Göy Türk Xaqanı Bilgə Xaqan
31-08-2019, 21:26
İkinci Göy Türk Xaqanlığının üçüncü xaqanı olan Bilgə Xaqan 684-cü ildə Ötükəndə anadan olmuşdur. Atası, milli qəhrəman, İkinci Göy Türk Xaqanlığının qurucusu Qutluğ İltəriş Xaqan 692-ci ildə kutlu Ötükən yaylasında dalğalandırdığı "Altun Başlı Qurd" Bayrağının kölgəsində ölərkən Quzeydə Gökmən (Gökçə - bugünkü Sayan - A.M.) dağlarına, Doğuda Kerulen və Onon çaylarının yüksək vadilərinə, Batıda Altaylara qədər uzanan əraziləri əhatə edən böyük bir dövlət və Tonyukuk kimi mütəfəkkir bir dövlət xadimi qoyub getmişdi. Atası ölərkən Bilgənin 8, kiçik qardaşı Kül Təkinin isə 7 yaşı vardı. Ona görə də İltəriş Xaqanın qardaşı, 27 yaşlı Qapağan xaqan seçilmişdi.
Türk tarixinin böyük fatehlərindən sayılan Qapağan Xaqan ilk olaraq Çini basqı altında saxlamaqla dövlətin təhlükəsizliyini təmin etmiş, Çində dağınıq halda yaşamaqda olan Türkləri ana vətən Ötükənə qaytarmış, dövlətin iqtisadi və hərbi qüdrətini yüksəltmiş, Asiya qitəsindəki bütün Türkləri İkinci Göy Türk Xaqanlığına bağlamış, hakimiyyətdə olduğu 24 il (692-716) müddətində dövlətin ərazilərini genişləndirərək İmperatorluğa çevirməyə müvəffəq olmuşdu.
Qapağan Xaqan Bayırkular üzərində qələbə qazanaraq Ötükənə qayıdarkən yolda Bayırkular tərəfindən pusquya düşürülərək öldürüldüyündən Xaqanlıqda qarışıqlıq yaranmış, yerinə keçən oğlu İnal Bögü Xaqanlığın bu böhranlı dövründə dövləti idarə edəcək qüdrətdə olmadığından dövləti təhlükələrdən qurtarmaq işi İltəriş Xaqanın oğulları olan Bilgə və Kül Təkinin omuzlarına yüklənmişdi. Bütün bunlar Türk xalqında xaqanın bacarıqsızlığı qənaətini hasil etmiş və Tanrı tərəfindən Xaqanlıq vəsfinin ondan alınması fikrini formalaşdırmışdı. Qapağan oğlu İnalın hakimiyyətdən könüllü getmək istəməyərək dirəndiyini görən Bilgə və Kül Təkin zor işlətmək məcburiyyətində qalmış, çevriliş planı hazırlayaraq İnalı qətlə yetirmişlər. Qardaşı Kül Təkinin israrı və İkinci Göy Türk Xaqanlığının qurucularından biri, Qutluğ İltərişin və qardaşı Qapağanın vəziri olmuş, tarixdə məşhur, böyük Türk mütəfəkkiri, qəhrəmanı və dövlət xadimi, adı kitablərdə xaqanlarla yanaşı çəkilən Bilgə Xaqanın qaynatası Tonyukukun məsləhəti ilə Bilgə 716-cı ildə Göy Türk Xaqanı seçilmişdi. Bu münasibətlə "Bilgə Xaqan kitabəsi"ndə deyilir ki: "Üstdə mavi Göy, altda yağız Yer və ikisi arasında İnsanoğlu yaradılmışdı. İnsanoğulları üzərində də əcdadım Bumın Xaqan və İstəmi Xaqan (Böyük Göy Türk İmperatorluğunun qurucuları - A.M.) hökm sürmüşlər... Tanrı Türk milləti yaşasın deyə, atamızın (İkinci Göy Türk Xaqanlığının yaradıcısı Qutluğ İltəriş Xaqan nəzərdə tutulur - A.M.), əmimizin (İkinci Göy Türk İmperatorluğunun yaradıcısı Qapağan Xaqan nəzərdə tutulur - A.M.) qazandığı millətin adı, sanı unudulmasın deyə qardaşımla (İltəriş oğlu Kül Təkin nəzərdə tutulur - A.M.) sözləşdik. Türk milləti üçün gecə uyumadım, gündüz oturmadım. Kül Təkinlə, Şadlarla öləsiyə çalışdıq. Tanrı Türk milləti yaşasın deyə məni taxta oturtdu. İçdə aşsız, dışda geyəcəksiz bir qövmə Xaqan oldum" (Bilgə Xaqan kitabəsi).
