Rejissor Rza Rzayev yazır:"BAŞQA DİLDƏ XOŞBƏXT OLANLAR..."
15-11-2019, 18:38
Rza RZAYEV
Rejissor, aktyor
Son dövrlər başqa dillərdə danışanların məsələsi gündəm yaradır, gün batıb çıxdığı kimi, bu məsələ də tez-tez görünən və görünməz olur. Adama elə gəlir ki, kimsə əlindəki çöpü hərdən istədiyi yerə uzadır və təkrar-təkrar adamlarda, istədiyi kimi, qıcıq yarada bilir.
Rus məsələsi cəmiyyətimizdə illərdir müzakirə mövzusudur, vaxtımızı çox alıb, amma hələ konkret bir fikrə gələ bilməmişik Çünki ingilis bayrağı olanlar, məsələyə fransız qalanlar problemin həllinə imkan vermir. Dövr dəyişsə də, dövran hələ də onlarındır.
Kimin hansı dildə danışması məsələnin asan tərəfidir, çətini – kimin hansı dildə başa düşməsidir. Rus məsələsinə münasibətin düşər-düşməzi ola bilər deyə, çoxları dilini saxlayır.
Hər kəsin bir anası olduğu kimi, bir ana dili də var. Ana dili məsələsi başqa dillərlə müqayisəli müzakirə mövzusu ola bilməz. Dünyanın heç bir ölkəsində belə hal yoxdu, yəni bu məsələdə başqalarından məsləhət ala bilməyəcəyik, heç məsəl də çəkə bilməyəcəyik – abrımıza qısılsaq, daha yaxşıdır.
Amma biz bütün halımızla, elə coğrafiyamızla da həmişə nadir olmuşuq. Bizdə həmişə mümkün olmayanlar olub, baş verib, yaxşıdı-pisdi, bunu zaman göstərib və göstərəcək.
Biz dərslərdən dərs çıxaran millətlərdən olmasaq da, həmişə keçmişə ilişib qalırıq, keçmişin xiffətini çəkirik, keçmişə şeir yazırıq, mahnı qoşuruq. Məsələn, “Keçən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim” kimi.
Hər açılan sabah hər keçən günə görə dözülməz olur, hər keçən gün daha da ağırlıq gətirir.
Millətlər və dövlətlər var ki, doğulduğu gündən xoşbəxt olan uşaqlara bənzəyirlər, anadan olandan əzizlənən, hər şeylə təmin olunan, valideynlərinə görə imtiyaz qazanan uşaqlar kimi…
Bu da Allahın almışlığıdı, vətənimiz dünyanın elə yerinə düşüb ki, hələ də yerində deyil. Əvvəl heç kim buranı vətən seçməyib, biz vətən edəndən sonra “matağ” olub.
Bizə düşən dünyanın bu yerində hələ də yer bölgüsü davam edir. Bizim payımıza düşən torpaqda, Allah qatında şəhadətnaməsi bizim adımıza olan ərazidə neçə-neçə yadlar özlərinə icazəsiz evlər tikib (dövlət qurub), sonra BMT-də öz adlarına sənəd çıxarıblar, sonra da üstündə ev tikdikləri torpağı böyütməyin davasını ediblər.
Bizim vətənimizin ərazisində, görün, neçə rəsmi dövlət və dövlət dili var?! Və ətrafımızı saran başqa dillər imkan vermir ki, biz öz dilimizlə nəyəsə nail olaq, çünki bizim torpaqda özlərinə ev tikən qonşularımızın hamısı başqa dillərdə danışırlar, başqa dillərdə başa düşürlər, biz hətta adımıza sənədləşmiş dövlətdə belə, onlarla onların dilində danışmağa məcburuq, onlarla ünsiyyət, rabitə olmasa, fərd olaraq dolanışığımız çətin olar. Hələ də Fərdlərimizin çoxunun gündəlik dolanışığı qonşulardan asılıdır.
Ana dilində danışan fərd uşağının qarnını doyura bilmirsə, başqa dildə danışan qonşunun gül kimi yaşadığını görəndə uşağına başqa dil öyrətməyə (təhsil verməyə) məcbur qalır, belə yaşamaqdansa, gül kimi yaşamaq üçün qonşunun dilini seçir.
