Şəmkir icra başçısının müavini Aynur Abdullayevanın qardaşı jurnalistləri təhqir etdi
31-03-2018, 11:57
Novruz Bayramı günlərində Dubayda istirahət edən Şəmkir icra başçısının müavini Aynur Abdullayeva, istirahət yerindən fotolarını “İnstagram” səhifəsində paylaşmışdı.
Bu barədə redaksiyamıza daxil olmuş məlumatda bildirilirdi. Məlumatı göndərən buna görə Aynur Abdullayevanı qınayıb və sual verib ki, Gənc məmur xanımın hamam şəkillərini paylaşması nə qədər doğrudur? :”Şəkildə gördüyünüz qız Şəmkir İcra hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayevadır. Aprelin 11-də keçiriləcək Prezident seçkiləri ərəfəsində, hər kəsin seçkiyə hazırlaşdığı vaxtda bu qız Dubaya gedir, orada qaldığı oteldəki hamamın şəkillərini sosial şəbəkələrdə paylaşır. Onun bu hərəkəti hörmətsizlikdir. Bu qız özünü düşünmürsə, heç olmasa oturduğu kreslosunu düşünsün, şəmkirlilərə hörmət etsin.”
Bu fotolar sosial şəbəkə istifadəçiləri tərəfindən də birmənalı qarşılanmamışdır və jurnalistlər bu mövzuda silsilə məqalələr yazmışdılar. Birinci yazıdan sonra, martın 24-ü “Qafqaz Xəbər”ə zəng edib özünü Aynur Abdullayevanın “dayısı oğlu” kimi təqdim edən şəxs məlumatla bağlı “kömək” istəyərək deyib: “Sizdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısının müavini Aynur Abdullayeva haqda yazı gedib. Mən Aynur xanımın dayısı oğluyam. Aynur xanım xahiş elədi ki, sizə deyim ki, o yazını silək”.
Əməkdaşımız həmin yazının silinməsi ilə bağlı xahişə cavab verib ki, dərc olunan yazı silinmir, sadəcə olaraq dərc olunan yazı ilə bağlı hər kəsin öz fikrini, mövqeyini bildirmək hüququ var. Aynur Abdullayevanın “dayısı oğlu” isə öz bibisi qızının adından bildirdi ki, “O, qeyri-iş günü olduğundan istirahətə gedib və bazar günü Azərbaycana qayıdacaq”.
Əməkdaşımızın: “Əgər belədirsə, yaxşı olardı ki, Aynur xanım özü danışardı, yaxud Şəmkir rayon İcra hakimiyyətinin mətbuatla bağlı məsul işçisi açıqlama verərdi” fikrinə isə Aynur Abdullayevanın “dayısı oğlu” bildirdi ki, “Bu gün məsələ ilə bağlı icra hakimiyyətində oldum, amma orada heç kim yoxdur, qeyri-iş günü olduğundan hamısı istirahətdədir”.
“Bu dialoqdan aydın oldu ki, Aynur Abdullayevanın seçki qabağı Dubayda istirahət etməsi haqda bizə daxil olan məlumatı onun “dayısı oğlu” da təsdiq etdi.
Bundan başqa, biz Aynur xanımın istirahət etdiyi otellə də bağlı araşdırma apardıq və Dubay şəhərinə sorğu edərək müəyyən etdik ki, həmin otel “Süni palma adaları”nın sağ qolunda yerləşən 5 ulduzlu “Rixos The Palm Dubai” otelidir.
Əlbəttə hər bir insanın, o cümlədən məmurun da istirahət etmək, şəkil çəkmək hüququ var, özü də bu istirahət bayrama təsadüf edirsə. Amma əsas məsələ odur ki, məmur, ölkə başçısının da dediyi kimi, təvazökar və öz əməlləri ilə vətəndaşa nümunə olmalıdır. Aynur Abdullayeva da bilməlidir ki, onun etdikləri diqqət mərkəzindədir və buna görə də, yüksək vəzifəli məmur maaşına heç də ucuz olmayan istirahətindən çəkdiyi şəkilləri yayıb bununla bir növ qürrələnmək elə də düzgün deyil. Bundansa Aynur Abdullayeva diqqətini Şəmkirdə vətəndaşların qayğı və problemlərini həll edilməsi istiqamətində cəmləşdirsə, onları qəbul edib şikayətlərini dinləsəydi daha yaxşı olardı. Həm də bu onun vəzifə borcudur. Yəni məmur yaddan çıxarmamalıdır ki, onun əsas vəzifəsi təkcə xaricdə istirahət etmək deyil…”,- Aynur Abdullayeva haqqında yazıların birində bildirilir.
Bundan başqa keçən yazımzıda qeyd etmişdik ki, bu yazılardan sonra feysbuk sosial şəbəkəsində trollar bu yazını hazırlayan və paylaşan jurnalistləri təhqir edərək Aynur Abdullayevanın əməlinə bəraət qazandırmaq istəyiblər: Əldə etdiyimiz məlumata görə bu trolların “xozeyni” Şəmkir icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovdur.
Bizə maraqlıdır ki, Alimpaşa Məmmədovun trolları, xarici ölkələrə qaçıb ordan Azərbaycan hökumətini, dövlətdə yüksək vəzifə tutan mötəbər şəxsləri təhqir edənlərin niyə cavablarını verib hökümətin müdafiəsinə qalxmırlar?
