Ənənələr ölkəsində şər cəngavərləri - Səfər Alışarlı yazır...

14-12-2021, 00:00           
Ənənələr ölkəsində şər cəngavərləri -
Mirzə Cəlilin Azərbaycan Demokratik Cümhuriyyətinə münasibəti prinsipial maraq və əhəmiyyət kəsb edən məsələdir. Ədibin hələ sovet dövründə nəşr olunmuş külliyyatındakı “Cümhuriyyət” adlı məqalə bu baxımdan qiymətlidir. 1917-ci ilin baharında “Axın” qəzetində çap olunmuş bu məqaləsində o yazırdı: “Padşahlıq taxtından yıxılan Nikolayın zalım və xain idarəsi dağılandan sonra Rusiya məmləkətində yaşayan millətləri və o cümlədən də biz müsəlmanları məşğul edən tək bircə məsələdir: həmin məsələ cümhuriyyət məsələsidir...
Əgər bizdə insanlıq hissi hələ ölməyibsə – və güman edirəm ki, ölməyib, – o vədə gərək uca səs ilə cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın cümhuriyyət!”
Birinci Respublikanın süqutunadək, eləcə də bütün ömrü boyu müstəqil cümhuriyyət ideyasına sevgi ilə yaşayan Mirzə Cəlilin məqalənin sonunda qeyd etdiyi “cümhuriyyət qəhrəmanlarına” da sevgisi öz sabitliyində və dəyişilməzliyində qalmışdımı? Bəs cümhuriyyətin iki ilində bu məhəbbət və diqqətin qarşılığı necə, vardımı, olmuşdumu?
1920-ci ilin aprelində bolşeviklər Azərbaycanı işğal etdikdən sonra Mirzə Cəlil ailəsilə birlikdə Təbrizə mühacirətə getməyə məcbur olmuşdu. Orada sığınacaq olaraq “Molla Nəsrəddin”in məşhurluğu və yazıçının inqilabçı qardaşı Ələkbərin ciddi əlaqələri vardı. Mirzə Cəlilin tədqiqatçısı akademik İsa Həbibbəyli Ələkbəri “ticarət işlərində ailənin yaxın köməkçisi”, “məşrutə hərəkatında Səttar xanla birgə mübarizə apardığını” qeyd etməklə Mirzə Cəlil ailəsinin cənuba həm soykök, həm də mənəvi bağlılığını diqqətə çəkir.
Şuşadan Təbrizə qədər Ələkbərin rəhbərliyi altında keçdikləri yolda baş verən təhlükə dolu səhnələri, qaçaq-quldur dəstələrinin törətdiyi soyğunçuluq və qətlləri Həmidə xanım öz xatirələrində müfəssəl verib. Karvanın yol sərgüzəştləri həm də binə olaraq möhkəmlənə bilməyib çadır kimi dağıdılmış müstəqil Azərbaycan dövlətinin xarabalıqları üzərində cinayətkarlığın çiçəklənməsi, qarətçi erməni, rus dəstələri ilə başqa antimilli ünsürlərin yaratdığı hüquqi cəhənnəmin təsadüfən formalaşdırılmadığına işarədir. Xatirələrində Həmidə xanımın bir maraqlı qeydi də var. O, 1919-cu ilin qışını belə xatırlayır: “Doktor Mehmandarov parlamentin sədri Həsən bəy Ağayevdən mənim Şuşadan parlamentə üzv seçilməyimlə bağlı təklif haqqında teleqram almışdı. Mirzə Cəlilin də, mənim də o hökumətə hüsn-rəğbətimiz yox idi, ona görə də təklif cavabsız qaldı”.
Məlum olduğu kimi, cümhuriyyətin süqutundan xeyli sonra qələmə alınmış bu xatiratda Həmidə xanımın konyunktur səbəblərdən ailəsində “o hökumətə” hüsn-rəğbətin olmadığını yerli bolşeviklərin – Mircəfər Bağırovun, Ruhulla Axundovun, Səməd Ağamalıoğlunun, Çingiz İldırımın və başqalarının diqqətinə çatdırmaq məramına inanmaq bir qədər çətin olsa da, onu tam inkar etmək mümkün deyil.
