ABŞ-də nadir avtomobillərdən ibarət məzarlıq tapıldı
Bu gün, 16:28
ABŞ-də atılmış köhnə avtomobillərdən ibarət böyük kolleksiya aşkarlanıb. Onlarla nadir avtomobil on illərdir ki, zibilxanada açıq səma altında paslanır.
Bloqer Devid Frayburqer "YouTube" kanalında yayımladığı videoda onlardan danışıb.
Məlumata görə, avtomobil qəbiristanlığı onları toplayıb bərpa etməyən, həmçinin satmaq niyyətində olmayan amerikalı kolleksiyaçının şəxsi mülküdür.
Bəzi nümunələr daha yaxşı qorunsa da, əksər avtomobillərin vəziyyəti arzuolunmazdır. Kolleksiyanın böyük hissəsini "qızıl" dövrə - 1950-1970-ci illərə aid ABŞ avtomobilləri təşkil edir.
Xüsusilə, 1958-ci ilə aid nadir "Edsel Ranger" tapılıb. Bu avtomobillərdən yalnız 4 615 ədədi "Ford" tərəfindən istehsal olunub.
Həmçinin 1968-ci il istehsalı olan güclü "Pontiac GTO" və "Oldsmobile 442", eləcə də 1977-ci il istehsalı olan qeyri-standart "Ford Pinto Cruising Wagon" da aşkarlanıb. "Nissan Datsun Z" də daxil olmaqla bir neçə yapon avtomobili də kolleksiyada yer alıb.