Molla Pənah Vaqifin öldürülmə səbəbi
31-10-2019, 08:43
Əhməd Bəy Cavanşir
Ağa Məhəmməd şah Qacar Şuşada öldürüldükdən sonra Qarabağ xanlığını İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy idarə edirdi. İbrahim xan Qarabağ dağlarında gizlənir və Şuşaya qayıtmağa ürək eləmirdi.
Bir gün Məhəmməd bəy imarətində, pəncərə önündə oturub Bazarbaşı meydanına tamaşa edirmiş. Birdən əynində yapıncı olan bir kürdün tələsik İrəvan darvazasına sarı yürüdüyünü və dönüb tez-tez də hürkək baxışlarla arxasına baxdığını görür.
Məhəmməd bəy şübhələnir, deyir, bu gediş elə-belə gediş deyil. Adam göndərir, kürdü gətirirlər, soyundururlar, çarığının içindən məktub çıxır.
Məktubu Molla Pənah Vaqif İbrahim xana yazmışdı. Yazmışdı ki: “Məhəmməd bəy oturub sənin taxtında xanlığı idarə edir. Onun qəsdi səni və sənin yaxın adamlarını öldürmək, maneələri aradan qaldırıb səltənəti ələ keçirməkdi. Durma, gəl”
Məhəmməd bəy məktubu oxuyur, qəzəbdən od püskürür, əmr edir: Molla Pənahı və oğlu Əli ağanı həbs edib Cıdır düzündən - Xəzinə qayasından kəlləsi üstdə aşağı atsınlar.
Ata və oğulu həbs edirlər, gözlərini bağlayıb payı-piyada dağlara tərəf aparırlar. Molla Pənah çox yaşlı idi, qocalıb taqətdən düşmüşdü, ayaqlarını zorla çəkib aparırdı. Cıdır düzünə qalxan yoxuşda ayaq saxlayır, üzünü oğluna çevirib deyir:
- Oğlum, bizi hara aparırlar?
Oğul Əli ağa cavab verir:
- Ata! Bizi o yerə aparırlar ki, çoox-çoox adamlar sənin fitvanla həmin o yerdən kəlləsi üstdə uçuruma atılıb.
Molla Pənah daha yeriyə bilmir, dizləri qırılır, yerə çökür… elə həmin yerdə hər ikisini boynunu şaşka ilə vururlar… elə oradaca quyulayırlar…
Molla Pənah Vaqif ağıllı və hiyləgər adam idi. O, ağılsız və qəddar xanın etimadını qazanmış, onun ən əziz əyanı - çuğulu olmuşdu. Vaqifin pıçıltıları ilə çox günahsız adam həmin ucurumdan aşağı yuvarlanmışdı.
Son vaxtlar İbrahim xan xəstə idi, həm də qocalmışdı, çəkdiyi can əzabı onu təngə gətirmişdi. Xan bir gün Molla Pənaha ağrı- acılarından gileylənir, ondan məsləhət istəyir. Molla Pənah İbrahim xanın şəfası üçün Allaha əl açacağına, çarə istəyəcəyinə söz verir.
Ertəsi gün Molla Pənah sevinclər və nurlar içində xanın hüzuruna gəlib deyir:
- Xan sağ olsun, dağlarda dua etdiyim yerdə göylərdən bir nida gəldi. Qeybdən gələn o səs ərz etdi: dan yeri söküləndə xan Kahaya gəlsin. Cənab Cəbrayıl göylərdən enəcək və xanın dərdinin əlacını özü öz dili ilə deyəcək.
Bu müjdə xanı hədsiz sevindirir, ümid verir və dirçəldir.
Xan və molla lazımı işləri görüb - qüsul alıb, təmiz alt paltarı, gözəl üst libası geyinib yola düzəlirlər.
İbrahim xan və Molla Pənah sübh açılmadan zikr edə-edə Kahaya girirlər.
Xan ürək çırpıntıları ilə mağaranın dar yolunu tutur. Molla Pənah xanı bir az da irəli, kahanın dərinliklərinə aparır.
Kaha qaranlıq və vahiməliydi, göz-gözü görmürdü... qorxudan insanın bağrı yarılırdı.
Birdən Kahanın vahiməli dərinliklərindən inilti, nalə, nəfəs qarışıq əcaib bir səs yüksəlir. Xan və molla zikrin cəzbi içində Allaha həmd-səna edərək yerə düşüb səcdəyə gedirlər.
Nəhayət, Kahanın ənginlərindən bəyaz qanadlı Cənab Cəbrayıl görünür... və ilahi bir səslə buyurur:
- Hər gecə bir bakirə qızla yat... bu, sənin bütün dərdlərinə... əlac edər...
Deyirlər, xan Cənab Cəbrayılın tövsiyəsinə əməl edir.
Kahadakı Cəbrayıl isə Molla Pənahın curlarından imiş...
Əhməd Bəy Cavanşiriin məqaləsi Mehriban Vəzirin səhifəsindən götürülüb.
Teref.az