Bəs niyə Mirzə Cəlilin və Həmidə xanımın ADR hökumətinə hüsn-rəğbəti yox idi? Bu sualın bütöv tutumunu deyil, hətta mənasının üçdən birinə belə cavab axtarmaq özlüyündə maraqlı və vacibdir. Ola bilər ki, yazıçının tədqiqatçıları bu məsələni öz məqalələrində necəsə izah ediblər. Mən apardığım müqayisəli təhlil nəticəsində gəldiyim qənaətləri artıq 30 ildir ki, müstəqil dövlətdə yaşayan bugünkü oxucu ilə bölüşməyə çalışıram.
Onu da deməliyəm ki, bəzi qələm sahibləri bu gün yeri gəldi-gəlmədi Azərbaycan bədii nəsrinin böyük ustadı Mirzə Cəlilin yaradıcılığını mətbuatda, sosial şəbəkələrdə təftiş etmək, onun dayandığı mənəvi yüksəkliyə kölgə salmaq cəhdlərilə sanki Ramiz Mehdiyevlərdən, Rövnəq Abdullayevlərdən, Kəmaləddin Heydərovlardan, Siyavuş Novruzov və başqa məlum funksionerlərdən ala bilmədikləri qisası almaq istəyirlər. Bütün ömrü boyu müstəmləkə zülmü və dini xurafatla mübarizə aparmış yazıçıya qarşı onların dilində səslənən ittihamlar gülüncdür: Mirzə Cəlil orijinal deyil, məsələn, Qurbanəli bəyi ukraynlardan, Xudayar bəyi gürcülərdən kopyalayıb. Yazıçı əsərlərində çadrasını atan mübariz qadınımızın, müdrik el ağsaqqalı mollaların, hələ də Azərbaycanın gələcəyinə işıq saçan ziyalılarımızın bədii obrazlarını yaratmamaqla kolloboranist olub. Bir vətəndaşımız Mirzə Cəlilin çar dövründə Culfa gömrük məntəqəsini özəlləşdirdiyini də yazmışdı. Bütün bunlara çox qısa cavabı yazıçının ikicə hekayəsi - “Poçt qutusu” və “Usta Zeynal”lın yüksək bədii estetik dəyərilə vermək olar. Ancaq irəli gedib dövrün ədəbi mənzərəsinə diqqət edək.
Həmidə xanımın xatirələrinin tərcüməçisi, redaktoru və naşiri hörmətli yazıçı Mehriban Vəzir qeyd edir ki, 70-dən çox dəftərə yazılmış xatirələrin ayrı-ayrı vərəqləri əlyazmadan cırılaraq çıxarılıb. Xatirələrin birinci tərcüməçisi mərhum alim Abbas Zamanov öz dövrünün sərt tələblərinə əməl edərək nəşrində bu məsələlərə birbaşa münasibət bildirməyib. Güman etmək olar ki, xatirələrdən çıxarılmış vərəqlərdə, Mehriban xanımın dediyi kimi, ADR-ə aid nələrsə olub və bu nələrsə, təbii ki, milli hakimiyyəti bolşeviklərdən yaxşı mənada fərqləndirib.
Cəlil Məmmədquluzadənin hekayə, pyes, məqalə və felyetonlarındakı ədəbi estetika, tematik özünəməxsusluğun milli qayəsi və parlaq yaradıcılıq istedadı onun Birinci Respublikaya münasibətini müstəqil dövlət hakimiyyətinin siyasi məzmunu və mahiyyətilə deyil, həm də o dövləti qurmaq istəyənlərin və onu təmsil edənlərin ədəbi-bədii yaradıcılığı ilə tutuşdurmağa imkan verir. Onların arasında Mirzə Cəlilin çox yaxşı tanıdığı yazıçılar, şairlər, publisistlər də az deyildi. Məhəmməd Əmin Rəsulzadə, Mirzəbala Məmmədzadə, Əhməd Bəy Ağayev, Əli bəy Hüseynzadə, Nəriman Nərimanov, Hüseyn Cavid, Məhəmməd Hadi, Əhməd Cavad, Cəfər Cabbarlı, Abdulla Şaiq, Üzeyir və Ceyhun Hacıbəyli qardaşları, Yusif Vəzir Çəmənzəminli, Salman Mümtaz, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Əliqulu Qəmküsar, Firudin bəy Köçərli, Məmməd Səid Ordubadi və başqaları cümhuriyyət dövrünü də əhatə edən Azərbaycan ədəbiyyatını yaratmış müəlliflərdir. Bu şəxslər, heç şübhəsiz, dövrünün böyük ziyalıları, Azərbaycan xalqını maarifli, mədəni və elmli görmək istəyən fədakar insanlar idi. Məhz buna görə sonralar onların, demək olar ki, hamısının həyatı faciə ilə başa çatdı. Rus hökuməti 1991-ci ildəki ikinci süqutundan sonra da onlara bu milli istiqlal davasını bağışlamadı. Onların intiqamını Qarabağda qan içində boğduğu Azərbaycan xalqından, dünyaya pərən-pərən səpdirdiyi Azərbaycan ziyalılarından aldı. Əgər onlardan kiminsə adına küçə, teatr, məktəb-filan verildisə, əgər kiməsə Bakının mərkəzində Cəfər Cabbarlı, Nəriman Nərimanov kimi heykəl ucaldıldısa, bunlar yerli rəhbərliyin çox böyük izahat işindən, siyasi bəzək-düzəyindən sonra mümkün oldu. Çünki zamanlarda şəxsiyyət dəyərliliyinin yeganə ölçü meyarı rusa sədaqətli xidmət idi. Dövr və ona xidmət haqqında bir qədər sonra Cavid publisistik aşkarlıqla deyirdi: “Yurdu sarmış qabalıq, yaltaqlıq, Yüksəliş varsa, səbəb alçaqlıq”.
