"Aliyevşina", yaxud "Naxçıvan Klanı" - siyasət dəllallarının yorulmadan 50 ildir oxuduğu bayatı
15-01-2022, 12:25
AZƏRBAYCAN SİYASİ TARİXİNDƏ HEYDƏR ƏLİYEV ERASI!
V YAZI
Dəyərli oxucular, yazı dizimizin ötən bölümündə o yerdə qalmışdıq ki, sabiq MK 1-ci katibi, bu günlərdə dünyasını dəyişən Əbdürrəhman Vəzirov kitabında Heydər Əliyev dövrüylə bağlı faktları bilərəkdən saxtalaşdırır. Vəzirov yazır ki, Heydər Əliyev ucdantutma hamını tutduğu vəzifədən uzaqlaşdırır, onların yerinə öz yaxın adamlarını - yerlilərini (naxçıvanlıları), dostlarını və qohumlarını təyin edirmiş.
Əvvəla, qeyd edim ki, 13 illik Heydər Əliyev iqtidarını çox dərindən araşdırsam da, onun yüksək vəzifə tutan heç bir qohumunun adına rast gəlmədim. Doğrudu, onun iki yaxın qohumu - kiçik qardaşı Aqil Əliyev və dayısı nomenklatur vəzifə tutublar. Aqil müəllim bir müddət Tibb İnstitutunda partiya təşkilat katibi, dayısı isə "İnturist" mehmanxanasının direktoru vəzifəsini tutub. Ancaq bu iki vəzifə MK-nın və DTK-nın nomenklaturasında olsa da, 1-ci dərəcəli nomenklatur vəzifə sayılmırdı. Yəni, tam məsuliyyətlə deyə bilərik ki, Heydər Əliyevin idarəçiliyində proteksiya və traybalizm əlamətləri olduğunu iddia etmək, bunu qabartmaq, sadəcə olaraq, şantaj və böhtandan başqa bir şey deyil. Əslində bu iddianı ortaya atmaqla bədxah qüvvələr Heydər Əliyevdən öncəki cinayətkar rejimin - "Şuşa klanı" adlanan siyasi qruplaşmanın əməllərini gizlətməyə çalışırlar. Bu qüvvələr elə başa düşürlər ki, davamlı olaraq 13 illik regional klançılıq, Heydər Əliyev proteksiyası və Naxçıvan traybalizmi haqda nağıllar danışmaqla həqiqətləri gizləyə biləcəklər. Amma unudurlar ki, həqiqətlər arxivlərdə qorunub saxlanır, bir gün bu həqiqətləri hər kəs biləcək.
Yazımızın əvvəlki bölümlərində respublikada 1969-cu ilə qədərki situasiyanı təhlil edib, ölkənin siyasi panoramasını diqqətinizə çatdırmışdıq. Belə bir dövrdə iqtidara gələn Heydər Əliyev, şübhəsiz ki, vəziyyətdən başlıca çıxış yolunu çürümüş rejimdən xilas olmaqda görürdü. Bunun üçün ilk növbədə köklü kadr islahatlarına gedilməliydi. O da məhz bunu etdi. Ancaq bu, heç də o demək deyildi, bir regionun hakim mövqe tutan bütün kadrlarını digər regionun kadrlarıyla əvəz etmək vəziyyətdən qurtulmaq deməkdir. Sizlərə təqdim edəcəyim həmin dövrün siyasi kadrosunun siyahısından görəcəksiniz ki, bu kadroda Qarabağ, Gəncə və Bakı regionlarını təmsil edənlər yenə də üstünlük təşkil etsələr də, demək olar ki, Azərbaycanın hər bölgəsi hakimiyyətdə təmsil olunubmuşlar. Tam məsuliyyət hissiylə deyə bilərəm ki, 1920-ci ildən bəri heç bir dövr həmin 13 illik dövrlə müqayisə oluna bilməz. Mən 1969-1982-ci illəri Azərbaycan siyasi tarixinin QIZIL ERASI adlandırardım. Həmin dövr əsil Azərbaycan hakimiyyəti dövrü olub. Siyaıdan da bunu görə biləcəksiniz.
