Məmməd Arazın şairlik qüdrəti sözünün gücündə və hikmətindədir

13-10-2019, 14:29           
Məmməd Arazın şairlik qüdrəti sözünün gücündə və hikmətindədir
Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərlə Məmməd Araz ədəbiyyatımızın nəhəngidir. Görkəmli şair həm də milli-azadlıq ideyalı əsərləri ilə istiqlal şairi kimi əbədi şöhrət qazanıb.
“Məni şeirimdə gəz bir insan kimi, qəlbimdə nə varsa, ona demişəm. Anadan-bacıdan gizlətdiyimi, kağızdan, qələmdən gizlətməmişəm”, -deyən şair səmimi və zəngin bir yaradıcılığa malikdir. Məmməd Arazın yaradıcılığında vətən sevgisi, vətənpərvərlik, ümumiyyətlə, Azərbaycançılıq motivləri öndə gəlir. Şairin ilk sözü Vətəndən başlayıb, Vətəndə də bitir. “Ürəyimsiz kəlimə yazan deyiləm”, -deyən sənətkar bütün varlığı ilə özünü Vətənə həsr etdiyi şeirlərində əsl, nümunəvi bir vətəndaş kimi ifadə edir, xalqına bağlı olan ədib bütün yaradıcılığı boyu əsərləri ilə sanki vətəndaşlıq himnləri yaradır. Onun əsərləri ilə yaxından tanış olduqca açıq-aydın duyulur ki, Məmməd Arazın sevgisinin kökündə yalnız və yalnız Vətən dayanır.
Ana yurdum, hər daşına üz qoyum,
Hər dərəndə çaldığım saz yaşayır.
Bu misraları yazan şair üçün ana yurdu bir səcdəgah, insanı kainatın sirri-sehri, incisi olaraq əbədiyyətə qovuşduran məbədgah, məzargahdır. Xalq şairi Məmməd Araz həm də o sənətkardır ki, “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı”,-deyə vətəndaşlıq konsepsiyasını irəli sürüb. Buna görə də:
Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim.
Bu torpaqsız harda, nə vaxt, nə dərdim
Xəzanımdır, xəzanımdır, xəzanım.
-deyən şairin misraları vətəndaşlıq şəhadətinin özünəməxsus poetik dillə ifadəsidir. Məmməd Araz demək olar ki, Azərbaycan ədəbiyyatı tarixində Azərbaycanın milli istiqlaliyyəti, birliyi və ərazi bütövlüyü uğrunda öz qələmi ilə mübarizə aparırdı.
Milli poeziyamızın iftixarı olan Xalq şairi Məmməd Araz haqqında yazarkən düşünürəm ki, Azərbaycan torpağını Arazsız təsəvvür etmək mümkün olmadığı kimi, Azərbaycan milli poeziyasını da Məmməd Arazsız təsəvvür etmək mümkün deyil. Azərbaycan azərbaycanlıların şəriksiz vətəni olduğu kimi, Məmməd Araz yaradıcılığı da xalqımızın şəriksiz poeziyasıdır, ədəbiyyat, bədii düşüncə və təfəkkürünün vətənidir. Bu da ondan irəli gəlir ki, bu poeziyada hər bir oxucu öz hisslərini, düşüncə və təfəkkürünü görür, dərk edir, özünü bir çox məqamlarda Məmməd Araz yaradıcılığı ilə ifadə etmiş olur. Buna görə də ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin böyük və əvəzsiz hamisi ümummilli liderimiz Heydər Əliyev Məmməd Araz poeziyasına, onun fəlsəfəsinə və bəşəri dəyərinə çox yüksək qiymət verərək demişdir: “ Xalq şairi Məmməd Araz millətimizin mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsi yolunda yorulmadan çalışaraq qədim və zəngin ənənələrə malik milli poeziyamıza gözəl töhfələr vermişdir. Şairin dərin fəlsəfi məzmunlu lirikası çağdaş Azərbaycan poeziyasını daha da zənginləşdirmiş, Məmməd Araz istedadının, təfəkkürünün bəhrələri olan yüzlərlə şeir milyonların qəlbinə yol taparaq əbədi məskən salmışdır. Təkcə rəsmi təltifləri-xalq şairi, əməkdar incəsənət xadimi fəxri adları, Dövlət mükafatı deyil, bənzərsiz sənətindəki millilik, xəlqilik, ənənəyə sədaqət və novatorluq ona xalq məhəbbəti qazandırmışdır.”