Birinci Dünya müharibəsindən sonra bu yazıçıların çoxu Rusiya imperiyasının dağıldığını görərək siyasi fəaliyyətlə məşğul olmağa başlamışdı. Onların önündə gedənlər arasında “Əsrimizin Siyavuşu”nun müəllifi Məhəmməd Əmin Rəsulzadə, “Bakı uğrunda mübarizə” pyesinin müəllifi Mirzəbala Məmmədzadə, “Şiəlik və onun mənbələri”, “İslamda qadın” kitablarının müəllifi Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov və başqa şəxsiyyətlərin getdiyi məlumdur.
Bir yazıçı, dramaturq olaraq Cəlil Məmmədquluzadə öz “Molla Nəsrəddin”i, orada nəşr etdiyi hekayə və məqalələri, lağlağı və karikaturaları ilə həm ölkədə, həm də yaxın şərqdə məşhur idi. Hətta “misilsiz məşhur idi” demək də olar. Mirzə Cəlil dövrünün ən uca bədii nəsr zirvəsində dayanmışdı. “Aşağıda qalmış ədəbi üfüqlərdə heç bir rəqabət hissiyyatı onu narahat etmirdi”, - belə də demək olar. Ancaq bu heç də onun şöhrətinin başqalarını narahat etməməsi anlamını vermirdi. Ədəbi rəqabət bir yana, onu Qarabağın Danabaş kəndində öldürməyə də cəhd etmişdilər.
Azərbaycanda həqiqi istedad şöhrəti həmişə təhlükəli olub. Psevdoistedad ənənələri ölkəsinin bəzi şər cəngavərlərilə müqayisədə Salyeri heç kimdir. Ramiz Rövşən də yəqin ki, onları nəzərdə tutaraq deyir: “Bir-iki babat şeir yazmışıq, onu bizə bağışlamayacaqlar”.
Həmidə xanım yazır ki, karvanla Təbrizə doğru gedəndə Arazın o tayında gecələməyə dayandıqları hər bir vilayət şəhərində imkanlı, səlahiyyətli adamlar onlardan o şəhərdə qalmağı, jurnalın nəşrini orada davam etdirməyi xahiş etməklə Mirzə Cəlilin saqqızını oğurlamağa çalışırdılar. Ancaq Mirzə “Təbriz” deyib dururdu.
Qeyd edildiyi kimi, məqalədə məqsəd son dərəcə ağır tarixi şəraitdə oturuşmağa macal tapmamış müstəqil dövlətin ədəbi siyasətini araşdırmaq deyil, dövrün ədəbi-bədii panoramındakı bəzi reallıqlara baxmaqla milli-demokrat yazıçıya münasibət haqda müəyyən nəticə çıxarmaqdır. Bədii nəsrin yaradılması prosesi külli-əfkara ilk baxışdan asan görünsə də, əslində, çox incə mətləbləri özündə ehtiva edən mürəkkəb zehni-psixoloji, ədəbi prosesdir. Aşığın gördüyünü çağırması - oxuduğundan nəsə öyrənmək məqsədi güdən oxucu üçün çox da maraqlı olmur. Bunun dərinliyinə getmədən deməliyəm ki, bədii ədəbiyyatın ən mühüm göstəricilərindən biri orada əks olunan mətləblərin böyüklüyü deyil, bəlkə də əksinə, kiçikliyi, adiliyi və sadəliyidir. Dahiyanə nə varsa, sadədir. “Bədii əsər” iddiası ilə ortaya çıxan hər bir yazıya milli-mədəni təzahür nöqteyi-nəzərindən baxmaq vacibdir. Əsər predmetə, hadisəyə yeni mənalı baxışın tapıntısı və mücəssəməsitək qiymətli ola bilər. Məhz belə yanaşması və əsl sənətkar baxışı ilə Mirzə Cəlil Azərbaycan nəsrini dayaz siyasi, mənəvi deklamasiya, səviyyəsiz hırıltı, anekdot və tapmaca mərəzindən qurtarıb onu adi həyat parçasının, adi insan hisləri və hərəkətlərinin mənalı, boyasız bədii inikası kimi ifadə edə bilmişdi.
