ÇE GEVARANIN ÖLÜM AYAĞINDAKI SÖZÜ
2-04-2023, 00:11
Bəri başdan deyim ki, sovet dövründə 40 il yaşayan biri kimi Çe Gevaranın əqidəsinin, sovet və Kuba sosializmi, bolşevizm ideyalarının və bəzi əməllərinin qəti əleyhdarıyam, amma yenə də şəxsiyyətinə böyük rəğbətim var - mübarizliyi, təmənnasızlığı, təvazö, cəsarətinə görə. Onun ölümündən əvvəlki sözlərini istedadlı, tanınmış qələm sahibi Şərif Ağayarın yaşadığı bir olayı paylaşması yadıma saldı.
“Manatlıq taksiyə minmişəm, şəhərə gəlirəm. Qarabağa qayıtmaqdan söz düşdü. Gördüm, hamıdan daha çox məlumatlıyam, başladım əsib-sovurmağa: gözlənilməz qələbə, xalq-hakimiyyət birliyi, sülhməramlıların rədd olub getmə perspektivi, İranın riyakar narahatlığı, ermənilərin ağılsızlığı... Döşədim! Birdən məlum oldu ki, taksi Xocahəsənin “kruquna”can gəlir. Hamı orda düşdü. Sürücü ilə ikimiz qaldıq. Manatımı verib düşdüm, səhər saat 8-in ağzısulu küləyində... özüm özümə dedim:
“Sən də, aləmsən, şair, on-on beş kilometrlik yolu düz gedə bilmirsən, Azərbaycanı xilas edirsən!”.
Bu zarafatyana yazılmış postun altında şou-biznes əhlini az qala İsa Məsih kimi qarşılıyan bir cəmiyyətdə belə sözlərin ancaq lağlağı kimi göründüyünü, xalq kütlələrinin maraq dairəsinin tanınmışların evlənib-boşanması, kim yasda ya toyda nə qələt elədi və b. mövzular olan şərhlər diqqətimi çəkdi. Bu sözlər də doğrudur, həqiqəti çoxdur, amma məsələnin başqa tərəfi də var.
İçində mifik “xalq-hakimiyyət birliyi” də olan bu paylaşım, daha çox şərhlər maraqlı gəldi və Çe Qevaranın güllələnməsindən öncəki olayını xatırladım.
XX yüzilin tarixindən – Fidel Kastro Kubada hakimiyyətə gələndən sonra Çe Qevaranı ikinci-üçüncü dərəcəli, Aqrar İslahatlar İnstitunun şöbə müdiri, Silahlı Qüvvələr Nazirliyinin təhsil departamenrinin, Milli Bank direktoru kimi vəzifələrə təyin etmişdi – bəlkə də siyasi qısqanclığından. Axı Kuba İnqilabı, dağlarda döyüşlər zamanı ən nüfuzlu lider Fideldən sonra ikinci Çe sayılırdı.
İşlərində uğur qazanan, o cümlədən xarizması, nəhəng populyarlığı hesabına xaricdən böyük kreditlər almağı bacaran, "əsas inqilabi mübarizə və mənim iştirakımdır" düşünən Çe Gevara vəzifə kimi şeylərə önəm vermədən özünü işə vurmuşdu. Amma mübariz ruhu onu rahatlıq buraxmırdı, ona görə dünyada antiimperialist milli-azadlıq hərəkatlarına silahlı dəstək planı hazırladı və Kastroya təqdim elədi. Dəstəyi özü verəcəkdi - partizan dəstəsinin komandiri kimi. Kastro qol qoydu.
Əvvəlcə Çe Qevara Afrikaya getdi, Konqo cəngəlliklərinə, amma bir sıra nədəndən, o cümlədən buradakı silahlı mübarizənin azadlıq uğrunda yox, hakimiyyət davası olduğunu anlayıb geri qayıtdı.
Onun partizan hərəkatına kömək etdiyi ölkələrin siyahısı indiyəcən tam məlum olmadığı, gizli saxlandığı yazılır, amma, məsələn, Mozambik silahlı müxalifətinin rəhbərliyi ilə görüşü məlumdur. Çe ora getməyə hazır idi, müsahibləri razı olmadı. Partizan hərəkatını gücləndirmək istədiyi sonuncu ölkə isə Bolivia oldu.