Ağıllı və müdrik bir dövlət xadimi kimi Bilgə Xaqan Çinlə yaxın münasibətlər yaratmaq arzusunda olmuşdu. Lakin Çin onun bu istəyinə 300 minlik bir ordu yaratmaqla cavab vermiş, Kitanların, Tatabıların, Beşbalıqdakı Basmılların dəstəyini əldə edərək Göy Türk Xaqanlığını müharibəyə təşviq etmişdi. Böyük dövlət adamı və güclü strateq Tonyukukun planları, qardaşı Kül Təkinin qəhrəmanlığı və Bilgə Xaqanın özünün əzm, iradə və cəsarəti sayəsində 10 səfər yapılaraq Basmıllar məğlub edilmiş, Beşbalıq zəbt edilmiş, Kitanlar və Tatablar zəif duruma düşürülmüş, tək başına qalan Çin şiddətli bir zərbə ilə basqı altına alınmış, "Santan savaşı"nda (Kansu savaşı) Çin ordusu darma-dağın edilərək Çinin bir çox bölgələri ələ keçirilmiş, Türgiş xaqanlığı Göy Türk Xaqanlığına tabe edilmiş, xaqanlığın əvvəlki əzəmət və etibarı özünə qaytarılmışdı. Bu durumu dəyərləndirən o dövrkü Çin İmperatoru Huanq-Sunqun başqanlığında yapılan bir toplantı mətnində bildirilir ki, "Göy Türklərin nə zaman, nə edəcəkləri bəlli olmaz. Bilgə Xaqan qüdrətli bir hökmdardır. O, millətini sevir. Türklər də ondan məmnundurlar. Kül Təkin hərb sənətinin ustasıdır, ona qarşı duracaq bir güc bulunmaz. Tonyukuk isə mötəbər və ağıllıdır, sözü ötkün, niyyətləri də çoxdur. İndi bu üçü tam fikir birliyi anlayışı içindədir" (İqtibas Rəfik Özdəkin "Türkün qızıl kitabı"ndan götürülmüşdür. Bakı, 1992, səh. 105).
Bilgə Xaqanın dövründə Göy Türk İmperatorluğunun sərhədləri Sarı dənizə, Xəzər dənizinə, Qara dənizə (Kırıma) və Kəşmirə qədər genişləndirilmiş, Türk qövmləri bir araya gətirilmiş, İmperatorluq hərbi və iqtisadi cəhətdən xeyli gücləndirilmişdi. Ümumiyyətlə, tədqiqatçılar Bilgə Xaqan dövrünü Göy Türk Xaqanlığının "Qızıl dövrü" adlandırırlar.
Bilgə Xaqan Türk millətinin səadət və fəlakətlərindən xarici bir qüvvənin deyil, sadəcə özünün məsul olduğunu, bəylərin qüdrətli, ağıllı, ədalətli və milli şüura sahib olması və xalqın da dövlətinə sahib çıxması sayəsində bir əndişə olmayacağını irəli sürmüş, bununla da yalnız milli şüuru deyil, siyasi düşüncələrini də ortaya qoymuşdu. O, Göy Türk dövlətinin ilk quruluş və yüksəliş dövrünün üstünlüklərini anladarkən 50 il sürən Çin əsarətinin acı xatirələrini də xalqına anlatmış, dərin milli duyğularını, iztirabını və millətinin qüdrətinə də sarsılmaz bir imanla inandığını ifadə edərək millətin keçmiş tarixini gənc nəslə çatdırmış və göstərmişdir ki:
"Ey Türk və Oğuz Bəyləri, milləti, dinləyiniz! Üstdə Göy basmadığı, altda Yer dəlinmədiyi halda Sənin elini və dövlət nizamını kim pozdu? İtaətin sayəsində səni yüksəldən hakim Xaqanına və müstəqil dövlətinə pislik edən sən özün oldun. Silahlı və mizraqlı əskərlərmi gəlib səni dağıtdı və apardı? Ey mübarək Ötükən xalqı! Siz qalxıb Şərqə və Qərbə köçdünüz. Taleyiniz bu oldu ki, qanın su kimi axdı, sümüklərin dağ kimi yığıldı. Oğulların kölə, qızların cariyə oldu.