Dövrün ədəbi-bədii kalitesini müəyyən etmək üçün “Kəmalüddövlə məktubları” ilə “Poçt qutusu”, “Usta Zeynal” hekayələri və hər iki müəllifin pyesləri ilə müqayisə edilə biləcək janr məhsulları tələb olunur. Xrestomativ ədəbiyyat kataloqunda məlum səbəblər üzündən dəyər verilmiş əsərlərin əksəriyyəti ədəbi estetika baxımından özünü doğrultmayan siyasi-publisistik, sosial gurultu və bağırtılarla doludur. Ad çəkməyə ehtiyac yoxdur. Hətta “türklük, islamçılıq və müasirlik” kimi siyasi-ideoloji konseptual postulatın özü belə “Xandostu, amandı, qoyma gəldi”, “Oxutmuram, əl çəkin!” kimi “Molla Nəsrəddin” karikaturalarının və mətnlərinin açdığı milli rəzalətin fonunda reallıqdan xeyli aralı görünür.
Cümhuriyyət dövrü yazarları arasında Mirzə Cəlil kimi və ya onunla bərabər Qori Müəllimlər Seminariyasını bitirənlər də vardı. Rus imperiya məkanında dəbdə olan mənəvi tələblərdən biri də nadir milli nailiyyət olan müəllimin təkcə məktəbli uşaqları deyil, bütün xalqı maarifləndirəcək nəsr və dram əsərləri yazması və onları səhnələşdirməsi idi. O baxımdan nə demək olar? Onlardan əvvəl, XIX əsrin ortalarında bu missiyanı Qafqaz canişini qraf Yermolov Tiflisdə təsadüfən öz dəftərxana işçisi Mirzə Fətəli Axundovun boynuna qoymuşdu və demək lazımdır ki, bu dinsiz tatar öz təklifi və tapşırığı ilə dövrünün peyğəmbər münəccimliyini etmişdi. Doğrudur, həmin dövrdə rus ədəbiyyatında Puşkin və Qoqoldan başqa ciddi bir imza hələ yetişməmişdi. Ancaq məkana həm fransız, həm də rus dilində gəlmiş Avropa ədəbiyyatı ilə yanaşı, bunların da gənc müəllif Mirzə Fətəliyə yaradıcılığın texnoloji məsələlərini həll etməsinə böyük kömək etdiyini yəqin ki, tərəddüdsüz söyləmək olar.
Milli və bəşəri mövzuları müəyyən qədər özündə ehtiva etməyə çalışan, çox vaxt buna sadəlövh, maraqsız sxemlər üzrə nail olan adi kasıblıq faciələrilə dolu ədəbiyyatının yerinə 1920-ci ildən sonra ucdantutma sovet xoşbəxtlik ədəbiyyatı gəlməyə başladı. Bu, əlbəttə, özündən əvvəlkindən də pis idi. Mirzə Cəlil özünün böyük şəxsiyyəti və sabitqədəmliyi ilə hər ikisində istisna idi. Ədəbiyyatımızda belə “pişik bəzəməsi” 1960-cı illərə qədər davam etdi. “Xruşşov yumşalmasının” altmışlarında ənənələr ölkəsindən cəmi iki yazıçımız bu acınacaqlı təqlidçi və cahil ədəbi siyasət mənzərəsinə M.Qorki adına Ədəbiyyat İnstitutunun pəncərəsindən baxaraq Azərbaycan ədəbiyyatına yeni inkişaf yönü verməyə müvəffəq oldu. Onlardan biri mərhum İsa Hüseynov, ikincisi Əkrəm Əylislidir.
