Bizim pantürkistlər

17-09-2019, 08:13           
Bizim pantürkistlər
Dünyada bir neo-millətçilik dalğası kükrəyib, bilirsiniz. Başda ABŞ gəlir.

Donald Tramp “Hər şey Amerika üçün” şüarı ilə hakimiyyətə gələndən sonra panamerikanizmi dövlət siyasətinə çevirib, hətta öz dövlətinin mənafeyi üçün yaxın müttəfiqləri ilə ixtilafa girir.

Putin hakimiyyətə gələndən bəri Rusiyada yüksələn xətt üzrə inkişaf edən millətçilik arada hətta açıq faşizm səciyyəsi alır.

İngiltərənin Avropa Birliyinə tətbi etdiyi “Breksit” fəndi də sırf anqlo-sakson millətçiliyindən qaynaqlanır.

Fransa və İtaliya özlərini nə qədər başqa millətlərə, dini konfessiyalara qarşı tolerant göstərsələr də həmişə millətçiliyi ön planda tutublar.

Almaniyada 20 ildən çoxdur ki, neonasistlər yenidən güc yığmağa başlayıblar. İsveçdə, Finlandiyada, Hollandiyada, Danimarkada “vətən” və “millət” söhbətini çox qabardan partiyalar artıq seçkilərdə ikinci, üçüncü olurlar.

Serbiyanın, Macarıstanın yolu çoxdan bəllidir, amma son illərdə Polşa da onlara qoşulub, bəşəri dəyərlərdənsə, milli mənafeyə önəm verirlər.

Əslində bu çox da qəbahət bir şey deyil. Adları çəkilən dövlətlər milli dövlətlərdir, onları əsasən bir millət təsis edib. Adamlar illərlə çalışıb-vuruşub, bir düzən yaradıblar və indi onun nemətlərini, nailiyyətlərini qorumaq istəyir, başqalarıyla bölüşmək istəmirlər.

Bu baxımdan dünyanı saran neo-millətçiliyi anlamaq olar. Aşağı-yuxarı bütün ölkələrdə “başlı başını saxlasın” fikri güclənib, heç kəs öz problemlərini bir kənara qoyub, Ruandanın, Somalinin, Yəmənin ac-yalavaclarının dərdini çəkmir (humanitar təşkilatlar xaric).

Biz də bu sıradayıqmı? Bəli. Amma bizdə aşırı millətçilik, faşistlik varmı? Yoxdur. Nəinki dövlət səviyyəsində, heç cəmiyyət səviyyəsində belə bizdə iqrçilik, şövinidtlik yoxdur.

Kimlərsə orda-burda afrikalıları “qara” adlandırmağın, dəri rənglərinə vurğu etməyin iqrçilik olduğunu iddia edə bilərlər. Belə bir tendensiya var, amma onun kökündə qaradərililərə nifrət yoxdur, sadəcə, insanlar nəyə görəsə dəri rəngini hələ sovet dövründən zarafat predmetinə çeviriblər, hələ də elə gedir (Rusiyada yaşayan həmyerlilərimiz özlərini belə “qara millət” adlandırır). Burada ksenofobiya elementi olsaydı, bizimkilər qaradərili idmançılarla, sənətçilərlə, adi qonaqlarla sevə-sevə şəkil çəkdirməz və bunu sosial şəbəkədə paylaşmazdılar.

Ölkəmizdəki antiərəb ovqatının isə xeyli ciddi səbəbləri var və bu, heç də xalqımızın ksenofob düşüncələrə dalması üzündən yaranmayıb, əsasən ərəb ölkələrindən gələnlərin davranışlarına və bizə, ölkəmizə münasibətlərinə cavab reaksiyasıdır.

Bununla belə, yerli fəallar arasında vətəndaşlarımızın bir qrupunu millətçilikdə, pantürkizmdə suçlayanlar var. İlin müəyyən aylarında bu cür ittihamlar daha şiddətli xarakter alır. Bu, daha çox milli həmrəylik günü ərəfəsində, 28 May Respublika günü yaxınlaşanda, Bakının işğaldan azad edilməsi gününün ildönümlərində baş verir.

Sanki dünyanın bütün ölkələri öz milli dövlətçilik günlərini, işğaldan xilas günlərini bayram kimi qeyd edə bilərlər, amma biz bu günləri qeyd edəndə bu, millətçilik olur.

Bu xüsusda ortada bir xeyli yanlış düçüncə var. Türk birliyindən, bəzən də Turan ideyasından danışmaq heç bir halda ölkədə yaşayan milli azlıqlara qarşı deyil, tam əksinə, dünyaya hökmran olmaq istəyən böyük dövlətlərin ekspansionist siyasətinin qarşısında durmaq üçün ortaya qoyulan səfərbərlik çağırışıdır. Yoxsa Azərbaycan türkü Özbəkistan türkü ilə birləşib udinlərə, saxurlara qarşı mübarizə aparası deyil.

Əgər qəbul etsək ki, Azərbaycanda doğrudan da pantürkistlər var, onda belə bir həqiqəti mütləq qeyd etməliyik. Bizim pantürkistlərin şüarı, prinsipi “türklər başqa millətlərdən üstündür” deyil, “biz başqa millətlərdən əskik deyilik”dir. Ən böyük fərq budur.

Əslində isə bu ölkədə vətənpərvərliklə bağlı problem var. Bir xeyli əhali qrupları var ki, Rusiyaya, İrana, ABŞ-a, Avropa ölkələrinə rəğbətli, hətta müəyyən bir tellə bağlıdırlar, söz-sözü gətirəndə öz ölkələrindənsə, yadellilərin təəssübünü çəkirlər.

Onlaırn tez-tez istinad etdiyi “Türkün türkdən başqa dostu yoxdur” ifadəsi haqqında isə yüz dəfə yazılıb, bir dəfə də yazaq. Bu, I Dünya müharibəsində, Osmanlı imperiyasının dağıldığı, Türkiyənin parçalandığı dönəmdə deyilib. O zaman ordan-buradan yardım gözləyən xalqa belə bir müraciət edilib ki, bizim bizdən başqa dostumuz yoxdur, xilasımız öz əlimizdədir... Amma indi bəziləri bundan faşist şüarı düzəldiblər.

Xalid KAZIMLI
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.