Əbdürrəhman Vəzirovun real portreti

12-01-2022, 11:39           
Əbdürrəhman Vəzirovun real portreti
TEREF.AZ: Azərbaycan KP MK-nın Birinci Katibi Əbdürrəhman Vəzirov barədə oxuduğum, tək mənfi cəhətlərini yox, müsbətləri də qeyd edən, ona görə obyektiv portretinə ən yaxın yazını Xalid Kazımlı 10 il əvvəl yazıb, linkini yerləşdirirəm.
Öz sözüm də var. İndi Vəzirovun ölümüylə bağlı yazılan tərifli postlar, məqalələr obyektivlikdən çox uzaqdır və əsasən yerliləri tərəfindən yazılır. Bəli, həqiqətən mədəni, demokratik adam idi, rüşvətxor, talançı deyildi, xalqın puluna əl uzatmadı – bunlar hamısı doğru. Həqiqətən də az deyil, xüsusən indi gördüyümüzün fonunda.
Amma “Əsil kommunust idi, kommunist ideologiyasına inanırdı” sözləri Vəzirovun ağlına, adekvatlığına şübhə doğurur, çünki – A. naiv adam siyasi karyera qurub birinci katib ola bilməzdi. B. 1980-cı illərin sonuna bəzi həyatdan uzaq, naiv romantik istisnalarla kommunist ideologiyasına inanan adam qalmamışdı artıq. O cümlədən 80-cıillərin sonunda yüksək vəzifələrdə işləyənlər arasında. O başqa söhbətdi ki, xeyli adam özünü kommunist ideologiyasına inanan kimi göstərirdi və bu “inamla” dolanırdı, elə indiki ideoloğiyaya guya inananlar kimi.
Yerlipərəst deyildi fikri barədə aşağıda ayrıca yazacam. Camaata bağ üçün torpaq sahəsi payladı, Gəncədə aeroport tikdirdi-filan kimi sözlər-fikirlər onun siyasətdə buraxdığı səhvləri, öz xalqı qaşısında günahını və cinayətlərini yuya bilməz . Bağ torpaq sahəsi payladı, aeroport tikdirdi kimi tutarqalar ciddi arqument deyil, heç olmasa ona görə ki, Heydər Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin Birinci Katibi işləyəndə daha çox və böyük tikinti aparıb. Bəlkə onun da fəaliyyəti bu səbəbə müsbət qiymətləndirilməlidi? Bağ üçün torpaq sahələri başqa katiblərin vaxtında da paylanıb, Vəli Axundov, Heydər Əliyevin vaxtında da.
Öz doğma dilini nəinki incəliklərinə qədər, heç fərli bilməyən, danışanda, ərli arvada "Uşağın ki`mnəndi?", yəni "Kimlə (evdə) qalıb?" əvəzinə "Uşağın kimd`əndi?" deyən, bu kimi kobud və gülünc səhvlər buraxan və buna görə gülüş, istehza hədəfi olan Vəzirov sayaq adam necə ölkə başçısı olmaq iddiasına düşə bilərdi? Və ya necə buna razılıq verə bilərdi? İdarə etdiyi adamların dilini bilməyən kəs olsa-olsa canişindir, artıq yox. Əslində bütün MK katibləri canişin olub, amma daha bu dərəcədə xalqdan uzaq və gülüş hədəfi yox da...
Onun siyasətdə naşı olmağından yazırlar, amma məncə o adicə idarəçilikdə, sadə adamlarla münasibətdə naşı idi, siyasətdə yox. Vəzirovun necə komsomol lideri olduğunu bilmirəm, ola bilsin, yaxşı olub. Amma o dönəmdən çox vaxt keçməsə də, illər ərzində insanların sovet ideologiyasına münasibəti, elə özləri də çox dəyişmişdi, Vəzirov bunu nə dərəcədə anlayırdı, bilirdi?
Siyasətdə o Moskva tərəfindən qarşısına qoyulan vəzifəni icra edirdi, bir addım da kənara çıxmadı, Ermənistan və Gürcüstan katiblərindən fərqli olaraq. Vəzirov 2 ildən az, amma çox önəmli, təlatümlü 1988-89-cu illərdə respublikaya başçılıq etdi. Ermnistandan 200 000 azərbaycanlı sürgün olunanda, öldürüləndə, qarət olunanda, işgəncə veriləndə, qulağı kəsiləndə Qarabağdan bizimkilər sıxışdırılıb çıxarılanda, erm-lərin çox da gizli olmayan, müharibəyə şıdırığı hazırlığı gedəndə adekvat siyasət yürütmək lazım idi. Eləmədi. Ən azı Bakıdakı qəzetlərə yazmaq imkanı vermək, Moskvaya dalbadal şikayət etmək, haray salmaq lazımdı. Qəbul olunmayan istefa ərizəsi yazmaq yox, artıq istefayla hədələmək, şantaj eləmək, bunu bacarmasa Moskva qabağında ağlamaq lazımdı. Bəs əvəzinə Vəzirov nə edirdi?