1919-cu il cümhuriyyət üçün son dərəcə ağır il olsa da, Birinci Respublikanın taleyində yeganə tam və bütöv ildir. Axtarsaq, yazıçılarımızın 1918-1920-ci illərdə harada olduqlarını, hansı dövlət işlərini yönləndirdiklərini də müəyyən edə bilərik. Mirzə Cəlil 1918-ci ili, demək olar ki, Qarabağda əkinçilik məşğuliyyətlərində keçirib. Həmidə xanım öz xatirələrində həmin ilin sonunu belə qələmə alıb. “1918-ci il dekabrın ilk günlərində Mirzə Cəlil kənd təsərrüfatı işlərini bitirib dincəlmək üçün Şuşaya, bizim yanımıza gəldi. O dedi ki, “Anamın kitabı” adlı yeni bir pyes yazmağa başlayıb, həmin pyesi burada başa çatdırmaq istəyir; bunun üçün ona əməlli-başlı qulaq dincliyi və rahatlıq lazımdır”. Pyesin yazılma dövründə, əksər müəlliflərdə olduğu kimi, Mirzə Cəlildə də bəzi məcaz şıltaqlıqları baş qaldırır. Həmidə xanım deyir ki, otağımdan çıxıb qızların yanına köçdüm ki, Mirzə Cəlil oradan kabinet kimi istifadə etsin. Sonra ədib kamança çalmaq istədiyini bildirir və Həmidə xanım şəhərin erməni məhəlləsindən ona 5 min manata sədəfə tutulmuş kamança alır və Baxşı adlı bir musiqiçini Mirzəyə dərs verməyə dəvət edir. Sonra Mirzə deyir ki, ona lüğət kitabları lazımdır, Həmidə xanım İran padşahının qaçırılmış kitabxanasından bu və başqa kitabları da tapıb aldırır. Xanım yazır ki, “Mirzə Cəlil bu kitabları görəndə sevindiyindən başını itirdi və bütün fikri-xəyalı ilə onlara qapıldı”.
Bədii əsər olaraq “Anamım kitabı”nda mətnarxası siyasi məzmun qabarıqdır. Bu, Cəlil Məmmədquluzadə üslubu üçün bir o qədər də xarakterik deyil. Dövrün siyasi qaynarlığından gəlir yəqin ki... Diqqət yetirdim, ədəbiyyatşünaslığımız bu əsəri “azərbaycançılıq manifesti” və başqa akkumulyativ terminlərlə vəsf edir. Hətta onu cümhuriyyətin süqutuna ağı kimi dəyərləndirənlər də var. Ancaq deyilib ki, ədəbi şedevrin yaradılması üçün təkcə istedadın mövcudluğu yetərli deyil. İstedad əsər üçün zamanı tutmağı da bacarmalıdır. İstedad və zaman ayrılmaz vəhdətdədir. Mənə elə gəlir ki, Mirzə Cəlil “Anamın kitabı”ndan başqa bütün əsərlərini irəli getməyən, Danabaş kəndinin palçıq hasarlarının dibinə tökülüb toz-torpaq altında qalmış, onun son nöqtəsini qoymağını gözləyən ölü zaman sükunəti içində yazıb. O səbəbdən sonrakı zamanların rəng və səsləri bu materiyaya daxil olub onu içəridən dağıda bilmir.
Məlumdur ki, cümhuriyyət qurucularının əksəriyyəti ölkədən xaricdə, xüsusilə Rusiyada təhsil almış şəxslərdir. Və məlumdur ki, heç bir dövlət gecə salamat yatıb, səhər dağılmış halda yuxudan oyanmır. 1919-cu ildə Azərbaycanın şimal sərhədləri yaxınlığında Denikin ordularının yaratdığı mürəkkəb vəziyyət vardı. Ya onlar, ya da onları əzməyə gələn bolşevik ordularının Azərbaycana soxulacağı regional zərurət kimi ortaya çıxmışdı. Aşağıda İran və Türkiyə beynəlxalq imperializmin basqısı altında can verirdi. Cümhuriyyətin bu davadan salamat qurtara bilməyəcəyini Mirzə Cəlil kimi məlumatlı və həssas adam görməyə bilməzdi. Odur ki, “Anamın kitabı” pyesinin bilavasitə bu situasiyalara işarə ilə yazıldığını iddia etmək mümkündür. Bu, bir yazıçı qisasçılığı və düşmənçiliyi yox, ifadə olunmuş ədəbi-bədii baxış və fəlsəfi improvizasiyadır. Mirzə Cəlil milli materiala o qədər bağlı bir yazıçı idi ki, qələmə aldığı hər şey əsər bitən kimi öz obyektini tapırdı. Onun ədəbi qəhrəmanlarının və personajlarının hamısı birbaşa reallıqdan virtual mətnə transformasiya edilərək məişət cəfəngiyatından təmizlənmiş, hazır bədii obrazlar kimi görünürlər.
