Məmur qohumunun ihtiharında müəmma - İDDİA

2-01-2018, 12:34           
Məmur qohumunun ihtiharında müəmma - İDDİA
Dekabrın 27-də intihar xəbəri yayılan 1987-ci il təvəllüdlü Elvin Əliyevin özünü asmasının sirr pərdəsi qalxmayıb.

AzEuroNews.com xəbər verir ki, E.Əliyevin nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədovun kürəkəni olmasının üstündən sükutla keçilir.

Nə nazirlik məlumatı təkzib edir, nə işin təfərrüatı açıqlanır. İlkin səbəblərə görə, o, külli miqdarda borcu olduğuna görə intihar edib.

E.Əliyevin borclarına görə depressiyaya düşdüyü və xilas yolunu intiharda gördüyü qeyd olunur. Onun özünü asarkən evdə kimsə olmayıb.

Məmur kürəkəninin intihar məktubu buraxdığı haqda iddialar var. 30 yaşlı ailə başçısının intiharın səbəbləri Nərimanov rayon Prokurorluğunda araşdırılır.

Maraqlıdır ki, bu il oktyabrın 19-da nazir müavininin oğlu İdrak Məmmədov Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Rövşən Məmmədovun qızı ilə ailə həyatı qurub.

Amma cəmi 2 ay sonra, Yeni il bayramı ərəfəsində nazir müavininin ailəsində bədbəxt hadisə yaşanır. İ.Məmmədovun üç övladı var.

Nazir müavini “rabitə işi”ndən mühakiməsiz çıxan yüksək vəzifə sahibidir. Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru Beytulla Hüseynov istintaqa ifadəsində hazırda nazir müavini işləyən İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini deyib.

B.Hüseynovun dediyinə görə, həmin pul BTRİB-in və nazirliyin digər strukturlarının vəzifəli şəxslərinin xərclərin şişirdilməsi, mənimsəmə və digər korrupsiya əməlləri nəticəsində keçmiş nazir Əli Abbasovun formalaşdırdığı “ümumi xəzinə”yə topladıqları pullardan verilib.

“Mən istintaq qrupunun rəhbərinə də dedim ki, bunları qaynadan, Əli Abbasovun yerinə keçmək üçün çalışan İltimas Məmmədov niyə həbs edilmir? Heç olmasa, obyektivlik naminə çağırılıb ifadəsi alına bilərdi.

Neçə dəfə təxribat törədib, pul hamıdan çox ona çatıb. Bu işlərdə daha günahkardır. O, 3 dəfə beynəlxalq tədbirlərdə bilərəkdən təxribat törədərək, Əli Abbasovun işdən çıxarılmasına nail olmaq istəyirdi. Məhkəmə kimdən və niyə çəkinir?”

Bu sözləri isə məhkəmədə Rabitə Nazirliyinin Aparat rəhbəri olmuş Vidadi Zeynalov demişdi. MTN işinin bir qolu olan rabitə məhkəməsində istintaqa cəlb olunmayan, nazir vəzifəsini itirdiyi halda, hələ də nazir müavini postunda qalan, böyük sərvətlər, imkanlar sahibi olan İ.Məmmədovun kürəkəninin borca görə intihar etməsi müəmmalıdır…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.