Dağlardakı döyüşdə yaralanan və silahsız, ancaq tapançası qalan, - dəyən güllə avtomatı zədələyib sıradan çıxmışdı, - Çe əsir düşür. Əsirlikdə də cəsarət və dönməzlik örnəyi göstərən Çe Gevaranın güllələnməsindən öncə bir neçə çox maraqlı olay baş verib, indi ikisini deyim.
Əfsanəvi komandanteni əsir alan hərbi hissənin bir çavuşu yaralı Gevaraya baxmaq, qısaca danışmaq üçün rəisindən icazə alaraq qolu qandallı saxlandığı dağ kənd məktəbinin otağına gəlib. Zabitlərlə danışmaqdan imtina edən, onu sorğu-suala tutmaq istəyən yüksək rütbəli zabitin sifətinə tüpürən Ge çavuşla 4-5 dəqiqə danışıb. Vəssəlam! 20-25 il sonra polkovnik rütbəsində olan həmin çavuş başqa Latın Amerikası ölkəsində hərbi çevrilişə rəhbərlik edən zabitlərdən biri kimi tanınıb..
Əlbəttə, Çe Gevaranın sözlərinin təsirinin önəmini, hərbi çevrilişin mütərəqqi olub-olmadığını dartışdırmaq olar, amma danmaq olmaz.
Bu əsrin əvvəlində Türkiyədə, Antalyadakı böyük treninqdə bizə - 120 nəfərlik gürcü, azərbaycanlı və erməni qrupuna dərs deyən C.Hopkins Universitetinin meəllimi, əslən Filippindən olan çox istedadlı bir fasilitator Cohn, - soyadını unutmuşam, təəssüf, - demişdi:
"Bütün bəşəriyyət iki hissəyə bölünür - dünyanı yaxşılığa doğru dəyişmək istəyən və istəməyən adamlara. Ümid edirəm, siz birinci azlıqdansınız. İnsanın həyatdakı uğuru, o cümlədən maddi uğuru, varlı olub-olmaması bu mövqedən asılı deyil".
Çe Gevara dünyanı yaxşılığa doğru dəyişmək istəyən adamlardan idi. Divarı qarşısında güllələnmədən öncə ucqar kənd məktəbinin cavan müəlliməsi ilə danışmaq istədiyini bildirmiş, konvoy rəisi sözünü yerə salmayaraq qızı yanına gətirmişdi. Çe müəllimədən məktəbin niyə belə kasıb, uçuq-sökük olduğunu soruşmuş, belə yerdə uşaqlara dərs deməyin ayıb olduğunu, dərsi, təhsili urvatdan saldığını demişdi. Sanki Hüseyn Cavidin "Bir millətin tərəqqisini bilmək üçün millətin ibtidai məktəblərini görmək kifayət edər" sözlərinə uyğun olaraq. Müəllimənin imkansızlıq, paytaxdan pul ayrılmaması, büdcənin kasadlığı və b. nədənlərini dinləyəndən sonra anlatmışdı:
"Biz bunun üçün vuruşuruq!"...
Hayıf, çox hayıf ki, tutduğu yol, ideologiyası səhv oldu və iflasa uğradı. Onun yeganə nəvəsi Kubada dissident oldu və imkan düşən kimi Amerikaya köcdü, yəni əfsanəvi babasının istədiyinin tam əksini elədi. Düz də elədi...
Sözüm ondadır ki, tərəqqinin yolu uzun və çətin olur. Hikmət Hacızadə ən önəmli kitabının adını nahaqdan "Demokratiya: gediləsi uzun bir yol” qoymamışdı.
Bir də onu vurğulamaq istəyirəm ki, insanlara deyilən hər 100 sözdən ən pis halda 90-ı, səpilən taxıl dənələri kimi quru, münbit olmayan ya lap daşa-qayaya düşə bilər, ölər, 10-u münbit torpağa, 8 cücərər, 5 boy atar, biri bar verər. Azdı?.
Ən pis halda da az deyil.
Əlizamin Salayevin ölüm aclığının 54-cü günüdür.
O Çe Gevara olmasa da, onun kimi tanınmasa da kənd məktəblərinin uçuq-sökük olmaması, kənd adamlarının, kənd və şəhərdəki sadə insanların ac qalmaması, qocaların dərmanpulu olması üçün, ədalət üçün vuruşub, indi də ölüm ayağında ola-ola vuruşuna davam edir.
Əlizamin Salayevi öldürməyin, azad edin! O azad olunmalıdır! Çe Gevaralar dünyadan gedəndə də ölmür!
Cingiz Sultansoy
Teref.az