Həmidə xanım yazır ki, Təbrizdə “Molla Nəsrəddin”in 8 sayını buraxan Mirzə Cəlil redaksiyaya verilən təşkilati dəstəkdən və tirajın sürətli yayımından çox məmnun qaldı. Lakin bu yerdə ədibə Tehrandan məktub gəldi ki, İran hökuməti onu maarif sahəsində məsul bir işə dəvət edir. Bunun ardınca müstəqil Azərbaycan dövlətini devirmiş bolşevik hökuməti Mirzə Cəlili Bakıya dəvət edərək onun maarif naziri olmasını istədi. Xeyli fikirləşən Mirzə Bakıya qayıtmağı qət etdi. Həmidə xanım yazır ki, Mirzə Cəlil özünün dövlət məmuru ola biləcəyinə lağlağı ilə yanaşırdı. Xatirələrdə qeyd edilir ki, Təbrizdə onlarla vidalaşmaq üçün evə 400-dən çox adam gəlmişdi, Təbriz dəmiryol vağzalında isə ümumiyyətlə böyük izdiham yaşanırdı. Əlbəttə, bu, Mirzə Cəlilin, onun hər cür təhdid və təqiblərə sinə gərərək məsləkdaşları ilə birlikdə nəşr etdiyi jurnalın populyarlığı idi. Cümhuriyyətin heç bir lideri, eləcə də heç bir Azərbaycan yazıçısı o zaman belə məşhurluğa və şöhrətə sahib deyildi. Bütün bunların arxasında isə Mirzə Cəlilin böyük istedadla yazdığı, bu gün də Azərbaycan ədəbiyyatının incilərindən sayılan bədii əsərləri və xalqına sevgisi dururdu.
Yuxarıda qeyd etdiyim ki, bəzi yoldaşlar bu gün Mirzə Cəlili layiqli din xadimi, mübariz Azərbaycan qadını, vətənpərvər Azərbaycan ziyalısı obrazları yaratmamaqda günahlandırmağa və guya bu “kolloboronistliklə” onun müstəmləkəçi rus hakimiyyətinə xidmət etdiyinə özlərini inandırmağa çalışırlar. Gülünc ittihamlardır, əlbəttə. Birinci, yazıçının yazmadığını yox, yazdığını müzakirə edərlər. XIX əsr bütövlükdə, XX əsr ilk onilliyilə bütün dünya ədəbiyyatında tənqidi realizm dövrüdür. Ruslar bu dövrdə yaranmış milli ədəbiyyatı “qızıl əsr”in məhsulu adlandırır və heç kimin ağlına da gəlmir ki, soruşsun: Niyə Qoqolun, Qriboyedovun, Ostrovskinin, Dostoyevskinin, Saltıkov-Şedrinin əksər qəhrəmanları mənəviyyatca eybəcər, yaramaz və zəlil insanlardır? Mirzə Cəlilin qəhrəmanları Xlestakov, Çiçikov, Marmeladov, Karamazov, Kabanixa və başqaları ilə müqayisədə ictimai yaramazlığın və sosial dəyyusluğun heç birinci mərhələsinə də yüksələ bilməyiblər. Onlar savadsız zırramalardır və sadəcə siyasi quruluşun, milli hüquqsuzluğun, bir sözlə, müstəmləkə zülmünün zəlil etdiyi bədbəxt, pasibansız insanlardır. Onlar müstəmləkəçiliyin Azərbaycan xalqının alnına damğa kimi basdığı kölə təbəə nümunələridir. Xalqa bundan böyük daha hansı xidməti göstərmək olardı?
Mirzə Cəlil neyləsin ki, onun yaşadığı dövrdə kütləvi şəkildə ölkəni basmış mənəviyyat alverçilərinin, xəfiyyə agentlərinin əlində islam kimi mübariz və ədalətli dini təlim insanları xurafata və cəhalətə sürükləməklə zülmə boyun əyməyə, daim ağaların itaətində durmağa səfərbər edib! Bu məkrli xurafatı və milli korafəhmliyi “Ölülər” qədər ifşa edən, xalqı qəflət yuxusunun dərinliklərindən tərpədən başqa bir sanballı əsər ədəbiyyatımızda varmı?
Səfər Alışarlı
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.