…Kino başa çatdı, onu real müharibə əvəz etdi

15-10-2021, 13:05           
…Kino başa çatdı, onu real müharibə əvəz etdi
Bir anlıq qayıdaq aprel döyüşlərinə. Döyüşlər başlar-başlamaz sabiq cəbhəyanı kənd və rayonlarda panika hökm sürürdü. İnsanlar nə edəcəyini bilmirdi. Ən çox da benzindoldurma məntəqələrində uzun növbələr vardı. Tərtər, Ağdam, Beyləqan və Füzuli istiqamətində bu, açıq şəkildə görünürdü. Bu dəfə isə insanlar sanki müharibənin gələcəyini hiss edərək, gedən proseslərin son nəticəsinin müharibə olduğunu bilərək öncədən tədarüklərini görmüşdülər. Açığı, 44 günlük müharibədə belə bir halla rastlaşmadım.
Aprel döyüşləri zamanı insanlar, xüsusilə qadınlar bir araya yığılaraq Xocalı faciəsinin gününə salınmaqdan qorxurduqlarını açıq şəkildə deyirdilər. Açığı, aprel döyüşlərində insanlar psixoloji olaraq müharibəyə hazır deyildilər. Bu dəfə isə Xocalı adını çəkən görmədim. Sanki hər kəs inanırdı. Bəlkə də həddindən artıq texnikanın yığılması insanları ürəkləndirmişdi. Ola bilsin, kimsə gələcəkdə yazacaq, yaltaqlanmaq üçün deyəcək ki, dövlət insanları hazırlamışdı. Ancaq realda bununla bağlı heç bir iş aparılmamışdı. Hətta bomba sığınacaq məntəqələri məcburi şəkildə qazılırdı. Əhali ilə heç bir maarifləndirici söhbət aparılmamışdı. Əksinə, məcburiyyət müxtəlif şaiələrin yayılmasına yol açmışdı. Cəbhəyə çox yaxın kəndlərdən əhalinin çıxarılması belə vecsizcəsinə baş tutmuşdu. Buna görə də “Kəndlər boşaldılır”, “Kəndlər təhvil verilir” xəbərləri durmadan yayılırdı.
Düşünürəm ki, insanların 30 il səksəkədə yaşaması, bezməsi, qaçqın damğasından qurtulmaq arzusu onları birləşdirən əsas məsələlərdən biri oldu.
Tərtər istiqamətində “Kukuruznik” vurulandan sonra sanki əvvəlcədən məşq edilmiş kimi hər kəs öz öhdəsinə düşən işə baxmağa başladı.
Uzun illər idi ki, gecə döyüşlərinə, gecələr atəkəsin pozulmasına öyrəşən insanlar ilk dəfə idi ki, gündüz gözü ilə əsl savaş filmi izləyirmiş kimi prosesləri izləyirdilər. İlk gün sözün əsl mənasında, artileriya döyüşü gedirdi. Hər iki tərəf mövqeləri hədəf alır, zərbələr endirirdi, yerdəyişmələr edirdi. Təsadüfi deyildi ki, Ağdam istiqamətində ilk şəhidlər artilleristlər oldu. Artilleriya savaşı elə bir həddə çatmışdı ki, ilk günlər bəzi istiqamətlərdə ümumiyyətlə kiçik çaplı silahlardan istifadə edilmirdi, səslərinin eşidilməsi isə mümkünsüz idi.
Səxavət Məmməd












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.