Heydər Əliyev teymurquliyevlərin, əlixanovların, qambayməmmədovların çirkin rejimini diz çökdürdü, ancaq o rejimdə təmsil olunan heç də bütün kadrları bir kənara atmadı. Heydər Əliyev çox gözəl anlayırdı ki, o klanın özünün daxilində də yetəri qədər təcrübəli və dəyərli kadrlar var, onlardan ölkənin rifahı üçün istifadə etmək lazımdı. Etdi də...
Məhz elə bu səbəbdəndir ki, Heydər Əliyevin 13 illik hakimiyyəti dönəmində Qarabağ və Gəncə regionundan olan kadrlar üstünlük təşkil edirdilər. Çünki bu regionların nümayəndələri 30 il idi ki, hakimiyyətdə idilər, böyük idarəçilik təcrübələri vardı. Heydər Əliyev o klanları ələkdən keçirdi, ən təmizlərini, bacarıq və təcrübə sahibi olanları nəinki vəzifələrində saxladı, hətta daha irəli çəkdi və onlardan Azərbaycanın inkişafı üçün istifadə etdi. O, hakimiyyətin idarəçiliyində Bakı intilgensiyasına da geniş yer verdi və beləliklə, hakimiyyət piramidasında regional balansı qoruyub saxladı. Digər tərəfdən, Gürcüstan, Qərbi Azərbaycan kökənli soydaşlarımıza da hakimiyyət iyerarxiyasında kifayət qədər yer verdi, Cənub və Şimal bölgələrini, Aran zonasını da yaddan çıxarmadı. Həmin dövrün siyasi kadrlarına ötəri baxış etnik faktorun da nəzərə alındığını göstərir. Bu iqtidarda hər kəs təmsil olunub - türk, tat, ləzgi, talış, kürd, rus, ukraynalı, gürcü, ingiloy, avar, saxur... hər kəs. Araşdırmalar apardığım zaman diqqət çəkən xüsusi bir məqam da oldu: yeni kadrların yetişməsi üçün Ali Partiya Məktəbinə və Rusiyanın müxtəlif təhsil ocaqlarına göndərilənlər əsasən hakimiyyətdə az sayda təmsil olunan regionlardan olub. Heydər Əliyev bununla Azərbaycanın bütün azərbaycanlıların olduğunu göstərmək istəyirdi və buna böyük ölçüdə nail oldu.
Hələlik təhlil və analizlərimizi burada saxlayıb, dövrün siyasi hakimiyyətində təmsil olunan kadrlarının siyahısı ilə sizləri tanış etmək istəyirəm. Siyahı çox uzundur. Bir qismini bu yazıda verirəm, ardını növbəti yazımızda diqqətinizə çatdıracağam. Əvvəlcə, şərti olaraq "1-ci kateqoriya nomenklatur vəzifələr" adlandırdığım postları tutmuş şəxslərin siyahısı ilə sizləri tanış edirəm. Bu kateqoriyaya MK katibləri, MK büro üzvləri, MK şöbə müdirləri, Ali Sovet və Nazirlər Sovetinin yüksək vəzifəli şəxsləri, nazirlər, onların müavinləri, respublika əhəmiyyətli baş idarə və komitə sədrləri, trest müdirləri və s. vəzifələr daxildi. Buyurun, uzun illərdi "Naxçıvan klanı" deyilən 13 illik hakimiyyətin yüksək kadrosu ilə tanış olun...
***
HEYDƏR ƏLİYEV - Azərbaycan KP MK-nın 14 iyul 1969-cu il tarixli plenumu respublika partiya komitəsinin I Katibi vəzifəsinə xüsusi xidmət generalı Heydər Əliyevi seçdi. O dövrün qaydalarına görə, eləcə də Konstitusiyanın 6-cı maddəsi əsas götürülərək, hakim partiyanın rəhbəri faktiki olaraq respublikaya da rəhbərliyi həyata keçirirdi. Beləliklə, Heydər Əliyev göstərilən tarixdən 13 dekabr 1982-ci il tarixə qədər, 13 il 5 ay müddətinə Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərlik etmişdir. Heydər Əliyev 1923-cü ildə Azərbaycanın ən ucqar guşəsində - Naxçıvan şəhərində anadan olub.
