləri xatırladan rəsmi hesabatlarından haqlı sual ortaya çıxır.
1.Meşəçilik təsərrüfatının qarşısına qoyulan plan-proqnozun həcmini hansı qurum müəyyənləşdirir?
2.Planlaşdırılan plan-proqnoz nədən iki il dalbadal (2015 və 2016-cı illər) eyni rəqəmləri təşkil edir?
3.Meşəbərpa və əkin-səpin işləri üzrə müəyyənləşdirilən plan-proqnoz 2015-ci ildə nazirlik tərəfindən hər iki sahə üzrə 1 hektar (!!!), 2016-cı ildə isə 11 hektar(!!!) artıqlaması ilə yerinə yetirilib. Başqa-başqa sahələrdə əlavə görülən işlərin bu qədər dəqiq, eyni, oxşar aparılmasında məqsəd nədir?
Göründüyü kimi suallar nazirliyin hesabatının məntiqindən (daha doğrusu məntiqsizliyindən) yaranan suallardır. İnanırıq ki, yaxın günlərdə Ekologiya və Təbii Sərvətlər nazirliyi suallara aydınlıq gətirəcək.
teref.az olaraq bu materialları yenidən gündəmə gətirməkdə məqsədimiz hörmətli nazirimiz Hüsynqulu Bağırovun qarşıda gələn il üçün verəcəyi hesabatda yenidən bu şablondan istifadə etməməyi barədə xəbərdarlıqdır.Axı 3 il dalbadal ekiz hesabat vermək olmaz!
teref.az olaraq adları çəkilə\n şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az