Ancaq ən əcaibi odur ki, “dayıoğlu”nun reaksiyasından, trolların hücumundan sonra, Aynur Abdullayevanın qardaşı – FHN-nin əməkdaşı Kənan Abdullayev “Qafqaz Xəbər Agentliyi”nin feysbuk səhifəsinin inboksuna yazaraq jurnalistləri təhqir edib, onlara qarşı ağır ifadələr işlədib.
Aynur Abdullayevanın qardaşı bizi, yazını araşdırmadan yazmaqda ittiham edir, yazılanların əsassız olmasını deyir, bizə məsləhət görür ki, nazirin adını hallandırmayaq, onun bacısı öz hesabına gedib çıxıb o vəzifəyə və sairə. Amma Kənan Abdullayevin nəzərinə bir daha çatdıraq ki, biz redaksiyamıza daxil olan məlumat əsasında yazı hazırlamışıq və məlumat da öz təsdiqini tapıb.
Belə çıxır ki, biz həqiqəti yazdığımıza görə o, bizi düşmən sayır, təhqir edir. Jurnaslitin məmuru tənqid etməyində qeyri-adi bir şey yoxdur. Mətbuatın işi təkcə cəmiyyəti maarifləndirmək deyil, həm də neqativ halları üzə çıxarıb tənqid etmək, işıqlandırmaqdır.
Ölkə başçısı, hörmətli İlham Əliyev də dəfələrlə bu məsələdə mətbuatın yanında olmasını vurğulayıb, dövlətçiliyə xidmət edən jurnalistlərə dayaq olmasını bildirib, həmişə də mətbuata dayaq olub.
Ölkədə mətbuat azadlığı var və jurnalsitlərin hüquqları dövlət tərəfindən qorunur. Mətbuat bütün dünyada 4-cü hakimiyyət sayılır və hansısa məmurun tənqid olunması bütün sivil ölkələrdə, o cümlədən bizdə də cəmiyyət tərəfindən təbii, normal qarşılanır. Və burada qeyri-adi bir şey yoxdur. Bu baxımdan Kənan Abdullayevin məmur bacısı haqda yazıya belə kəskin reaksiya verməsini heç cürə normal saymaq olmaz.
Əlbət Kənan Abdullayevin normal mətbuatın mahiyyəti, missiyası haqda anlayışı çox bəsit səviyyədədir ki, tənqidə dözümsüz yanaşır, ona təhqirlə cavab verir. Görünür yazının ona belə toxunmasına, ona və məmur bacısına sərf etməyən səbəblər var.
Biz öz növbəmizdə Kənan Abdullayevə sual vermək istəyirik ki, niyə o bizi təhqir edir? Bizdən ona məsləhət: iş yerindən bir müddətlik məzuniyyət götürsün, bacısından özü soruşsun ki, “Dubay səyahətinin fotolarını niyə “İnstagram”a yerləşdirmisən” və öz problemlərini də özləri öz aralarında həll etsinlər. Əgər onun bacısı Aynur Abdullayeva sıravi vətəndaş olsaydı, yəqin ki, jurnalistlərdə onun “İnstagram”da paylaşdığı hamam fotoları maraq doğurmayacaqdı və onun barəsində mətbuatda yazılar dərc olunmayacaqdı. Ancaq bu xanım böyük bir şəhərin icra başçısının müavinidir və özü də etdiyi hərəkətin sabahısı gün ictimaiyyətdə birmənalı qarşılanmadığını bilməliydi.
Bundan başqa qeyd etdiyimiz kimi maraqlıdır ki, bizim Aynur Abdullayeva ilə bağlı birinci yazı 24 mart saat 00:01-də dərc olunmuşdur və bizim yazımızdan sonra Aynur Abdullayevanın “yadına düşüb” ki, qarşıdan prezident seçkiləri gəlir və o, öz feysbuk səhifəsində 24 mart saat 17:21-də 11 aprel seçkilər günü ilə bağlı paylaşım edib. Dubaydan qayıdan kimi isə martın 26-sı “Azərxalça” ASC-nin Şəmkir filialına baş çəkib, xalça fabrikinin iş şəraiti və görülən işlərlə tanış olub, işçilərlə söhbətləşib. Xatirə kitabına ürək sözlərini yazan icra başçısının müavini sonda işçilərlə xatirə şəkli də çəkdirib. Bu icra hakimiyyətinin saytında, özlərinə yaxın bir-iki saytda, sosial şəbəkələrdə “tezbazar” paylaşılıb da. Halbuki bundan əvvəl məmur xanımın bu cür aktivliyi hiss olunmayıb…
Sanki bununla o, yazılanların əksinə olaraq Şəmkirin qayğıları ilə maraqlandığını, rayonun ictimai həyatında aktiv rol oynadığını göstərmək istəyib. Elə bil ki, bu xanım 2 gün qabaq Dubaydan hamam fotolarını heç paylaşmayıb…
Adama elə gəlir ki, əgər onun haqqında tənqidi yazı getməsəydi, bəlkə də o tez bir zamanda “Azərxalça” ASC-nin Şəmkir filialına gedib heç şəkil də çəkdirməyəcəkdi…