Hakimiyyətə gəldikdən sonra Heydər Əliyev öz komandasını formalaşdırdı. Bu komandanın ən yüksək eşolonunda təmsil olunanlar aşağıdakı şəxslərdir.
***
AZƏRBAYCAN KP MK-nın BÜRO ÜZVLƏRİ
10-12 mart 1971-ci ildə keçirilən Azərbaycan Kommunist Partiyasının növbəti - XXVIII qurultayında KP MK-nın yeni bürosu seçildi. Yeni büroda aşağıdakı şəxslər təmsil olunurdular:
1) HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV - Azərbaycan KP MK-nın 1-ci katibi;
2) QULİYEV DANİL PİRİ OĞLU - 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub. 1961-70-ci illərdə Bakı Ali Partiya Məktəbinin rektoru olub. 1970-71-ci illərdə Ali və Orta İxtisas Təhsili naziri vəzifəsinə təyin olunub. 1971-ci ildə Azərbaycan KP MK-nın İdeologiya üzrə katibi seçilib. Elə bu vəzifəsinə görə, həm də büro üzvü seçilib;
3) İBRAHİMOV ƏLİ İSMAYIL OĞLU - əslən Qubadlı rayonunun Balahəsənli kəndindəndir. 01 oktyabr 1913-cü ildə Rusiyanın Zabaykalye vilayətində anadan olub. 1948-70-ci illərdə MK katibinin müavini, MK Sənaye və Nəqliyyat şöbəsinin müdiri, Dövlət Plan Komitəsinin sədri, Nazirlər Soveti sədrinin 1-ci müavini kimi bir çox yüksək vəzifələrdə işləyib. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Nazirlər Sovetinin sədri seçilib və 1981-ci ildə təqaüdə çıxana qədər bu vəzifədə çalışıb;
4) İBRAHİMOV HACIAĞA XƏLİL OĞLU - 1923-cü ildə Bakı şəhərində anadan olub, əslən gəncəlidi. 1970-81-ci illərdə Azərbaycan KP MK-nın katibi vəzifəsini tutub. Bu vəzifəyə qədər bir çox yüksək vəzifələrdə çalışıb. MK katibi olmamışdan öncə 10 il müddətində Naxçıvan Vilayət Partiya Komitəsinin 1-ci katibi vəzifəsini tutub;
5) İBRAHİMOV İSMAYIL ƏLİ OĞLU - 31 dekabr 1915-ci ildə Naxçıvanın MSSR-in Ordubad şəhərində anadan olub. 1970-78-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini olub. Heydər Əliyevin hakimiyyətinin ilk 10 ilində 1-ci kateqoriyadan olan nomenklatur vəzifəyə (bu vəzifələrin sayı 100-ə yaxındı) təyin olunan 3 naxçıvanlıdan biridi;
6) KƏRİMOV ƏLİ HƏBİB OĞLU - 20 sentyabr 1919-cu ildə Bakı şəhərində anadan olub. Heydər Əliyevin dövründə Bakı Şəhər Partiya Komitəsinin 1-ci katibi seçildi. Əvvəllər daxili işlər naziri, MK katibi, Nazirlər Soveti sədrinin müavini, Xalq Nəzarət Komitəsinin sədri kimi böyük vəzifələr də tutub. Heydər Əliyev dövrünün son illərində Dövlət Əmək Komitəsinin sədri vəzifəsini tuturdu;
7) KOZLOV SERGEY VASİLYEVİÇ - 1923-cü ildə Rusiyanın Penza şəhərində doğulub. 1968-77-ci illərdə Azərbaycan KP MK-nın II katibi vəzifəsini tutub;
???? OLİFİROV FYODOR AKİMOVİÇ - 1918-ci il Ukrayna doğumludu. 1966-73-cü illərdə Hava Hücumundan Müdafiə Qoşunları Bakı Dairəsinin komandanı olub;