Gələk, əsas məsələyə, dediklərimin yekununa, bizə dərd yaradan dərdimizə.
Anayasamız ana dilimizdə yazılıb, dövlətimizin dili də, yəni Ana dilimiz – Azərbaycan dilidir.
Bəs Fərdlər niyə başqa dil öyrənməyə qaçır? Çünki vətəndaşı olduğu dövlətin ana dilində yazılan Anayasasını oxuya bilən məmurlar çox azdır. Fərdin ana dilində Anayasasına yazılan hüquqları tanınmır, hər addımbaşı tapdanır, ana dilində yazılan qanunlar işləmir, hər addımbaşı pozulur.
Başqa dövlətdə, başqa dildə yazılan konstitusiyada hüquqların, haqların tanınırsa, qanunlar işləyirsə, fərd o dili öyrənəcək – ya o ölkələrə qaçacaq, ya ölkəsini o dövlətlərə satacaq, ya da istəyəcək ki, torpağı (vətəni) o dövlətin ərazisi olsun.
Yaşadığı torpağa dövlət sənədini (BMT) qanı bahasına almış olan fərdin hüququnu məmur hər addımbaşı pozacaqsa, fərdə fərq etməyəcək torpağını işğal edənlə onun hüququnu pozan məmurun hansı dildə danışması, hansı millətdən olması.
Nəticədə “ikinci sort” sayıldığımız dövlətlərə üz tuturuq, özümüzə sənəd düzəldirik, orada özümüzü daha rahat, azad və təhlükəsiz hiss edirik, nəinki sənədi öz adımıza olan dövlətdə.
Torpağımızın üstünü boşaltmadan istədikləri yerindən kəsib özəlləşdiriblər.
Torpağımız kimi, özümüz də lazımlıyıq onlara, bizsiz bizim torpaqlarda bərəkətin olmadığını bilirlər. Bilirlər ki, bu torpaqların dilini ancaq biz bilirik.
Vətənimizin coğrafiyası dövlətimizin ərazisindən daha böyükdür. Torpağı bizim olan, bir neçə başqa millətin adına sənədləşdirilən, hissələrə bölünən böyük vətənimizin ərazisində bu gün də yaşayırıq. Hansı dövlətdə sayımız çoxdur – həmin dövlət daha güclüdür, hansında azıq – gücsüzdür, hansında heç qalmamışıq – dövlət kimi yoxdur!
Son günlər yenə gün başımıza döyən vaxtı, günün günorta çağı günün altına tökülüşmüşdük, hər şey gün kimi aydın görünürdü, insanlar gördüklərinə inanmaq istəmirdi, hazırlıqlı polis adi bir vətəndaşı təkbaşına zərərsizləşdirə bilmir, bir neçəsi birdən adi vətəndaşa qarşı lazım olmayan, mənasız güc nümayiş etdirirdi. Adi vətəndaş haqlı olduğu üçün ağır gəlirdi, onu yerdən qaldırmağa, yerlə sürüməyə bir neçə polis güc sərf edirdi. Hazırlıqlı polis qanunu pozan vətəndaşını xətərsiz zərərsizləşdirməyi bacarmalıdır, ona polis adına yaraşmayan xətərlər yetirməli deyil.
Uniformalı polislər hamısı bizə eyni görünə bilər. Necə ki yaponlara baxanda hamısının bir anlıq “eyni” adam olduğunu görürük, biri-birindən fərqləndirə bilmirik.
Bağban bağında olan hər ağacı, bitkini ayıra bilir, sadə insanlar üçünsə ağaclar ağacdır, bitkilər bitki.
Dövlət adamının, rəhbərin işi (bütün sahələrdə rəhbər olanlar) bağban kimi öz bağında olan ağacları, bitkiləri dəqiq tanımaqdır, onları fərqləndirə bilməkdir!
Son günlər küçələrimizdən qan iyi gəlir, küçələrdə qanı su yerinə axıtmaq istəyənlər var! Çünki xalqı küçələrə çıxaran, ictimai asayişi pozmağa məcbur edən məmurlar çoxluğu var.