Bu da bir həqiqətdir ki, ən böyük məslək daşı, silinməz, pozulmaz tarixi yaddaş xalqın qəlbidir, xalqın tribunasıdır. Xalqın əvəzedilməz şairi olan Məmməd Araz hələ yaradıcılığının ilk illərində yazdığı şeirlərindən birində bu həqiqətə böyük inam bəsləmiş və yazmışdır:
Elin nəfəsidir ən böyük əsər,
Duysam da, özümü öyə bilmərəm.
Yüz bülbül səsi də mənə versələr,
Elsiz bir nəğməmi deyə bilmərəm.
Ədəbiyyatımıza tükənməz el məhəbbəti, el sədaqəti ilə gələn Məmməd Araz xalq mənəviyyatının dərinliyinə vardıqca ədəbiyyat yolunun yolçusu oldu.
Zamanın kəsişən və kəsişməyən nöqtələrində bütün ömrü boyu “hər adi ölçüyə, ülgüyə gəlməyən” Məmməd Araz ədəbiyyata, böyük poeziyaya bütöv Vətən kimi baxırdı. Çünki hər bir xalqın Vətəninin sərhədləri onun sözünün sərhəddindən başlanır və bu sərhədlə də bitir. Sözün sərhəddində xalqın mənəviyyatından, onun fikir və düşüncəsinin gücündən mayasını tutur. Məmməd Araz böyük sözün – Vətənin sərhəddində həmişə alınmaz bir səngər, basılmaz ordu gücünə malik olan söz mülkünün tacidarıdır.
Bildiyimiz kimi, hər bir şairin, eləcə də yaradıcılıqla məşğul olan hər bir insanın ədəbi və əzəli bir ilham mənbəyi var. Xalqımızın əvəzedilməz şairi olan Məmməd Arazın isə başlıca ilham mənbəyi tarixi minilliklərə söykənən və tarix səhnəsində həmişə öz sözü, mövqeyi olan Azərbaycanımızdır. O Azərbaycan ki, “Qayalarda bitən bir çiçək, çiçəklərin içində qayadır”, o Azərbaycan ki, onun “Hər daşından alov dilli ox ola bilər” və o Azərbaycan ki, məqamında kükrəyən, məqamında “yatmış qoca vulkandır”.
Ümummilli liderimiz Heydər Əliyevin fəxr və qürur hissi ilə bütün gəncliyimizə təlqin etdiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” milli və mənəvi düşüncə tərzi Məmməd Araz poeziyasının mayasını, ana xəttini təşkil edir.
Məmməd Araz da bütün xalqına, millətinə, həmçinin bu millətin, bu Vətənin əzəli və ədəbi düşmənlərinə üzünü tutaraq böyük cəsarətlə deyirdi:
Azərbaycan deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.
Şair bütün dünyaya səs salan bu şeirində ürəkdolusu vurğuladığı “Azərbaycan”, “ana yurd” ifadələrini o qədər ustalıqla işlətmişdir ki, bu ifadəni ancaq Məmməd Araz kimi bir fədakar qələm sahibi, yurduna hər şeydən çox bağlı olan bir insan bu cür qəlibləşdirə bilərdi. Azərbaycan elə ana yurd, ana yurd da elə Azərbaycandır. Amma bu bədii simvolik vahid bir-birini o qədər tamamlayır ki, ruh canı, can da ruhu tamamlayan kimi.
Təbiətə, Vətənə, dağa-daşa, torpağa, suya qəlbən bağlı olan Məmməd Araz nədən yazırdısa yazsın, şeirlərində həmişə xalqın mənəviyyatına, kökə, ilkinliyə, təbiiliyə daha çox arxalanırdı. Bunu onun cilid-cilid kitablara sığdırdığı şeirlərini, poeziyalarını nəzərdən keçirdikdə daha yaxşı duya bilərik. Bütün bunlarla yanaşı, yüksək vətəndaşlıq mövqeyi, ideyalılıq və xəlqilik də onun yaradıcılıq yolunu müəyyənləşdirən başlıca keyfiyyətlərdəndir.