9) SEYİDOV HƏSƏN NEMƏT OĞLU - 16 avqust 1932-ci ildə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində anadan olub. Heydər Əliyevin dövründə əvvəlcə KP MK-nın Sənaye və Nəqliyyat şöbəsinin müdiri təyin olunur. 1971-81-ci illərdə KP MK-nın katibi vəzifəsini tutur. Sonra isə Nazirlər Sovetinin sədri seçilir və 1989-cu ilə qədər bu vəzifədə qalır;
10) XƏLİLOV QURBAN ƏLİ OĞLU - 15 noyabr 1906-cı il tarixdə Cənubi Azərbaycanın Ərdəbil şəhərində anadan olub. O, Heydər Əliyevə qədər də bir çox yüksək vəzifələr tutub. Məsələn, tikinti materialları sənayesi, yerli sənaye və maliyyə nazirliklərinə rəhbərlik edib, Bakının vitse-meri olub, Azneftə rəhbərlik edib. Yəni idarəetmədə böyük təcrübə toplayıb. 1969-cu ildə birbaşa Heydər Əliyevin istəyilə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin sədri seçilib və 1985-ci ilə qədər bu vəzifədə olub. Şəxsən söhbətimiz zamanı Heydər Əliyev deyirdi ki, Qurban Xəlilovun bu vəzifəyə gətirilməsində onun təşəbbüskar olması Cənub məsələsinə diqqətindən qaynaqlanırmış.
ALİYEVŞİNA, YOXSA QIZIL ERANIN QIZIL KADROSU?
RÜSTƏMZADƏ SÜLEYMAN ƏLİABBAS OĞLU (SÜLEYMAN RÜSTƏM) - 12 mart 1906-cı ildə Bakıda, Novxanı kəndində anadan olub. 01 iyul 1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin sədri vəzifəsinə seçilib. O, bu vəzifədə irəvanlı Topçubaşovu əvəz edib;
HEYDƏROV ARİF NƏZƏR OĞLU - Əsli Qubadlı rayonunun Gürcülü kəndindən olsa da, özü 28 iyun 1926-cı ildə Ağdaş rayonunda doğulub. 19 mart 1970-ci ildən 29 iyun 1978-ci il tarixə qədər Azərbaycan SSR daxili işlər naziri vəzifəsini tutub. Qubadlılı-ağdaşlı Arif Heydərov bu vəzifədə yeraz (zəngəzurlu) Məhəmməd Əlizadəni (bu şəxsin adını yadda saxlayın) əvəz edib. Arif Heydərov qarabağlı olsa da, onu bir şuşalı öldürdü. Heydər Əliyev deyirdi ki, Arif Heydərov kristal qədər təmiz adam olub. Onun təmizliyi və prinsipiallığı köhnə rejimi bərk narahat edirmiş. Əcəba, onun öldürülməsi siyasi sifariş ola bilərdimi? Mənim bu sualıma Heydər Əliyev belə cavab vermişdi ki, Moskva respublikada qarışıqlıq düşə bilər əndişəsiylə istintaqa işin dərin qatlarına enməyə izin vermədi. Mən bu günün özündə də Arif Heydərovun ölümünün arxasında Heydər Əliyevə qədərki rejimin barmağı olduğunu düşünürəm. Məncə, bu mövzu dərindən araşdırılmalıdı, ən azından tarix üçün;
VƏLİYEV CƏFƏR CƏBRAYIL OĞLU - 12 noyabr 1930-cu ildə Bakı şəhərində anadan olub. 04 noyabr 1978-ci ildə daxili işlər naziri vəzifəsinə təyin olunub. Bu vəzifəyə qədər Mərkəzi Komitənin partiya təşkilat katibi və MK şöbə müdiri vəzifələrində də çalışıb;
MƏMMƏDOV QAMBAY - Şuşa şəhərində anadan olub. 1976-cı ilə qədər 13 il ərzində Azərbaycan SSR Baş Prokuroru vəzifəsini tutub. Bu şəxsin yaratdığı intriqalarla bağlı 2-3 yazıdan ibarət ayrıca bölüm olacaq;
