Maraqlı faktlar: Kin İr Senin axtardığı aqronom– Noviçenko onun həyatını xilas edib, Koreya qəhrəmanı olub.
10-12-2021, 11:06
1984-cü ilin may ayında Şimali Koreya lideri Kim İr Senin SSRİ-yə rəsmi səfərinə hazırlıq işləri görüləndə, səfər çərçivəsində keçiriləcək tədbirlər planlaşdırılarkən baş katib Konstantin Çernenkoya məlumat verilib ki, Kim İr Sen səfər zamanı Yakov Noviçenko adlı bir sovet vətəndaşı ilə də görüşmək istəyir.
Çernenko bu şəxsin kim olduğunu müəyyənləşdirməyi DTK-ya həvalə edib. Bir neçə saat ərzində Yakov Noviçenkonun kimliyi və harada yaşaması müəyyənləşdirilərək baş katibə məruzə edilib...
Maraqlıdır, xarici dövlət başçısının sıravi bir sovet vətəndaşı ilə görüşmək arzusu hansı səbəblərdən yaranıb?
Milliyətcə ukraynalı olan Yakov Noviçenko 1914-cü ildə Novosibirskin Travnoye kəndində anadan olub. Natamam orta təhsil aldıqdan sonra əvvəl kolxozda çoban, daha sonra dəmiryol stansiyasında fəhlə işləyib. 1938-ci ildə Noviçenko hərbi xidmətə çağrılıb, altı aylıq hərbi piyadalar kursu keçdikdən sonra xidmətini Uzaq Şərqdə davam etdirib, sovet-yapon müharibəsinin iştirakçısı olub. 1946-cı ildə Noviçenko Koreyada döyüşən sovet qoşunlarının tərkibində Pxenyanda olub. Həmin ilin martın 1-də o, şəhərin baş meydanında Yaponiya rejiminə qarşı 1 mart xalq üsyanının 27-ci ildönümü münasibətilə keçirilən nümayişdə iştirak edib. Kiçik leytenant Noviçenko komandiri olduğu bölüklə meydan tribunasının mühafizəsində dayanıb.
Nümayiş iştirakçılarını salamlamaq üçün Kim İr Sen başda olmaqla yerli kommunist liderləri və yüksək çinli sovet hərbçiləri tribunaya qalxıblar. Nümayişin başlamasından bir-neçə dəqiqə sonra meydandan keçənlərin arasından bir nəfər çıxaraq tribunaya qumbara atıb. Qumbara öz hədəfinə çatmayıb. Noviçenko böyük cəldliklə onu göydə tutaraq sinəsinə sıxıb. Saniyələr ərzində böyük partlayış baş verib. Qan içində olan Noviçenkonu dərhal xəstəxanaya çatdırıblar. Həkimlərin səyi nəticəsində kiçik leytenantı xilas etmək mümkün olub.
Partlayışdan ciddi zədə alan Noviçenko bir əlini itirib, bir gözündə görmə qabiliyyəti on faizə düşüb. Həkimlər onun sağ qalmasını möcüzə sayıblar. Əslində Noviçenkonun əsas xilaskarı həkimlər yox, şinelinin altında, sinə tərəfdə saxladığı kitab olub. Kitabın cildi dəridən olduğundan qəlpələr onun ürəyinə çatmayıb.
Bir müddət müalicədən sonra Noviçenko ordudan tərxis olunaraq yaşadığı Travnoye kəndinə qayıdıb, Novosibirsk Aqrar İnstitutunda qiyabi təhsil alıb, aqronom işləyib.
Noviçenko Pxenyan hadisəsi haqqında ancaq öz yaxın yoldaşlarına danışıb. Onlar da öz növbəsində həmkəndlilərinin qəhrəmanlığını kənddə yayıblar. Kənd sakinləri onun qəhrəmanlığını fantaziya kimi qiymətləndiriblər. “Qəhrəman ulduzunu döşəyin altında gizlətmisən?” deyə, ona tez-tez sataşıblar.
Hətta Noviçenko kolxoz sədri vəzifəsinə keçmək istəyəndə, Novosibirskinin birinci katibi buna qəti etirazını bildirib:
“Xalqı aldadan yalançı qəhrəman kolxoza rəhbərlik edə bilməz. Bu, bizim tərəfimizdən yolverilməzdir...”
İllər ötüb, düz 38 ildən sonra Noviçenkonun qəhrəmanlığı öz təsdiqini tapıb. 1984-cü ilin mayın 13-də DTK əməkdaşları Noviçenkonun yaşadığı evə təşrif buyurublar. Ona bildirilib ki, dörd gündən sonra o, Kim İr Senlə görüşəcək.
Koreya lideri SSRİ-yə zirehli qatarla gəlib. Qatar yolüstü Novosibirskdə dayanıb. Böyük izdihamın arasında Kim İr Senlə Noviçenko görüşüblər.
Noviçenkonun qızı Tatyana mətbuata müsahibələrində həmin görüşü belə xatırlayıb:
“Atam üçün qara “QAZ-24” göndərmişdilər. Bir neçə nəfər DTK əməkdaşı da həyətimizə gəlmişdi. Görüşə bütün ailə üzvlərimizlə getdik. Həmin həssas anları sözlə ifadə etmək çətindir. Olduqca səmimi bir görüş keçdi. Sonda Kim İr Sen atamı ailəsi ilə birlikdə Koreyaya dəvət etdi. 1985-ci ildə atam, anam, bacım və mən Kim İr Senin qonağı olduq. Koreyada bizi ağılasığmaz dərəcədə böyük bir təntənə ilə qarşıladılar. Həmin səfərimiz zamanı Koreya lideri atamı öz ölkəsinin ən ali mükafatı, “Koreya qəhrəmanı” ordeni ilə təltif etdi. Xarici vətəndaşlardan yalnız iki nəfər bu mükafatla təltif olunmuşdu, atam və Fidel Kastro. Atam haqqında Koreyada film də çəkildi. Atamı SSRİ-də çoxları tanımasa da, Koreyada hamı tanıyırdı. Onun adı orta məktəbdə tarix dərsliklərinə salınmışdı.
Ən yaddaqalan hadisələrdən biri isə odur ki, həmin ərəfədə bəzi koreyalılar soyadını Noviçenko ilə əvəzləmişdilər. Hər il Şimali Koreyadan bizə hədiyyə bağlamaları göndərilir. Bu günə qədər də biz hər il bu ölkəyə dəvət alırıq. Bu görüşdən sonra atama münasibət tam dəyişmişdi. Ona Novosibirskinin mərkəzində mənzil vermişdilər. Atama bir neçə vəzifə də təklif olunmuşdu. Ancaq o, kənddən başqa yerə getməyi, şəhərə köçməyi heç ağlına gətirmirdi. Ömrünün sonuna kimi kənddə də yaşadı...”
1987-ci ildə Pxenyanda Yakov Noviçenkoya abidə ucaldılıb.
Novicenko 1994-cü ildə, Kim İr Sendən altı ay sonra vəfat edib. Hər ikisinin vəfat etməsinə baxmayaraq, sonralar Şimali Koreya liderləri, Kim Çen İr və Kim Çen In Noviçenkonun ailəsi ilə əlaqələri kəsməyiblər.
Bu günə qədər də hər il Noviçenkonun doğum günündə, aprelin 28-də Koreyanın Moskvadakı səfirliyinin əməkdaşları onun Travnoye kəndindəki məzarını ziyarət edirlər, ölkələrinin lideri adından məzar üstünə əklil qoyurlar.
İlham Cəmiloğlu.
Teref.az