Ariyaçılıq 19-cu əsrin əvvəllərində Avropada insanlığı müxtəlif "irqlərə" bölən düşüncə sistemindən qoğub
23-03-2023, 16:16
Soy və millətçiluk tarixi üzrə Oksford Universiteti professoru Dr.Reza Ziya-Ebrahimi yazır:
"Ariyaçılıq 19-cu əsrin əvvəllərində Avropada insanlığı müxtəlif "irqlərə" bölən düşüncə sistemindən qoğub. O, ariyalıları aşağı irqlərdən daha üstün, daha qabiliyyətli, mənəvi baxımdan daha üstün hesab edir.
Ariyaçılara görə, hansısa semitlər, zəncilər nadandırlar, acgözdürlər, xəyanətkardırlar, ilahi həqiqəti qavramaq qabiliyyətində deyillər. Hər şey Ser Vilyam Cones 1786-cı ildə sanskrit və fars dillərinin latın və yunan dilləri ilə əlaqəsini aşkara çıxardıqdan sonra başladı, sonra bunu Hind-Avropa dilləri ailəsi adlandırdılar.
“Ariya” termininin özü o dövrün fransız şərqşünası Abraham-Hyacinthe Anquetil-Duperronun yaratdığı neologizmdir. Bu, "Hind-Avropa" sözünün sinonimdir, hərçənd, sonuncu daha çox coğrafi məna daşıyır. Millətlərin və milli mədəniyyətlərin formalaşdırıldığı, şəcərə miflərinin ziyalıları xüsusilə cəlb etdiyi ... bir atmosferdə Conesin dil nəzəriyyəsi sürətlə irqi bir nəzəriyyəyə çevrildi. Linqvistik oxşarlığın irqi qohumluğu ifadə etdiyi güman edilməyə başladı.
19-cu əsr boyu ariyaçılıq elm diskursu ilə maskalandı. İrqi antropologiya burunları, kəllələri və qulaqları ölçməklə insanları dəyişməz psixoloji xüsusiyyətlərə malik müxtəlif irq kateqoriyalarına ayırmağı iddia edən bir fənnə çevrildi. Yaxşı biliirk ki, aryaçılar, xüsusən də Adolf Hitler irqi təmizliyə getdikcə daha çox aludə oldular, ariya və semit arasında qarşılıqlı bəyənməzliyi paradiqmatik antaqonizm səviyyəsinə qaldırdılar. Bu, növbəti mərhələyə yol açdı: qətllər. Aryanizm nasist vəhşiliklərinin ideoloji dayağı oldu.
Bu gün Qərbdə “ari irqi” haqqında söhbət Şimali Amerikadakı supremasist dairələr və Avropadakı neonasist yaraqlılarla məhdudlaşır. “İrq” anlayışının özü hələ də siyasi diskurslarda, xüsusən də ABŞ-da istifadə olunsa da, elmi cəhətdən iflasa uğrayıb. Aparıcı elmi birliklər iddia edirlər ki, insan qrupları arasında genetik dəyişikliklər o qədər tədricən baş verir ki, bunun sərhədlərinin çəkilməsi qaçılmaz olaraq anlamsız və subyektiv bir məşğuliyyətə çevrilir.
"Hind-Avropa" sözü bu gün özünü hansısa irsi xüsusiyyətlərin daşıyıcısı hesab edən insanlara deyil, dillərə aiddir. Hətta onun indi məhdud istifadəsi belə sual altındadır. Merritt Ruhlen və mərhum Cozef Qrinberq kimi görkəmli dilçilərin fikrincə, Hind-Avropa dillərinin "semit dili" kimi digər dil qrupları ilə əlaqəsinin olmaması haqda nəzəriyyə şişirtmədir, bəlkə də uydurmadır.
Ariyaçılığın kifayət qədər şərəfsiz irsinə baxmayaraq, bir çox iranlılar hələ də öz “ariliklərini” vurğulamaq üçün hər fürsətdən istifadə edirlər. Bəs ariyaçılıq İrana necə çatmışdı? İranlı ariyaçılar bizi inandırmışdılar ki, bineyi-qədimdən bu söz bizi ari irq olmayanlardan ayırd etmək üçün istifadə olunur. Bu iddia səfsətədir. Bu ifadəyə Avestanın qədim əlyazmalarında, Nəqşi-Rüstəm oymalarında və Bisutunda cəmi bir neçə dəfə rast gəlinir, amma burdan qətiyyən ağlabatan bir məna çıxarmaq mümkün deyil.
"Ariya" sözünü ariyaçı yozumlara uzlaşdırmaq üçün çoxsaylı cəhdlərə baxmayaraq, son tədqiqatlar, xüsusən də Gerardo Qnolinin işi göstərdi ki, ariya ümumiyytlə, irqi kateqoriya deyil. Qnoliyə görə, Əhəmənilər dövründə ariya, xüsusi zadəganların titulu kimi padşahların mənşəyini xatırladan mədəni və dini bir termin idi. Çox məhdud, eksklüziv mənası olan bu söz, irqi kateqoriyadan tamamilə fərqli məna daşıyırdı. Üstəlik, artıq qeyd edildiyi kimi, "ariya" terminini Anquetil-Duperron yaratmışdı.
Bu neologizmin babalı qədim Şərqdə mövcud olmayan müasir və romantik Avropa "irq" anlayışının boynundadır. Daha da önəmlisi odur ki, bütün fars ədəbiyyatında iyirminci əsrə qədər istər nəzmdə, istər nəsrdə ari irqdən bəhs edilmir.
Bu terminlə bağlı daha bir mif "İran"ın "arilər ölkəsi" mənasını verməsi ilə bağıdır. Bu mifi yayan Maks Müller idi. O, 1862-ci ildə Avestada rast gəldiyi "airyanem vaejah" ifadəsini İranın məşəyi ilə bağlayır və "Aryan genişliyi" mənasını verdiyini iddia edir. Bu mif o qədər geniş yayıldı ki, ciddi alimlər onu bu günə qədər təbliğ edirlər. Lüğətə baxmaq kifayətdir..."
Ingiliscədən çevirən Rövshən Əliyev
Teref.az