ZAMANOV ABBAS MƏMMƏDTAĞI OĞLU - Hamınızın yaxşı tanıdığınız Tamerlan Qarayevin qaynatasıdı. Əsli Naxçıvan şəhərindəndi, ancaq 22 mart 1924-cü ildə Bakı şəhərində anadan olub. Qambay Məmmədov törətdiyi əməllərdən dolayı baş prokuror vəzifəsindən uzaqlaşdırıldıqdan sonra onun yerinə təyin olunub. Əvvəllər təhlükəsizlik sistemində çalışırdı, təcrübəli çekist kimi tanınırdı. Baş Prokuror təyin olunmamışdan öncə Azərbaycan SSR DTK sədrinin müavini vəzifəsini tuturdu. Zamanovun prokurorluq sisteminə gətirilməsi səbəbini vaxtilə Heydər Əliyev şəxsən mənə danışıb. Bu, ayrıca bir mövzunun söhbətidi. Sadəcə, onu deyə bilərəm ki, Heydər Əliyevin ən çox güvəndiyi 3 kadrdan biri Abbas Zamanov, digər iki nəfər isə Arif Heydərovla Həsən Həsənov olub;
KRASİLNİKOV VİTALİ SERGEYEVİÇ - 1920-ci ildə Rusiyanın Kostroma vilayətində anadan olub. 01 oktyabr 1969-cu ildən 18 iyun 1980-ci ilə qədər Azərbaycan SSR DTK-nın sədri vəzifəsini tutub;
YUSİFZADƏ ZİYA MƏMMƏDİYYƏ OĞLU - 15 fevral 1929-cu il tarixdə Şəki şəhərində anadan olub. DTK sistemində işləyib. 1976-1980-ci illərdə sədrin 1-ci müavini, Krasilnikovdan sonra DTK sədri vəzifəsinə təyin olunub;
MUSAYEV FUAD - 11 yanvar 1938-ci ildə Bakı şəhərində anadan olub. Heydər Əliyev hakimiyyətdə olduğu illərdə onu müxtəlif yüksək vəzifələrə təyin edib. Məsələn, Dövlət Planlaşdırma Komitəsi sədrinin 1-ci müavini, Nazirlər Soveti sədrinin müavini, Mərkəzi Komitənin tikinti üzrə katibi vəzifələrini tutub;
HÜSEYNOV VAQİF ƏLÖVSƏT OĞLU - 27 noyabr 1942-ci il tarixdə Quba şəhərində anadan olub. 1980-ci ildə Heydər Əliyev onu Bakı Şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifəsinə təyin edib. Bu tarixə qədər də müxtəlif yüksək vəzifələrdə çalışıb. Bu şəxs haqqında da ayrıca yazı olacaq;
ƏLİYEV QURBAN HƏSƏN OĞLU - 22 iyun 1921-ci ildə Çita şəhərində anadan olub. Heydər Əliyevin istəyilə əvvəlcə indiki Səbayıl rayonunun partiya komitəsinin 1-ci katibi vəzifəsinə seçilib. 1971-ci ildə MK katibi seçilən Danil Quliyevin yerinə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri vəzifəsinə təyin olunub və 1987-ci ilə qədər bu vəzifədə olub;
MEHDİZADƏ MEHDİ MƏMMƏD OĞLU - 05 yanvar 1903-cü ildə Cəbrayıl rayonu Daşkəsən kəndində anadan olub. 1980-ci ilə qədər Azərbaycan SSR Xalq Maarifi naziri vəzifəsini tutub;
QAFAROVA ELMİRA MİKAYIL QIZI - Elmira xanım Heydər Əliyevin dövründə əvvəlcə respublika komsomol təşkilatının 1-ci katibi, MK Mədəniyyət şöbəsində müdir müavini, Bakı Şəhər Partiya Komitəsində ideologiya üzrə katib vəzifələrində çalışıb, 1980-ci ildə Azərbaycan SSR Xalq Maarifi naziri vəzifəsinə təyin olunub. Necə deyərlər, "korennoy" bakılı qızıdı;
ALLAHVERDİYEV TOFİQ ƏLİHEYDƏR OĞLU - 1917-ci ildə Bakı şəhərində anadan olub. Heydər Əliyevin vaxtında Azərbaycan SSR Nazirlər Soveti Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri vəzifəsini tutub;
TATLIYEV SÜLEYMAN BAYRAM OĞLU - 27 fevral 1925-ci il tarixdə Qazax rayonunun Dağ Kəsəmən kəndində anadan olub. 1970-1978-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsinin müdiri, 1978-ci ildən isə Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsini tutub;
