Tarixin ağ yalanı: Səfəvi – Portuqaliya müharibəsi!?
22-11-2022, 08:08
Burda hansı müamma gizlənir?
Bu yazımız Azərbaycan tarixinin ən qürurverici səhifələrindən biri barəsindədir. XVII əsrin əvvəllərində şanlı əcdadlarımız İran körfəzi uğrunda mübarizədə çox güclü bir imperiyaya qalib gəlmişdilər. Həmin zəfər nəticəsində xeyli ərazi azad edilmiş, yerli əhali vəhşi müstəmləkə zülmündən xilas olmuşdu.
Haqqında söhbət açacağımız konfliktin əsası belə qoyulmuşdu: 1507-ci ildə Portuqaliya krallığının admiralı Afonso de Albukerkinin (1453–1515) komandanlığı altında olan 27 döyüş gəmisindən ibarət donanma İran körfəzindəki Hörmüz adasını ələ keçirmişdi. Bunun ardınca 1508-ci ildə portuqaliyalılar Qələtə əl-Bəhreyn şəhərini tutub yandırmışdılar.
Portuqaliya hərbçiləri sahilboyu yaşayış mətəqələrinə basqınlar edir, dinc insanlara amansız divan tuturdular. Bu, əslində, müsəlmanlara qarşı növbəti, bu dəfə dəniz vasitəsilə həyata keçirilən səlib yürüşü idi. İran körfəzindən Hindistana qədər demək olar ki, bütün İslam ölkələri bu hücumlardan böyük zərər gördülər. Dəniz yolları müsəlman tacirlərin üzünə bağlandı.
Beləliklə, İran körfəzi portuqaliyalıların nəzarəti altına düşdü. Hörmüz adası və Bəhreyn işğal olundu. Bu vəziyyət 1622-ci ilədək davam etdi. Həmin ildə Böyük Şah Abbasın azsaylı, amma yüksək motivasiyalı döyüşçüləri istilaçıların 115 il ərzində möhkəmləndirdikləri qalaları alıb düşməni dənizə tökdülər.
Bəs Şah Abbasın bahadırları hansı düşmənə qalib gəlmişdilər? Tarixlə maraqlanan oxucu bu suala, böyük ehtimalla, belə cavab verəcək: “Əlbəttə ki, portuqaliyalılara” və.. yanılacaq. Sovet və Qərb tarixçiləri bu məsələdə də yalana əl atmışdılar. Çünki Hörmüz adasını Portuqaliya dövləti işğal etsə də, Şah Abbas müharibəni heç də bu ölkə ilə aparmamışdı.
Məsələ ondadır ki, 1578-ci il avqustun 4-də Mərakeşdə məşhur əl-Qəsr əl-Kəbir döyüşü baş vermişdi. Həmin savaşda Mərakeşi fəth etmək istəyən Portuqaliya kralı I Sebastian (1554–1578) özünün 30.000 nəfərlik ordusu ilə birlikdə məhv edilmişdi. Bu fəlakət Portuqaliya dövlətçiliyini zəiflətmiş, 1580-ci il sentyabrın 12-də Portuqaliya guya İspaniya krallığı ilə ittifaqa girmişdi.
Əslində isə, həmin tarixdə Portuqaliya özünün dövlət müstəqilliyini itirib İspaniyanın əsarəti altına düşmüşdü. Düzdür, portuqaliyalılara İspaniya kralının təbəələrinə aid bütün hüquqlar verilmişdi. Amma bu, məsələnin mahiyyətini dəyişdirmirdi. Portuqaliya İspaniya imperiyasının bir əyaləti idi.
1640-cı il dekabrın 1-də Portuqaliyada milli-azadlıq hərəkatı başlandı. Həmin tarix indi də bu ölkədə müstəqillik günü kimi qeyd olunur. İspan əsarətinə qarşı silahlı mübarizə 1668-ci il fevralın 13-dək davam etdi. Bu qanlı savaşda hər iki tərəfdən 80.000-dək insan öldürüldü. Müharibə portuqaliyalıların qələbəsi ilə başa çatdı.
Beləliklə, 1602–1622-ci illər müharibəsini Səfəvilər dövləti Portuqaliya ilə deyil, qüdrətli İspaniya imperiyası ilə aparmışdı. 1580-ci ildən 1640-cı ilədək başqa bir dövlətin tərkibində olmuş Portuqaliya, sözsüz ki, müstəqil xarici siyasət yürüdə bilməzdi. Savaş ispan kralının təşəbbüsü ilə başlanmış, fasilələrlə 20 ilədək davam etmiş, İspaniyanın İran körfəzindəki işğalçı qüvvələrinin darmadağın olunması ilə nəticələnmişdi.
Bu məsələyə tam aydınlıq gətirdik. Amma belə bir suala cavab tapmalıyıq: Tarixçilər Səfəvi–İspaniya müharibəsini Səfəvi–Portuqaliya müharibəsi adlandırmaqla sadəcə texniki yanlışlığa yol vermişdilər, yoxsa yazımızın əvvəlində vurğuladığımız kimi bilərəkdən yalan işlətmişdilər?
Zənnimizcə, bu, xəta deyildi. Səfəvilərin Hörmüzü azad etdikləri 1622-ci ildə Portuqaliya İspaniya imperiyasının bir vilayəti idi. Belə çıxır ki, qızılbaşlar imperiyanı yox, onun vilayətlərindən birini məğlub etmişdilər. Göründüyü kimi, bizə təqdim olunan tarix tamamilə məntiqsizdir.
Qərb və sovet tarixçiləri Qızılbaş dövlətinin qələbəsini kiçiltmək, onun əhəmiyyətini azaltmaq istəyirdilər. Bu, həmişə onlar üçün xarakterik bir üslub olmuşdur. Məsələn, Böyük Britaniyanın adlı-sanlı tarixçisi Clifford Edmund Bosworth (1928–2015) yazırdı: “İngiltərədə I Yelizaveta (1533–1603), İspaniyada II Filip (1527–1598), Rusiyada İvan Qroznı (1530–1584), moğol imperatoru Əkbər (1542–1605) kimi qüdrətli hökmdarların kiçik müasiri Şah I Abbas (1571–1629)...”
Ola bilsin ki, C.E.Bosworth Şah Abbasın digər hökmdarlardan yaşca kiçik olduğunu nəzərdə tuturdu. Bəlkə də.. Hər bir halda vurğulayaq ki, Şah Abbas məhz qüdrətli kral II Filipin nəvəsi və xələfi IV Filipi (1605–1665) məğlub etmişdi.
P.S. Özgələrdən incimək lazım deyil. Hər şeydən əvvəl özümüz tarxi şəxsiyyətlərimizin qədrini bilməli, onların adlarını uca tutmalıyıq. Belə etməsək, başqalarından obyektiv münasibət gözləməyə heç bir haqqımız yoxdur.
Müəllif: Milli Kimlik Araşdırmaları Qrupunun üzvü Araz Şəhrili
TEREF.AZ