Azərbaycan mətbuatı qonşularımızın Qarabağa təcavüzü məsələləri haqqında susurdu, iki mediadan başqa. “Gənclik” jurnalı və “Molodyoj Azerbaydjana” qəzetindən başqa. Vəzirov “Molodyoj Azerbaydjana” qəzetinin baş redaktoru Nəcəf Nəcəfovu vəzifəsindən çıxardı və qəzeti susdurdu. Nəcəfin vaxtında qəzet insanlara Qarabağ həqiqətlərini danışırdı, gözünü açırdı. Vəzirovu tərifləyən və Qarabağ təssübü çəkən yazar həmkarlarımı bu faktın üzərində düşünməyə dəvət edirəm. Məmməd İsmayılın rəhbərlik etdiyi, mənim də işlədiyim “Gənclik” jurnalına toxunmadı – jurnal ayda bir dəfə çıxırdı, hadisələri operativ işıqlandırmağı çatdırmırdı və üstəlik buraxılışı, hər nömrəsi 3 (!) ay gecikirdi...
Vəzirov özü isə Qarabağa qonşuların təcavüzüdən danışmırdı, erm-lərlə dostluq etməyin vacibliyindən danışırdı! “Sizə bir şad xəbər verəcəm, erm-lər qayıdır!” dedi, öz nüfuzunu nə qədər aşağı saldı! Hamam-tualet tikməyin vacibliyindən, kompüterin faydasından danışırdı. Belə mövqe və siyasət nə anlama gəlir? Ölkə rəhbəri bu dərəcədə naiv, sadəlövh, daha doğrusu səfeh, axmaq ola bilərmi? Amma yox, Vəzirov naiv, sadəlövh, axmaq deyildi, sadəcə belə tapşırıq almışdı Moskvadan, onun siyasətini yürüdürdü, elə bunun üçün də təyin olunmuşdu. Moskva isə Qarabağı məhz mütərəqqi, rüşvət almayan, mədəni, özünü sadə, demokratik aparan qarabağlı birinci katibin dövründə və əliylə qonşu respublikaya vermək istəyirdi! Düzgün, ağıllı, düşünülmüş plandı, bu halda qarabağlılar daha asan razı olmalıydılar. Görün indi nə qədər adam, yerliləri ona rəhmət oxuyur?..Təsəvvür edin, o vəzifədə, Birinci Katib olanda nə qədər yerlisi onu dəstəkləyirdi, hərəkətinə, siyasətinə bəraət qazandırırdı?..
Amma Vəzirovun belə xalqa zidd siyasəti artan gərginlik fonunda, artıq yaranmış AXC hərəkatı fonunda gec-tez iflasa uğramalıydı, uğradı da.
Ə.Vəzirovun təmiz adam olmasından, rüşvət almamasından da xeyli yazan var. Ola bilər, amma bircə fərqli fakt deyim. O vaxt, Bakıda şirkət, kiçik müəssisə yaratmaq, geydiyyatdan keçirmək özü böyük problem idi, ya yuxarıdan güclü tapşırıq lazım idi, ya da böyük rüşvət. Elə o dövrdə böyük və çox imkanlı AzEl - Azərbaycan Elektronikası şirkəti yarandı. İmkanlarını Nizami küçəsində, mərkəzdəki bahalı binada yerləşən bir böyük mağazası, 26-lar bağının yanında, elə o cür binada yerləşən baş ofisi göstərir. Bu şirkətin Azərbaycana gömrük haqqı ödəmədən (!) o vaxtlar od qiymətinə olan kömpüter, ofis texnikası və s. gətirmək hüququ verilmişdi. Özü də monopol (!) hüquq. AzEl-in rəhbərliyindən tutmuş katibə qızlarına kimi çoxusu, bəlkə də hamısı yəhudilər idi. Olsun, bu məsələdə millətçilik eləmirəm.
Amma Vəzirovun müdafiəçiləri nəzərə alsın ki, Əbdürrəhman müəllimin arvadı yəhudi idi, xanımın milliyyəti bu işin təmənnasız olmadığının, qohumbazlığının, yerlibazlığının bir göstəricisidir. Kimsə bunun sübut olmadığını və təmənnasız baş tutduğunu iddia edərək məni də naiv, sadəlövh sayacaqsa, AzEl-in az qala bircins milli tərkibini nə ilə izah edir? Gömrük rüsumlarından monopol azad olunmasını nə ilə izah edir? Bu da təmənnasız olub?! Ölkəni inkişaf etdirmək üçün? ????
Belə olan halda başqa kompüter idxalçılarından, kişik şirkətlərdən niyə gömrük rüsumu alırdılar? Onların idxal etdiyi kompüterlər ölkəni inkişaf etdirmirdi? Yoxsa Azərbaycan KP MK Birinci Katibi Əbdürrhman Vəzirovun xəbəri yox idi, ona görə?!..
Yerliçilik pis şeydi, bunu hamı bilir artıq. Amma demokratik düşərgənin nümayəndələri bunu, bəlkə özləri də bilmədən, ya da bilə-bilə edəndə daha pis, eybəcər görünür. Etməyin!
Çingiz Sultansoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.