TAHİROVA TAHİRƏ ƏKBƏR - 07 noyabr 1913-cü ildə Türkmənistanın Mərv vilayətinin Bayraməli kəndində doğulub. 1983-cü ilə qədər Azərbaycan SSR Xarici İşlər naziri vəzifəsini tutub;
ƏSGƏROV MƏMMƏD HƏSƏN OĞLU - 25 dekabr 1918-ci ildə Naxçıvan MSSR Culfa rayonunun Yaycı kəndində anadan olub. 1977-ci ildə Azərbaycan SSR Kənd Təsərrüfatı naziri təyin olunub;
HACIYEV SALEH HİLAL OĞLU - 1932-ci ildə Bərdədə anadan olub. 1971-1974-cü illərdə Kənd Təsərrüfatı naziri, 1974-cü ildən SSRİ Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Meliorativ Tikinti Baş İdarəsinin rəisi olub (Sonradan bu idarə Meliorasiya və Su Təsərrüfatı nazirliyi adlandırıldı);
ƏLİYEV MAHMUD İSAQ OĞLU - 1931-ci ildə Xanlar rayonunda anadan olub. 1980-ci ildə Azərbaycan SSR Meliorasiya və Su Təsərrüfatı naziri təyin olunub;
BAXŞƏLİYEV BAXŞƏLİ HƏSƏNƏLİ OĞLU - 20 avqust 1920-ci ildə Bərdədə anadan olub. 1970-ci ildən 1987-ci ilə qədər Azərbaycan SSR Maliyyə naziri vəzifəsini tutub;
BAĞIROV ZAKİR NƏRİMAN OĞLU - 21 dekabr 1929-cu ildə Şuşa şəhərində anadan olub. 1971-1988-ci illərdə Azərbaycan SSR Mədəniyyət naziri vəzifəsini tutub;
ABDULLAYEV HƏNİFƏ MƏMMƏDAĞA OĞLU - 1923-cü il tarixdə Lənkəran şəhərində doğulub. 1970-1979-cu illərdə Azərbaycan səhiyyəsinə rəhbərlik edib;
QASIMOV TƏLƏT - bakılıdı. 1979-cu ildə Hənifə Abdullayevi Azərbaycan SSR Səhiyyə naziri vəzifəsində əvəz edib;
İBRAHİMOV ABDULLA HACIBABA OĞLU - 1921-ci il tarixdə Dəvəçi Rayonunun Zöhrabkənd kəndində anadan olub. 1980-ci ilə qədər Azərbaycan SSR Ali Məhkəməsinin sədri vəzifəsində işləyib;
QAZIYEVA RƏFİQƏ SALAM QIZI - 1939-cu ildə Bakıda doğulub. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsini tutub;
SEYİDMƏMMƏDOVA ZÜLEYXA MİR HƏBİB QIZI - 22 mart 1919-cu ildə Bakı şəhərində anadan olub. Heydər Əliyevin hakimiyyəti illərində - 1975-ci ilə qədər Azərbaycan SSR İctimai Təminat naziri vəzifəsində çalışıb;
HÜSEYNOVA ZÜLEYXA İSMAYIL QIZI - 29 may 1924-cü ildə Bakı şəhərində anadan olub. "Aliyevşina" dövründə əvvəlcə Azərbaycan SSR Ali və Orta İxtisas Təhsili naziri vəzifəsini tutub, 1970-ci ildə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri seçilib;
RƏSULOVA LİDİYA XUDAT QIZI - 04 dekabr 1941-ci ildə Bakı şəhərində anadan olub. Rəsulova uzun illər partiya və sovet orqanlarında müxtəlif yüksək vəzifələr tutub. 1981-ci ildə isə Azərbaycan Həmkarlar İttifaqları Şurasının sədri seçilib;
QAZIYEV MƏMMƏD YAQUB OĞLU - 1921-ci ildə Gəncə şəhərində anadan olub. 1975-ci ildə Azərbaycan SSR Sosial-Təminat naziri vəzifəsinə təyin olunmuş və 1988-ci ilə qədər bu vəzifədə çalışmışdır;
HÜSEYNBƏYOV NADİR FƏRƏC BƏY OĞLU - 20 iyun 1929-cu ildə Bakıda anadan olub. 1969-1985-ci illərdə Azərbaycan SSR Kənd Təsərrüfatı nazirinin 1-ci müavini vəzifəsində çalışıb. 1976-1977-ci illərdə naziri əvəz edib;
