Kiyev Rus dövlətində xristianlığın elan olunması - VLADİMİR

3-08-2019, 22:37           
Kiyev Rus dövlətində xristianlığın elan olunması - VLADİMİR
Əsası norman (varyaq) Ryurik tərəfindən qoyulsa da, Xəzər xaqanlığına oxşar şəkildə qurulmuş şərq slavyanlarının ilk dövləti Kiyev Rus dövləti hesab olunur. Təkcə onu demək kifayətdir ki, bu dövlətin başında duran şəxs 200 ilə yaxın bir müddətdə “Ross xaqanı” adlandırılır. Bu dövlətin tarixində ən mühüm hadisələrdən biri xristianlığın dövlət dini elan edilməsidir. Kiyev Rus dövlətində xristianlığı dövlət dini elan edən Vladimir, 972-ci ildə peçeneqlər tərəfindən qətlə yetirilən Svayotaslavın Maluşa adlı kənizindən doğulmuş 3-cü oğlu olmuşdur. Svyatoslavın öldürülməsindən sonra hakimiyyət uğrunda onun oğulları arasında mübarizə başlamışdır. Hakimiyyətə gələn böyük oğlu Yaropolk, bununla razılaşmayan qardaşı Oleqi qətlə yetirdikdən sonra, Vladimir qorxusundan normanların yanına qaçmış və onların köməyilə Novqorodda hakimiyyəti ələ keçirmişdi. Onun hakimiyyətinin güclənməsində dayısı Dobrınin mühüm xidmətləri olmuşdur. Vladimir, Kiyevdə hakimiyyətdə olan qardaşı Yaropolkun tərəfinə keçmiş Podolsku ələ keçirdikdən sonra, dayısının məsləhəti ilə qardaşının nişanlısı, Podolsk knyazının qızı Roqnedanı camaatın gözü qarşısında zorlamışdır. Bu iyrənc hərəkətindən sonra Vladimir Roqnedaya elçi göndərərək, ona evlənmək təklif etmişdir. Lakin məğrur Roqneda, “qaravaş oğluna ərə getməyi” özünə sığışdırmadığını bildirmişdir. Bundan qəzəblənən Vladimir və dayısı, Polotsk knyazını və onun iki oğlunu edam etdirmiş, Roqnedanı zorla özünə arvad eymişdir. Daha sonra Kiyevi mühasirəyə alan Vladimir, Yaropolkun sərkərdəsi Bludu öz tərəfinə çəkərək, hiylə yolu ilə qardaşını qətlə yetirmiş və onun hamilə qadınını öz kənizinə çevirərək, zorlamışdı. 978-ci ildə Vladimir Kiyev knyazı elan edildi. O, Kiyevdə xristianlığı yaymaq istəyən, Rusiyada ilk xristian şəhidləri sayılan norman mənşəli Fyodor və İoannı edam etdirmişdir. Belə ki, bütlərə qurban vermək üçün püşk atılarkən, Bizansdan gələrək Kiyevdə ticarət edən xristian Fyodor və oğlu İoann seçilmişdi. Rahib Nestorun yazdığına görə “xeyli arvadı olmasına rəğmən, Vladimirin 300 kənizi Vışqorodda, 300 kənizi Belqorodda, 200 kənizi isə Berestovoda idi. Pozğunluqdan doymayan knyaz ərli qadınları və bakirə qızları da zorla yatağına soxurdu”. Görünür Rus dövlətində xristianlığın qəbulunda da Vladimirin bu “sonsuz şəhvət hissi” mühüm rol oynamışdır. Belə ki, Varda Fokanın üsyanını yatırtmaqda Bizans imperatoru II Vasiliyə kömək müqabilində, Vladimir ona bacısı Annanı istəmişdi. İmperator II Vasili bacısı Annanı xristian keşişləri ilə birlikdə Krıma – Korsun (yunanlar tərəfindən salınmış Xersones koloniyasını Krım türkləri belə adlandırırdılar) şəhərində Varda Fokanın tərəfdarlarını mühasirəyə almış Vladimirin düşərgəsinə göndərdi. Nikahdan əvvəl “xaqan Vladimir” xaç suyuna çəkilərək, Vasili adlı “xristian” oldu.
Kiyev Rus dövlətinin əhalisinə “Qanlı Vladimir” tərəfindən “könüllü” şəkildə xristianlığın qəbul etdirilməsi nəticəsində ölkə əhalisinin 70% məhv edilmiş, 300 yaşayış məskənindən 270-i viran qoyulmuşdu.
Kərəm Hətəmoğlu Məmmədli.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.