Ey Türk Milləti! Titrə və özünə dön! Sən özünə dönəndə böyük olursan" (Bilgə Xaqan Kitabləsi).
Bilgə Xaqan məsuliyyəti xalqa deyil, özünə, bəylərə və yüksək təbəqə mənsublarına yükləmiş, millətinə də çinlilərin dadlı sözlərinə, yumşaq ipəklərinə aldanmamasını, onların hiylələrinə qarşı ayıq olmalarını, Çinə gedərlərsə, əriyib yox olacaqlarını israrla bildirərək göstərmişdi ki:
"Ey Türk Milləti! Sən Ötükəndə oturub karvan və qafilələr göndərirsən, əbədi dövlətini mühafizə edirsən. Burada oturduqda sənin üçün bir qayğı olmayacaq".
Bilgə Xaqan Ötükənin mübarək bir yer, dünyanı idarə etmək üçün ən münasib bir bölgə olduğunu bildirərkən də Vətən duyğusunun şahanə bir örnəyini göstərmişdir.
Bilgə Xaqan millətinin Çin əsarətindən qurtuluşunu və İkinci Göy Türk dövlətinin quruluşunu anladarkən Tanrının Türk millətini qoruduğunu xüsusi qeyd etmiş və göstərmişdir ki:
"Tanrı Türk Millətinin adı və sanı yox olmasın deyə, atam Qutluğ (İltəriş) Xaqanı ilə anam İl Bilgə Xatunu yüksəltmiş, indi də məni taxta çıxarmışdır... Tanrı yardım etdiyi üçün ölgün milləti diriltdim, çılpaq xalqı geydirdim, yoxsul xalqı zəngin etdim, sayı azalmış milləti çoxaltdım. Türklərin başqa millətlər arasında mövqeyini yüksəltdim. Dörd yandakı millətləri sülhə məcbur etdim" (Bilgə Xaqan kitabəsi).
Məşhur alim V.Tomson göstərmişdir ki: "Bilgə Xaqanın bu ifadələri milliyətçilik tarixində misli görülməmiş ulu duyğuları və sülhsevərliyi göstərməkdədir" (V.Tomson. Moğolıstanda eski Türkce kitabeler, TM, III cild, səh. 106).
Bilgə Xaqan üsyan edən və ona qarşı savaşan Oğuz, Türkeş və Qırğızları da Türk saymış, öz millətindən olduğunu və "yanıldıqları üçün yazıq etdiklərini" bildirərkən də bir milli birlik şüuruna sahib olduğunu göstərmişdir.
Bilgə Xaqan bir ideoloji-siyasi dövlət xadimi kimi dövlətin və millətin parçalanma səbəblərini də dahiyanə şərh etmiş və göstərmişdir: "Çinlilər riyakarlıq, hiyləgərlik və qərəzçiliklə qardaşları (Oxu: Göy Türkləri, Oğuzları, Türkeşləri, Qırğızları - A.M.) bir-birinə düşürmüş, Bəylər ilə xalq arasına nifaq salmış və pozğunçuluq toxumları səpmişlər. Bu üzdən Türk Millətinin atalardan qalma dövləti zavala uğramış, bəylərin oğulları Çinlilərə kölə, ismətli qızları cariyə olmuşdu. Türk xalqı da: Mən dövləti olan bir millət idim, indi dövlətim harada? Mən xaqanı olan bir millət idim, indi xaqanım hanı? - deyirdi" (Bilgə Xaqan kitabəsi).
Bilgə Xaqan ümumiyyətlə, yabançı və xüsusilə Çin təsirlərinə çox həssas yanaşmış, bu təsirləri Türklərin əsarətinə əsas səbəb olan amillər kimi dəyərləndirmiş, millətinin milli adət-ənənəsini və mədəniyyətini mühafizə etmiş, ağıllı və uzaqgörən vəziri və qaynatası Bilgə Tonyukukun məsləhətlərinə qulaq asaraq "insanlara miskinlik təlqin edən Budda dininin" Türklər tərəfindən qəbuluna və Budda məbədlərinin tikilməsinə izin verməmişdir.