XƏLİLOV MƏMMƏD RZA OĞLU - 1917-ci ildə Gəncə şəhərində anadan olub. 1976-cı ildə dünyasını dəyişənə qədər Heydər Əliyevin kadrı kimi Azərbaycan SSR Kənd Təsərrüfatı naziri vəzifəsini tutub;
MƏMMƏDOV ARİF HÜSEYNQULU OĞLU - 02 noyabr 1929-cu ildə Naxçıvan MSSR, Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. 1971-ci ildə Azərbaycan SSR Ət-süd Sənayesi naziri vəzifəsinə təyin olunub;
ASANOV DADAŞ MİRZƏ OĞLU A - 15 yanvar 1930-cu ildə Culfa rayonunda anadan olub. 1978-ci ildən 1982-ci ilədək Azərbaycan SSR Kənd Tikintisi naziri olmuşdur;
HƏSƏNOV ŞAİR NƏCMƏDDİN OĞLU - 10 iyun 1936-cı ildə Qusar şəhərində anadan olub. "Aliyevşina" dövründə Azərbaycan SSR Kənd Tikintisi nazirinin 1-ci müavini, Kolxoz-Sovxoz Tikinti Baş İdarəsinin rəisi, Kənd Tikintisi naziri vəzifələrini tutub;
RZAYEV YUNİS QƏHRƏMAN OĞLU - 02 may 1924-cü il tarixdə Qərbi Azərbaycanın Göyçə mahalının Şişqaya kəndində dünyaya gəlib. 1973-cü ildə Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsinə təyin olunub və 1985-ci ilə qədər bu vəzifədə çalışıb;
MÜTƏLLİBOV AYAZ NİYAZİ OĞLU - 12 may 1938-ci ildə Bakıda doğulub, əslən şamaxılıdı. 1974-cü ildə "Bakelektromaş" İstehsalat Birliyinin müdiri təyin olunub. 1979-cu ildə Azərbaycan SSR Yerli Sənaye naziri vəzifəsinə irəli çəkilib. 1982-ci ilin əvvəllərində vəzifə pillələrində yuxarı doğru daha bir addım atıb: Dövlət Plan Komitəsinin sədri, eni zamanda Nazirlər Soveti sədrinin müavini təyin olunub;
HÜSEYNOV RƏHİM ƏLİHÜSEYN OĞLU - 05 aprel 1936-cı il tarixdə Bakı şəhərində dünyaya göz açıb. 1974-cü ildə Respublika Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri vəzifəsinə təyin olunub və 15 il bu vəzifədə çalışıb;
BAĞIROV KAMRAN MƏMMƏD OĞLU - 24 yanvar 1933-cü il tarixdə Şuşada dünyaya göz açıb. 1971-ci ildə Heydər Əliyev onu Mərkəzi Komitədə şöbə müdiri vəzifəsinə təyin edib. Bağırov 3 il müddətində Azərbaycan KP MK-nın Şəhər Təsərrüfatı və Tikinti şöbəsinin müdiri kimi yüksək vəzifə daşıyıb. 1974-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Sumqayıt şəhər Partiya Komitəsinin 1-ci Katibi vəzifəsinə irəli çəkilib. 4 il bu vəzifədə çalışdıqdan sonra 1978-ci ildə yenidən Mərkəzi Komitəyə - tikinti üzrə katib vəzifəsinə təyin olunur və eyni zamanda KP MK Büro üzvü seçilir. Heydər Əliyev Moskvaya işləməyə getdiyi zaman onun yerinə 1-ci katib seçilir;
HAŞİYƏ:
İndiyə qədər xüsusi şəkildə aparılan təbliğat nəticəsində geniş ictimaiyyət Kamran Bağırovun İrəvanlı olduğunu düşünürdü. Etiraf edim ki, mən də bu qənaətdəydim. Ancaq Sov.İKP MK-nın və SSRİ DTK-nın işıq üzü görən arxiv materialları Kamran Bağırovun tərcümeyi-halıyla bağlı bizə bu məlumatı çatdırır: "Кямран Багиров родился в 1933 году в семье служащего в НКАО. Шушинец по происхождению, Азербайджанец по национальности..."
