YAP-ın Gədəbəy təşkilatının sədri həbs oluna bilər - prezidentə sensasion müraciət
13-09-2018, 11:32
YAP-ın Gədəbəy təşkilatını yaradanlardan olan, uzun müddət təşkilatın sədri olmuş Ramazan Muradov ölkə prezidenti və YAP sədri İlham Əliyevə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“YAP Gədəbəy rayon təşkilatı ölkədə yaranmış ilk rayon təşkilatlarından biridir. YAP-ın Gədəbəy rayon təşkilatının yaradıcılarından biri olmuşam. 12 il təşkilat sədrinin müavini, 8 il təşkilatın sədri olmuşam. Lakin 2013-cü ildə mən təşkilatın rəhbərliyindən və təşkilatdakı fəaliyyətimdən o zaman yeni təyin edilmiş icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun qurduğu məkrli oyunlar nəticəsində kənarlaşdırıldım. Məndən sonra rayon təşkilatına əvvəllər Müsavat partiyasının üzvü olmuş, saxta ali təhsil diplomlu Rüstəm Nağıyev sədr seçildi. Daha doğrusu Ramiz Yediyarovun istəyi ilə təyin edildi. Bu təyinat o zaman mənim və təşkilatın qurulmasında əməyi olan bütün YAP üzvülərinin kəskin narazılığına səbəb oldu. Yeni Azərbaycan Partiyasının qurulmasında və inkişaf etməsində heç bir əməyi olmayan Ramiz Yediyarovun bir savadsız müxalifətçini rayon təşkilatına sədr seçdirməsi tək YAP üzvlərinə və partiyaya deyil, eyni zamanda ümummilli lider, YAP-ın əbədi lideri mərhum Heydər Əliyevin ruhuna hörmətsizlik idi.
Hörmətli cənab sədr,
Təəssüf ki, o zamankı düşüncələrimizdə biz yanılmadıq. Həm Ramiz Yediyarov, həm də Rüstəm Nağıyev sizin, partiya üzvlərinin və Gədəbəy əhalisinin etimadını doğrultmadı. Ramin Nağıyev Ramiz Yediyarovun rayona rəhbərlik etdiyi 6 il ərzində rayon təşkilatının yerli qərargahını icra başçısının korrupsiya əməllərinin həyata kecirildiyi məkana çevirdi. Təzə təyin edilən kadrlardan, yaylaqlara çıxan fermerlərdən, pay torpaqlarında qanunsuz ev tikənlərdən, sahibkarlardan və idarə, müəssisə rəhbərlərindən Ramin Nağıyevin külli miqdarda rüşvət almasına bu qərargah şahid oldu. Ramin Nağıyev bu müddətdə qardaşının adına rəsmiləşdirməklə, qeyri- qanuni yollarla onlarla torpaq sahəsi və daşınmaz əmlak ələ kecirdi. H.Əliyev mərkəzinin qarşısında tikilmiş, uşaq gənclər mərkəzi yerləşən, dağıdılmış obyektinin əvəzinə sahibkara tikilmiş 2 mərtəbəli bahalı binanı anasının adına rəsmiləşdirdi. H.Əliyev partiyasının rayon təşkilatının sədri “bəyin bacısı” ləqəbi ilə tanınaraq insanların lağ və nifrət obyektinə çevrildi. Təsadüfi deyil ki, Yediyarovun fəaliyyətini araşdıran Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin istintaq qrupu Ramin Nağıyevi və İdarə Heyətinin üzvlərinin əksəriyyətini istintaqa cəlb edib.
Hörmətli cənab sədr,
Mən və rayon təşkilatının yaradılmasında əməyi olan şəxslər, rayon təşkilatının üzvləri təşkilatımızın bu acınacaqlı vəziyyətə salınmasından dərin narahatlıq hissi keçiririk. Eyni zamanda minlərlə YAP üzvünün əmək haqqı hesabına formalaşan təşkilatın büdcəsinin bu cür korrupsiyyaya bulaşmış şəxslərə həvalə etməyin də doğru olmadığını düşünürük. Biz hesab edirik ki, ən qısa zamanda rayon təşkilatının üzərindən bu ləkə götürülməlidir. Ona görə sizdən xahiş edirik ki, YAP rayon təşkilatının növbədənkənar konfransının çağrılması üçün qərar qəbul edəsiniz”. \\istiqlal.az\\