Osmanlı Ordusunun Bakı Macəraları.
8-08-2022, 10:48
1918-ci ildə, Osmanlı Ordusu Bakıda sadəcə militar (Hərbi, ordu, əsgəri) olaraq yox, həm də rəsmi düzənləmələrdə (idarəçilikdə) fəal iştirak edirdi. Mənbələr göstərir ki, bu zaman yerlilərlə Osmanlı zabitləri arasında maraqlı hadisələr də baş vermişdir. Bu Hadisələrdən biri də İran pərəstlilərlə, Osmanlı zabit ve cavuşları arasında baş vermişdir. Azərbaycan yazıçısı #Manaf_Süleymanov bu barədə belə yazır:
Məhərrəm ayı düşür. Müsəlmanlar küçələrdə dəstə ilə gəzir, sinələrinə
döyə-döyə, zəncir vura-vura, baş yara-yara: «Şah Hüseyn, ya Hüseyn» çığıra- çığıra başlayırlar əzadarlığa.
Şəhərin polis rəisi bu əcayib, qeyri-adi səhnəni gördükdə məəttəl qalıb, yanındakı adamdan xəbər alır: «Yahu, şu nə vəhşət. Şu zavallılar neçin ulaşıyorlar. Kim onlara işgəncə yapmış? Neçin kəndiləri kəndilərinə şöylə işgəncə veriyorlar». Onu başa salırlar ki, imam Hüseynin qətli ilə əlaqədar matəm tuturlar. Polis rəisi içini çəkib, heyfsilənir: «Yahu! Şu havadis hicrətin ilk yüz illiyində, altmış-yetmişinci sənələrində vuqu bulmuş. O zamandan tam on üç yüz əlli il keçmiş. Şu habar, şu zavallılara nə gec gəlib çatmış».
Rəis əzadar dəstələrinin başçılarını polis müfəttişliyinə gətizdirir, sadə bir dillə onları başa salır ki, müharibə vəziyyətində olan şəhərdə yığıncaq və nümayiş qadağan edilib. Gedin, məscidə toplaşın, ədəb dairəsində həzrəti Hüseynə matəm saxlayın. Zaman keçib, əsr dəyişib...
Əzadarlar rəisin sözlərini qulaqardına vurub, sabahı gün yenə düşürlər küçələrə... Polis rəisi dörd əsgər göndərib, dəstəni birbaşa apartdırır vağzala.
Ağsaqqallar polis rəisinin yanına iltimaca gəlirlər. Cavab verir ki: «kavur ingilislər Kərbəlanı istila edib, həzrəti imam Hüseynin müqəddəs türbəsini murdarlayırlar. Şu əzadarları göndərəcəyəm Batuma, orda gəmilərə doldurub, birbaşa aparacaqlar Ərəbistana. Qoy gedib, həzrəti Hüseynin türbəsini kafir ingilislərdən azad etsinlər, şəhid olanlar behiştə gedər. Şurda boş-boşuna bağırmakdan, kadın təki göz yaşı axıdıb, ağlamakdan fayda yok. Nə tühaf həriflərsiniz, yahu, kişi də ağlarmı? Göz yaşı axıdarmı?»
Camaatın arasına vəlvələ düşür, başlayırlar ağlaşmağa, yalvarmağa. Əzadarları bir gecə vağzalda saxlayırlar. Şəhərin bir neçə hörmətli şəxsi polis rəisinin yanına minnətə gedir. Nəhayət, polis rəisi deyir: «Pək eyi, Kərbəlaya, Ərəbistana yollamam, hala Dərbənddə kavur Denikinlə vuruşuruq, ora yollarım, qoy orda rəşadət göstərib, din, islam yolunda cihad etsinlər».
Çox yalvarışdan sonra dəstə gəzdirənləri azad edirlər. O adamlar, nəinki küçə-bazarda, türklər Bakıdan gedənə qədər heç məscidlərə də qədəm basmayıb, bir daha heç yerdə görünmədilər.
"Eşitdiklərim, Oxuduqlarım, Gördüklərim", Manaf F. Süleymanov, Azərbaycan dövlət nəşriyyatı. BAKI - 1987 səh. 165, 166.
Foto. Bakı kəndlərində keçirilən Aşura mərasimi (Bakı, 1918-20)
Teref.az