Şairin əsərlərini oxuyarkən hər bir oxucuya məlum olur ki, onun qəlbi ancaq xalqla döyünürmüş, xalqın bu günü və sabahı onu hər şeydən daha çox maraqlandırarmış. Və elə bu cəhətdən də şairin əsərlərinin əsasən lirik qəhrəmanı zamanın, əsrin övladıdır. Dünyada gedən təzadlı hadisələrə, həyatdakı mənfiliklərə qarşı son dərəcə həssas olan bu qəhrəman eyni zamanda sevən, sevilən, torpağa, insana bağlı adamdır. O, yüksək zövqlə yazılmış əsərlərində daim cəsarət, mərdlik, dostluq hissləri aşılayır, insanları gələcəyə inam duyğusu ilə yaşamağa, insanı kamilliyə, ucalığa səsləyirdi. Şairin bir çox şeirləri, eləcə də poemaları hələ əllinci illərin axırlarında ədəbi ictimaiyyətin diqqətini cəlb etmiş, onun yaradıcılığı barədə maraqlı mülahizələr söylənilmişdir. Müxtəlif illərdə nəşr olunan “Sevgi nəğməsi”, “Üç oğul anası”, “Araz axır”, “Anamdan yadigar nəğmələr”, “Ömür karvanı”, “İllərdən biri”, “Oxucuya məktub”, “Aylarım, illərim” şeir kitabları oxucular arasında böyük şöhrət qazanmışdır.
Yurdumuzun sevilən şairi olan Məmməd Arazın yaradıcılığında bitib-tükənməyən Vətən sevgisi yaşayır. Bu sevgi elə bil ki, sözlərlə heykəlləşir, misralarla əbədiləşir. O, Azərbaycanın və azərbaycanlıların varlığı üçün Vətənin bir zərrəsinə, bir əlçim buluduna, balaca mamırına çevrilməyi özünə xoşbəxtlik sayır. Vətənə layiqli oğul olmaq istəyi onun yaradıcılığına həmişə gün işığı salıb. Bəlkə elə Məmməd Araz dünyasından keçən yolu nurlandıran, işıqlandıran da bu istəkdir- böyük vətəndaşlıq sevgisidir.
Vətəni daş kimi, yosunca sevmənin nəğməsini yaradan Məmməd Arazın şeirlərində Azərbaycan dili, sözün əsl mənasında, hünərdir. Bu mənada, Məmməd Arazın yaradıcılığında sözlər sanki böyük bir yükü daşıyan incə, zərif bir kərpic kimi dəqiq yerləşib.
Onun yazdığı bütün şeirlərdə hər bir misrasını oxuyub qurtarsan da, misrada fikir sərhədsizdir, sonsuzdur. Zamanın ruhu sanki bu sərhədlərdə keşik çəkir. İnsan həyatının saf, gözəl, canlı aynası olan Məmməd Araz poeziyası sanki zamanla dialoq kimi oxucunu öz arxasınca çəkib aparır. Bu poeziya hər bir oxucunun könül dünyasını təsirləndirir, öyrədir, hərəkətə gətirir, həqiqətə doğru istiqamətləndirməyə yönəldir.
Xalq şairi Məmməd Arazın kamil, müdrik, mübariz sənəti yaşayır və xalqımızın daha böyük üfüqlərə doğru müasir inkişafına uğurlu xidmət edir.
1933-cü ilin 14 oktyabrında uca dağlar qoynunda yerləşən Nursu kəndində dünyaya göz açan Məmməd Araz 2004-cü il dekabrın 1-də əbədi olaraq söz dünyasından və oxucularından ayrılaraq həyata göz yumdu. Nəsillərə nümunə olan şairin yadigar qalan kitabları, poeziyası indi də təzə-tərdir. Elə buna görə də Məmməd Araz poeziyası dünən olduğu kimi, bu gün də ölümsüzdür. Bəlkə də bu ölümsüzlüyü şairin ruhu da duymuşdu. Çünki ona olan məhəbbətin, yaradıcılığına verilən qiymətin bariz nümunəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 8 iyun 2013-cü il tarixdə “Xalq şairi Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında” və həmin il iyun ayının 28-də “Xalq şairi Məmməd Arazın Ev Muzeyinin yaradılması haqqında” Sərəncamlar imzalandı. 2014-cü ildə şairin doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində Ev Muzeyi istifadəyə verildi.
naxcivanxeberleri.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.