Kamran Bağırovun Heydər Əliyevdən sonra respublikaya rəhbər təyin olunması haqqında da bəzi mənbələrdə çox maraqlı məlumatlar var. Məsələn, fəlsəfə elmləri doktoru, Sov.İKP tarixi üzrə görkəmli mütəxəssis, professor İohann Rau bu barədə yazır:
"Гейдару Алиевичу, как уже бывшему руководителю республики, поручили самому провести пленум и избрать нового партийного руководителя Азербайджанской ССР и такое было впервые в практике ЦК КПСС. Новым руководителем азербайджанской республиканской Компартии стал Кямран Багиров. Выдвижение Багирова со стороны Гейдара Алиева, по моему мнению, одна из немногих кадровых ошибок Г.А.Алиева".
Ümumiyyətlə, Kamran Bağırov mövzusu ayrıca bir yazını şərtləndirir. Nədən İsa Məmmədov, Ramiz Mehdiyev, Həsən Seyidov, Həsən Həsənov yox, Kamran Bağırov? Niyə Heydər Əliyev onu seçmək məcburiyyətində qalıb? Yəqin ki, gələcəkdə bu mövzuya ayrıca toxunacağam. Qarşıma çıxan materiallardan və vaxtilə Heydər Əliyevlə şəxsi söhbətlərimdən mən bu mövzu barədə kifayət qədər qənaət hasil etmişəm.
VƏZİROV ƏBDÜRRƏHMAN XƏLİL OĞLU - 26 may 1930-cu ildə Bakıda, Binəqədi qəsəbəsində anadan olub, əslən qarabağlıdı, ana tərəfdən Fizuli rayonundan, ata tərəfdən şuşalıdı. 1970-74-cü illərdə ölkənin ikinci böyük şəhəri Kirovabad (Gəncə) Şəhər Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləyib. 1974-76-cı illərdə Mərkəzi Komitənin Sənaye şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Sonralar diplomatik korpuslarda çalışıb. 1988-ci ildə Qorbaçovun nədən məhz Vəzirovu Azərbaycana rəhbər vəzifəyə göndərməsi də diqqət çəkən mövzudu. Təbii ki, yazı dizimizdə Vəzirova da ayrıca bölüm həsr olunacaq;
MƏMMƏDZADƏ RAMİZ HÜSEYNQULU OĞLU - 11 aprel 1930-cu ildə Bakı şəhərinin Novxanı kəndində anadan olub. Məmmədzadə əvvəlcə Heydər Əliyevin təkidilə DTK-nın yeni yaranmış 5-ci əks-kəşfiyyat şöbəsinə rəis təyin olunur. Qısa müddət sonra o, yenidən partiya işinə qaytarılır. Ramiz Məmmədzadə KP MK-nın əvvəlcə İnzibati Orqanlar şöbəsinə, sonra isə Təşkilat şöbəsinə müdir təyin olunur. 1976-cı ilin fevral ayından 1978-ci ilin avqust ayına qədər Azərbaycan KP MK-nın İdeoloji İşlər üzrə Katibi vəzifəsinə irəli çəkilir;
Ardı var
Fərəməz Allahverdiyev