"Artıq Millətimi qayğısız yaşayacaq bir hala gətirdim" - deyən Bilgə Xaqan bundan qürur duymuş və xalqa müraciətində bildirmişdir ki: "Ey Türk Bəyləri və Milləti! Bu sözlərimi eşidiniz. Əcəba, bu sözlərimdə bir yalan varmı? Tanrı kömək etdiyi üçün taxta oturdum. Tanrı iradə etdiyi üçün millətimi diriltdim. Qardaşım və Bəylərimlə birlikdə çalışdım. Köçmüş və dağılmış xalqı topladım. Dörd yandakı millətləri nizam-intizama saldım" (Bilgə Xaqan kitabəsi). Bilgə Xaqan bu ifadələri ilə Türk gələnəyinə uyğun olaraq hakimiyyətin İlahi mənşəyi inancını təkrarlamışdı.
Səltənəti namusun timsalı hesab edən Qutluğ İltəriş oğulları Bilgə Xaqanla Kül Təkin dövlətin birliyi və qardaşlıq duyğularının üstünlüyü nəticəsində səltənət ehtiraslarına qapılmamış, əksinə Kül Təkinin təkidli və israrlı istəyi ilə Bilgə "Xaqan" olmuş, bütün yaşayışları boyu heç bir səltənət qovğasına yol verməmişlər. Özündən cəmi bir yaş kiçik olan qardaşı Kül Təkinin 47 yaşında vaxtsız ölümü münasibətilə "Orxon kitabələri"nə həkk olunan Bilgə Xaqanın üzüntüsü qardaşlıq hissinin nə demək olduğunu nəsillərə bildirməkdədir. Bilgə Xaqanın dilindən "Kitabə"yə həkk olunan bu yazıda bildirilir ki:
"Kiçik qardaşım Kül Təkin öldü. Görən gözüm görməz oldu. Bilən bilgim bilməz oldu. Zamanın təqdiri Tanrınındır. İnsanoğlu ölmək üçün yaradılmışdır. Yaslı oldum. Gözdən yaş, könüldən fəryad edərək yanıb yaxıldım... Millətimin gözü ağlamaqdan tutulacaq deyə sakındım" (İqtibas İbrahim Kafesoğlunun "İkinci Göy Türk Hakanlığı" yazısından götürülmüşdür. Bax: Türk dünyası, I cild, II basqı, Ankara, 1992, səh. 144).
Bilgə Xaqan 19 il Şad, 19 il də Xaqan olmuş, 25 noyabr 734-cü ildə xəyanət nəticəsində zəhərlənərək 50 yaşında öldürülmüşdür. Bilgə Xaqanın ölümü qardaşı Kül Təkinin acısını hələ də unutmayan Türk Millətini yasa qərq etmiş, Çin İmperatoru belə ölkəsində matəm elan edərək başsağlığı vermiş, Bilgə Xaqanın anıt qəbir daşına İmperatorun xahişi ilə bir Çincə mətn də əlavə edilmişdir.
Bilgə Xaqanın ölümündən sonra Göy Türk İmperatorluğu cəmi 10 il yaşaya bildi. Taxta çıxan oğulları Türk Bilgə Xaqan və Tenqri Xan anaları Tonyukukun qızı Pofunun sayəsində 7 il dövləti qoruyub saxlasalar da, sonrakı Ozmış və qardaşı Pomeyin öldürülməsi ilə Göy Türk Xaqanlığına 745-ci ildə son qoyulmuş, hakimiyyətə yeni bir Türk boyu olan Uyğurlar sahib çıxmışlar.
Türk tarixində bir çox xaqan "Bilgə" ünvanı daşımışdı ki, bunlardan Bilgə Xaqan və Uyğur Xaqanı Bilgə Buğu Xan kitabələrdə qeyd edilmişdir.
Son olaraq bunu da qeyd etməyi gərəkli sayırıq ki, Göy Türk Xaqanlığı "Türk" sözünü ilk dəfə rəsmi dövlət adı olaraq qəbul etməklə bütün bir millətin adını əbədiləşdirmişdir ki, bu ədəbiləşdirmənin də baş memarı Bilgə Xaqandır.
Ruhu şad olsun!
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru,dosent