Füzuli rayonunda Alı Alıyev yeyintisi
20-08-2015, 01:04
Alı Alıyevin rəhbərliyi yerli sakinlərə baha başa gəlir
Bir sıra rayonlarda icra başçılarının hansı oyunlardan çıxdığı, vətəndaşlara qarşı necə haqsızlıq etdiyi yerli sakinlər kimi ictimiayyətə də bəllidir. Çünki mütəmadi olaraq məmur özbaşınalıqlarından bəhs edən məqalələrdə çıxış edərək, yerlərdə vətəndaşların haqqını tapdalayan vəzifə sahiblərini sərt şəkildə tənqid etmişik. Ki, ən azından gördüyü əməllərdən utansın və insanların problemlərinə laqeyd yanaşmasın.
Fizuli rayon İcra Hakimiyyəti başçısı Alı Alıyevin nələr etdiyinə dair mətbuatda çox yazılıb. Həmin məlumatlarda rayonda baş alıb gedən özbaşınalıqlarla yanaşı, həm də total korrupsiya hallarının da açıq şəkildə diqqət çəkdiyi vurğulanırdı. Məlumata görə, rayon rəhbərliyinin həzm rabedən keçirdiyi milyonların əsas hissəsi təmir-tikinti üçün ayrılmış pullardan ibarət olub. Araşdırmalara görə, rayonun Horadiz qəsəbəsində evlərin əsaslı təmiri üçün ötən il 6 milyon manat pul ayrılıb. Həmin pulun 2,1 milyon manatı şəhərdəki 88 yaşayış evinin bərpa edilməsinə sərf olunduğu sənədlərdə göstərilir. "Perlit" MMC tərəfindən həyata keçirilən bu işlərin hansı səviyyədə reallaşdığı isə göz qabağındadır.
Araşdırmalara görə, bu pulun heç 50 faizi təmir-tikinti işlərinə sərf olunmayıb. Həmin büdcə vəsaitlərinin böyük qisminin Alı Alıyev tərəfindən mənimsənildiyi vurğulanır. Görülən işlərin bir qismi isə yerli idarə və müəssisə rəhbərlərinin vəsaiti hesabına baş tutub. Amma yeyinti halı təkcə bununla bitmir. Həmçinin Horadiz şəhərində daha 50 evin bərpa işləri adı altında ayrılmış və "Namiq" firması tərəfindən həyata keçirilən işlər üçün 1,25 milyon manatın da aqibəti məlum deyil. Verilən məlumata görə, rayonda kənd təsərrüfatının inkişafı üçün ayrılan vəsaitlər mənimsənilib. Rayon üçün nəzərdə tutulan torpaqlara hər il büdcədən pul ayrılsa da, faktiki olaraq əhalinin sayı və mövcud əkin sahələri ilə bağlı statistik rəqəmlər şişirdilir. Bu proses sabiq kənd təsərrüfatıf naziri İsmət Abbasovun dövründə başlayıb. O zaman nazirlə icra başçısı Alı Alıyev arasında işbirliyi qurulub. Nəticə etibarilə də icra başçısı hələ də ayrılan pulları hansı istiqamətə xərclədiyi sual doğurur.
«Aqrolizinq»in yerli şöbəsində də bir sıra araşdırmalar aparılıb. Hazırda Hesablama Palatasının əməkdaşlarının rayonda araşdırmalar apardığı söylənilir. Məlumatlara əsasən İsmət Abasovun dövründə icra başçısı ilə qurulan işbirliyinin nəticəsi olaraq böyük həcmdə talan baş verib. Və bu faktlar yaxın zamanlarda hüquq mühafizə orqanlarına təqdim edilə bilər
Məqalədəki məsələlərlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
DTV.az