Azadlıqdan 20 Yanvara rahat gəlirdik, amma hər dəfə 20 Yanvardan Azadlığa qayıdanda...

20-01-2022, 11:18           
Leninin heykəli vardı bizim məhlədə, 20 yanvar hadisəsindən sonra məhləmizin ən çirkin qızı o heykəlin boynuna kəndir atıb yerə sərmişdi. Keniya meymunları kimi üz-gözünü qıl basmış bu qəhrəman qızın atasının yanaqları susuz səhra kimi əzab-əziyyətdən çat vermişdi. Heykəli aşırdığına görə şəklini məktəbdə divara da vurmuşdular, amma nə atası rahat bir gün gördü, nə də qız ömrü boyu bircə gün xoşbəxt ola bildi.
Bu qız evimizin yaxınlığında, yol boyu düzülən rus tanklarına bizim məhlənin şalvarı yırtıq, ayağı qaloşlu 5-6 yaşlı oğlanları ilə birlikdə sapandla daş atırdı. Rus əsgərləri bizi tutub tankından üstündən aşağı fırlatdılar. Qayçı ilə başımızı deşik-deşik etmişdilər. Qonşumuz Soltan rus əsgərlərinin təpik-yumruğundan sonra xəstəliyə tutuldu, bir balaca həyəcanlanan kimi dili-dodağı əsir, özündən keçirdi...
Bir neçə gün sonra şəhərdə əliyalın insanlar gülləbaran ediləcəkdi. Biz türk serialları ilə böyüməmişdik, ərli qadınların sevgi uğrunda “ben kocamı yok, başka birisini seviyorum” iniltisi ilə ailəsini qurban verməyinin doğru yol olduğunu təbliğ edən ən alçaq filmlərin yol açmadığı kasıb evlərdə yaşayırdıq. “Dəli Kür” filminə başqasının arvadını qaçıran Cahandar ağaya nifrət etdiyimizə görə baxmırdıq. Qorbaçovun pencəyindən bizim hərəmizə 5-10 cüt tuman-şalvar çıxardı, amma onun başındakı xalın mənasını müzakirə edirdik. Biz cinayətə Raskolnikov kimi yanaşırdıq, heç vaxt başqasının cibinə girməzdik.
Qısası, bizim məhlədən rus tanklarına daş atan heç bir uşaq böyüyüb xoşbəxt ola bilmədi. Hərəsi bir cür bədbəxt oldu. Amma xalqımız, tarixmiz azad oldu, müstəqil dövlət qurduq. Daha sonra çörək növbəsinə durduq, atamız işsiz qaldı, anamız çarəsizlikdən damağını yedi. Olmadı, yenə də olmadı. Sonra Qarabağ müharibəsi, şəhidlər, veteranlar... Tahir Kərimlinin parlamentdəki qışqırıqları bağrımızı yarmışdı, nə istədiyini ata-anamız da izah edə bilmirdi. Elçibəyin çarəsiz baxışlarla parlamentdə siqaret çəkməsi... Bizim uşaqlığımız belə ümidsiz keçdi. Gecə yarısından səhərə qədər çörək növbəsində bizdən böyüklərin təpiklərinin altında qaldıq.
Üstündən illər keçdi, 3-cü kursda oxuyan zaman dövlət imtahanına getmək üçün yol pulu da tapa bilmədik, anamız başındakı kələyağını sələmlə borca pul verən qohumuna satdı. Yol pulu elədik. Eyni anda 6 partiyanın üzvlük biletini üstündə gəzdirən tələbə yoldaşlarımız vardı.
“Etibarlı gələcək Etibarla gələcək” deyənlərin övladları bu dəfə “İsa gələcək, zülm bitəcək” şüarı ilə kulturamıza tüpürdülər.
Allahın lənətinə gəlmiş insanların günahları ucbatından bir çoxu içkiyə qurşandı, başa düşdü ki, bu ölkədə ayıq başına yaşamaq bəşəri cinayətdir. Qoltuqlarında butulka məzara yollandılar. İt kimi dəfn elədik onları. Cənazəsinin altına girməyə ailəsi tapılmadı, meyiti yumağa da qoymadılar.
Sözümü nəyə gətirirəm... Saxlayın qərənfilləri, ağladıqca korlaşılırıq, kəsməyə ucumuz, deməyə dilmiz qalmır. Məgər dünya durduqca yaşamaq fikriniz var? Gedin şəhidlərimizi də ziyarət edin, düşmənlərə nifrət də oxuyun, amma ağlamayın, qurban olum, ağlamayın. Ayaq üstündə durun, dayanın!
Habil Əliyevin kamançasının səsi yenə də 30 il əvvəlin ağrı-acılarını ürəyimə qusacaq, telekanallarda insan karvanı bir gözümdən girib o biri gözümdən çıxacaq...
Tələbə vaxtı hardasa eşitmişdim ki, hətta metroda da 20 Yanvara gedən yol Azadlıqdan keçir. Bir dəfə bekarçılıqdan tələbə yoldaşımla 20 dəfə o yolu gedib gəldik. Azadlıqdan 20 Yanvara rahat gəlirdik, amma hər dəfə 20 Yanvardan Azadlığa qayıdanda...
Ruhunuz şad olsun, Şəhidlər!
Samir Feyruzov
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.