Ədalət Muradovun professor diplomu ilə bağlı Baş Prokurora sənəd göndəriləcək

8-06-2018, 08:58           

Xəbər verildiyi kimi, neçə aydır 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Şərafət Məmmədovanın sədrliyi ilə “Təzadlar” qəzetinin Prezident yanında Ali Attestasiya Komissiyasının sədr əvəzi Vəli Hüseynova qarşı iddiası üzrə məhkəmə mübahisəsi yekunlaşmışdır. Məhkəmənin qərarı ilə bağlı razılaşmayan redaksiya apellyasiya şikayəti verəcək. Lakin məsələ ondadır ki, mübahisələndirilən məsələ Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun professor və doktorluq diplomu ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyanın sədr əvəzi cənab V.Hüseynova göndərilmiş T-21-11-2017-2 saylı, 21 noyabr 2017-ci il tarixli rəsmi sorğumuzda da qeyd edilmişdir ki, ADİU-nun rektoru Ədalət Muradov 1998-ci ildə Ukraynada doktorluğu müdafiə etsə də, dissertasiyasındakı problemlərə görə, biz belə hesab edirik, yalnız 16 il sonra- 26.12.2014-cü ildə Azərbaycan AAK-da ona iqtisad elmləri doktoru diplomu verilmişdir (tanınmışdır). Lakin maraqlıdır ki, Ə.Muradova AAK tərəfindən bundan bir ay əvvəl (???) -21.11.2014-cü ildə professor adı verilmişdir. Bu isə AAK-ın Prezident tərəfindən təsdiqlənmiş «Əsasnaməs»sinə tamamilə ziddir, qanunsuzluqdur.
Məsələ ilə bağlı «Təzadlar»ın hüquqşünası Mahmud Məmmədli bunları dedi:
- Bilirsiniz ki, ADİU-da Baş Prokurorluğun yoxlama komissiyası işləyir, rektor Ədalət Muradovun özünün rəsmi şikayəti əsasında. Biz artıq sənədlər hazırlamışıq, Baş Prokuror Zakir Qaralova göndəriləcək, istintaq qrupunun rəhbərindən xahiş ediləcək ki, aşağıdakı sualların da cavabı tapılsın: Ədalət Muradov 2014-cü ilin noyabrın 21-də professor diplomu alıb, lakin 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışdır, “Makroiqtisadiyyat”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Azərbaycanın iqtisadi siyasəti” fənlərini tədris etməklə maaş almışdır. 15 il ərzində Azərbaycanın AAK-ı tərəfindən professor diplomu tanınmamış bir şəxs dövlət büdcəsindən külli miqdarda maaşı necə alıb? Bundan başqa, ADİU-nun rəsmi saytına daxil oluruq və rektor Ədalət Muradovun rəsmi tərcümeyi-halında yazılıb: “...Ə.Muradov 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur...”. AAK-ın Rəyasət Heyətinin 21 noyabr 2014-cü il tarixli qərarı və 14RH saylı protokolu ilə 8 nəfərə, bu sırada Ədalət Muradova professor adı verilib. Elə isə, o, bundan 3 il əvvəl AAK-da necə İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini işləmişdir? Axı, qaydalara və AAK-ın “Əsasnaməsi»nə görə, Ekspert Şurasının Sədri və sədrin müavini vəzifəsinə (eləcə də EŞ-in digər üzvləri) yalnız və yalnız elmlər doktoru-professor olanlar təyin edilə bilərlər. Yuxarıda dedik, Ədalət Muradov 1998-ci ildə Ukraynada müdafiə etdiyi doktorluq işini və professor adını yalnız 2014-cü ilin dekabrında AAK-da tanıtmışdır. Bəs bunlar necə baş verib?
Ən nəhayət, Ədalət Muradov 2014-cü ildə rektor təyin edilərkən sənədlərinin arasında həmin qanunsuz əldə edilmiş professor diplomu da olmuşdur. Bəs Prezidentin sərəncamına əsas olmuş bu qanunsuz sənədləri ölkə başçısına kim və ya kimlər təqdim etmişdir??? Biz çalışacağıq ki, bütün bu məsələlərə hüquqi müstəvidə cavab tapılsın…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.