1992-ci il Ağdərə əməliyyatı
1-05-2016, 11:49
Ağdərənin Heyvalı kəndi
Ordumuzun son əməliyatları ilə bağlı Ağdərənin alınması barədə söhbətlər, gözləntilər və təsəvvürlər reallığa yaxınlaşsın deyə, Birinci Qarabağ müharibəsi zamanı Ağdərə şəhəri necə, hansı qüvvələrlə və nə qədər zamana alınması barədə qısa məlumat, düşünürəm, cəmiyətimiz üçün artıq olmaz.
Şaumyan və Ağdərə əməliyatları zamanı aparılan döyüşlərin əsas hücum istiqamətlərində avanqard olmuş 123-cü alayın tank batalyonun komandiri idim.
12-16 iyun 92-ci il uğurlu Əsgəran- Şaumyan əməliyatlarının davamında ordu bölmələrimiz “Hərbi Birliyin” vahid planı əsasında Ağdərə əməliyatına başladılar.
16 iyun 1992-ci ildə Ağdərə əməliyyatı Tərtərdən 3(üç), Ağdamdan 2(iki) və Kəlbəcər(701-ci briqada) istiqamətlərindən düşmənə döyüş aviasiyası, uzaqvuran və reaktiv artilleriya ilə sarsıdıcı zərbələr endirilməsi və hücumlarla başlandı.
İlk olaraq, iyunun 16-ı Talış ətrafı yüksəkliklər və kənd alındı. Daha sonra Çaylı, Marquşevan. Sonrakı günlərdə Həsənqaya, Levonarx, Qırmızıkənd və şərqdən Ağdərə şəhərinə kimi ərazilər alındı(Paprəvənd o vaxt bizdəydi). Daha sonra Madahız(Madagiz), Minqrelsk, Akop-Kamari və Maqavuzun ətraf yüksəklikləri . Cənubdan Canyataq və Gülyataq azad olundu. Sırxavənd və Kiçan uğrunda şiddətli döyüşlər gedirdi.
Ağdərə şəhərini erməni bölmələri ilə bərabər, Bakıda 20 Yanvar qətliamını törətmiş rus kazak polku müdafiə edirdi. Kazak polkunun məhv edilməsi məqsədilə Ağdərə şəhəri mühasirəyə alındı.
Ağdərə şimaldan 778, 235, 224 h/h-lər, Mingəçevir- MB-1, MB-2 batalyonları; şimal-şərqdən “Milli Qurtuluş”, Gəncə və Xanlar batalyonları; şərqdən 123-cü alay, OMON, Bərdə-Elçin Əliyevin batalyonu, Bərdə “Azadlıq” batalyonu, 1-ci Göranboy batalyonun 1-ci bölməsi; cənub-şərqdən Daxili Qoşunlar alayı, “Qatır Məmməd” batalyonu, Ağdam xüsusi təyinatlı polis batalyonu və Zaqatala bölüyü; cənubdan – Ağdam 836-cı alayı, 820 saylı Lənkəran alayı; qərbdən 1-ci və 2-ci Göranboy batalyonları tərəfindən mühasirəyə alınmışdı.
4 iyul 1992-ci il saat 4:50-də Ağdərə şəhərinə şimal-şərqdən – “Milli Qurtuluş” batalyonu, şərqdən – 123-cü alayın tank batalyonu və 123-cü alayın 1-ci batalyonu və OMON bölmələri həmlə edərək, daxil oldular. Lakin kazaklar Ağdərənin mühasirəyə alınmasını anlayıb, şəhəri 2 gün öncə tərk etmişdilər. Şəhər müqavimət göstərmədi.
Beləliklə, Ağdərə şəhərinin alınmasına 18 gün vaxt sərf olundu.
Ağdərə şəhərindən sonra həmin gün Aqabekalec və Nerkin Orataq qəsəbələri, Dəmirli, Kasapet kəndləri və “Qlobus” adlandırılan yüksəklik alındı.
Əməliyat 16 iyun- 7 iyul ərzində davam etmişdi.
7 iyul 1992-ci ildə Azərbaycan hökuməti Roma sülh danışıqlarının 4-cü raundu ərəfəsində sülhməramlı addım ataraq, cəbhədə bir ay müddətinə birtərəfli atəşkəs elan etdi.
15 iyulda ermənilər əkshücuma keçdilər...
Nazim Bayram - Hərbi ekspert