Obrazlı ifadə etsək, Gəmi aysberqə yaxınlaşmaqdadır. Daxili və xarici düşmənlər Azərbaycana qarşı birləşməkdədir. Durbinlə baxanlar aysberqi görsələr də, öncədən xilasedici qayıqlara əyləşənlər imkan vermirlər ki, gerçəkliklər Kapitana olduğu kimi çatdırılsın.
Məmurlar qanunları icra etmək əvəzinə, özlərindən “qanunlar” icad edirlər, ədalətsiz, vicdansız, qanuna uyğun olmayan əməlləri ilə hətta mübahisələri yaranmış vətəndaşlar arasında şəxsi qisasçılıq hissi yaradırlar.
Küçələrə çıxmaq hamıda qorxu yaradır, küçələrə çıxan, dərdini hayqıranların çoxu isə qorxulu adamlar deyil, “qorxulu” olan kabinetlərdə oturub bıçaqları itiləyib vətəndaşların əlinə verən, dövlətdən narazı salan məmurlardır. Hələ on minlərlə insan var ki, məmurların onların başlarına açdıqları “oyunları” qucaqlayıb evlərinin küncünə qısılıblar, “oyuna gəlmək” istəmirlər – Azərbaycan üçün, dövlətçiliyimiz üçün təhlükə yaranar deyə, küçəyə çıxmırlar, hayqırmırlar, səslərini içlərinə çəkib yerlərində qıvrılırlar. Yerdə qıvrılmağın da sürəsi var, ayağa qalxmaq an məsələsi ola bilər, çünki hər evdə ən azı bir insanı canlı bombaya çevirən məmurlar ordusu var!
…Həmin gün küçədə gerçəklik özünü bir daha göstərdi. Həmişə evdə başqa dilə üstünlük verənlər, başqa dildə danışmağı sevənlər, lazımsız və mənasız hərəkət edən polislərin başqa dildə danışdıqlarını söyləməyə başladılar, şaiyələr yaydılar, guya polislər ayrı dildə danışırmış (dialoq dili).
Dövlət vətəndaşla qanun dili ilə yox, başqa dildə danışanda, başqa dildə başa salmaq istəyəndə vətəndaş da məcbur olur ki, dövlətinə dil uzatsın, məmurların başqa millətə məxsus olduqlarını və başqa dildə danışdığını söyləsin.
Vətəndaş dövlətin qanun sifətini görməyəndə sifəti dönür, üzünü çevirir. Millətini dəyişə bilməsə də, dinini, məzhəbini, təriqətini dəyişir. Nurçu olur, vəhhabi olur, hizbullahçı olur. Və yeni qəbul etdiyi dini, məzhəbi, təriqəti yayan dövlətin vasitəsilə özünə dəstək qazanır. Qeyri-rəsmi həmin dövlətin vətəndaşlığını qəbul edir. Və sabah da həmin dövlətin maraqlarını Azərbaycanda həyata keçirməyə hazır dayanır.
Məmurların yanlış hərəkətləri vətəndaşlarımızı ölkəmizdə maraqları olan başqa dövlətlərin əlaltısına çevrilməyə zorlayır.
Son dövrlər Avropa dilləri rusu üstələyib, artıq rusca yaşlı sayılır, Avropa dilləri gəncləşib, daha dəyərli görünür.
Gəlin, hamımız rusca, ingilscə, fransızca, lap almanca öyrənək, onların dilində danışaq. Amma biz nə rus, nə ingilis, nə fransız, heç gürcü də ola bilməyəcəyik.
Bizə başqa dildə söz keçmir, söz daha çox öz dilimizdə kəsərlidir…
Gəlin, fərdlərimizi başqa dil ilə danışdırmayaq, başqa dildə başa salmayaq, öz dilimizdə anlaşaq, dünyanın ən gözəl dilində. Dilimizin acı olmağına baxmayaq, bu ürək ki bizdə var, yüz acını bir şirinin xatirinə keçər, Azərbaycan xatirinə, Azərbaycan naminə yeni bir bayram yaradaq, əl-ələ tutaq, dərdimizin-sərimizin, sevincimizin bir olduğunu dünyaya nümayiş etdirək. Onlar da bizim bir-birimizə qarşı olan münasibətimzdən istifadə edə bilməyəcəklərini anlasınlar!