Mikayıl Cabbarov bir kollec direktoru ilə bacarmır? - ilginc iddialar
20-08-2015, 12:47
Nazir Mikayıl Cabbarov korrupsiya olayından təmiz çıxmağı bacaran İradə Səfərovanı mütləq dəyişməlidir
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Belə ki, idarənin səlahiyyətli şəxslərinin bəzi təhsil ocaqlarında yoxlama tədbirləri həyata keçirərək nöqsanları aşkara çıxarması bu sahədə rüşvət və korrupsiya problemlərinin nisbətən səngiməsinə gətirib çıxarıb. Bununla belə, təhsil sektorunda bəzi problemlər hələ da qalır. Xatırlayırsınızsa, bu ilin may ayında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları Bakı Kompüter Kollecində rüşvət faktı aşkarlamış və buna görə kollecin proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ələddin Səfərov həbs olunmuşdu. Qeyd edək ki, Bakı Kompüter Kollecinin tələbəsinin həmin kollecin şöbə müdiri Ələddin Səfərovun qanunsuz hərəkətlərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib.
Kollecin proqramlaşdırma və servis xidmətinin şöbə müdiri Ə.Səfərovun qış imtahan sessiyası zamanı imtahanlardan müvəffəq qiymətlər alması üçün kollecin tələbəsindən 150 manat məbləğində rüşvət tələb etməklə 27 yanvar 2015-ci il tarixdə 120 manat məbləğində rüşvəti xidməti otağında alarkən cinayət başında yaxalanması faktına görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Bu barədə yayılan məlumatlarda həmçinin bildirilirdi ki, kollecdə sistemli şəkildə rüşvət hallarının baş verməsinə şübhələr üçün əsaslar olduğundan cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Aradan təxminən 4 aya yaxın vaxt keçsə də, cinayət əməlinin digər iştirakçılarının kimliyi hələ də ictimaiyyətə açıqlanmayıb. Bildirmək istəyirik ki, Ələddin Səfərov həbs edilən zaman Bakı Kompüter Kollecinin direktoru İradə Səfərovanın da istintaqa cəlb ediləcəyi haqda söhbətlər yayılmışdı. Amma kollecin direktoru nə istintaqa çağırıldı, nə də barəsində digər zəruri tədbirlər həyata keçirildi. Başqa sözlə desək, xanım direktor heç nə olmayıbmış kimi, bu gün də işinin başındadır. Mötəbər mənbələrdən əldə etdiyimiz məlumatlara görə, əslində Ələddin Səfərovla birlikdə direktor da həbs olunmalı imiş: "Lakin İradə Səfərova cəld tərpənərək məsuliyyətdən kənarda qalmağı bacardı. Halbuki, həbs olunan şöbə müdiri bütün tapşırıqları ondan alırdı. Onlar yaxın qohum olduqları üçün direktor şöbə müdirini özünə "sağ əl" seçmişdi. Kollec rəhbərinin bütün maliyyə işlərinə məhz şöbə müdiri nəzarət edirdi. Vəziyyət elə gətirdi ki, bu cinayət işində təkcə şöbə rəhbərini təqsirli bildilər.
Əgər istintaq obyektiv şəkildə aparılsaydı, kollec direktoru da mütləq məsuliyyətə cəlb olunmalı idi. Xanım direktor həm bəzi şəxslərin, həm də maddi imkanlarının sayəsində sudan quru çıxmağı bacardı. Baş vermiş sonuncu həbs hadisəsindən sonra kollecdə oxuyan tələbələr, eyni zamanda onların valideynləri burda xoşagəlməz işlərin son bulacağını düşünürdülər. Maraqlıdır ki, direktor həbsdən sonra da öz qanunsuz əməllərindən əl çəkməyib. Məsələn, ötən tədris ilinin yay imtahanlarında tələbələrin əksəriyyəti yenə də əvvəlki qaydada direktora "ehtiram" nümayiş etdirdilər. Bəzi tələbələr şöbə müdirinin həbsini əsas gətirib imtahanları savadları hesabına vermək istəsələr də, buna nail ola bilmədilər. Əksinə, direktor onlarla prinsipə düşdü və imtahanlardan kəsdi. Çox güman ki, qarşıdan gələn yeni tədris ilində də Bakı Kompüter Kollecindəki köhnə ənənələr davam etdiriləcək.
teref.az gündüminfo.az -a istinadən yazır ki, çünki İradə Səfərova Ələddin Səfərovun həbsindən heç bir nəticə çıxarmayıb". Bir maraqlı məqama da toxunmaq istəyirik. Adətən bu tip korrupsiya faktları aşkar ediləndə həm bu cinayətdə iştirak edən şəxs, həm də həmin müəssisənin rəhbəri cəzalandırılır. Qəribədir ki, təhsil naziri Mikayıl Cabbarov korrupsiya faktı aşkarlanan kollecin direktoruna ağır cəza vermədi. Hər kəs nazirin direktoru işdən azad edəcəyini gözləsə də, bu baş tutmadı. Maraqlıdır, axı nəyə görə? Bizə çatan informasiyaya əsasən, İradə Səfərovaya postunu qorumasında Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsində işləyən Ənvər İmanov köməklik göstərib: "Məhz baş məsləhətçinin himayədarlığı sayəsində direktor işini qorumağı bacardı. Mikayıl Cabbarov bilməlidir ki, adıçəkilən direktor təhsilimizin adına yaraşmayan işlərlə məşğuldur. Ənvər İmanovun belə bir şəxsi müdafiə etməsi isə sadəcə təəssüf yaradan haldır". İnanmaq istərdik ki, hörmətli nazir yeni dərs ili başlayana kimi Bakı Kompüter Kollecində zəruri islahatlar həyata keçirəcək və təhsil ocağına işini bacaran direktor təyin edəcək.
Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.