Səlcuqların fars dili siyasəti
20-11-2023, 08:04
İslamın sadə, bəsit formasını qəbul edən geniş türk tayfaları ilə mərkəzi hakimiyyət arasında yaradılan ittifaq hərbi boy aristokratiyası ilə hökmdar arasında birgə mənfəətələrin və ortaq hədəflərin qorunmasına əsaslanırdı. Türk tayfaları dövlətin hərbi cəhətdən varlığını davam etdirərəkən, bunun qarşılığında vergidən azad olan türk tayfaları dövlət sərhədlərini qorumaq, düşmənə müqavimət göstərmək və yeni yurdlar fəth etmək məsuliyyətini daşıyırdılar. Bu tayfaların vəzifəsi hər hansı döyüş anında hüquqi hakimiyyəti müdafiə etmək və onun tərəfindən müharibədə iştirak etmək idi. Bu idarəçilik anlayışı örfi (törə nizamı) adı altında İslam hüquq sisteminə daxil oldu.
Oğuzlar bu prinsipin tətbiqində Əməvilər dövründən etibarən bölgədə kök salmış ərəb aristokratiyası və ərəbdilli bürökratiyanın təzyiqi ilə üzləşdilər. Həmin təzyiqi sındırmaq üçün səlcuqlar İran ünsürlərindən təşkil olunan və Smanilər-Qəznəvilər dövründə böyük bürokratik kütlə (dehqan) halına gələn siyasi və hərbi baxımdan passiv güclə razılaşma yolunu seçdilər. Bu ittifaq başlanğıcda iki əsasa söykənirdi:
1. Hüquq (şərii) xaricində bütün regional münasibətlər ərəbcənin yerinə fars (dəricə) dilində aparılacaqdır.
2. Bu yolla müxtəlif İran kimlikli xalqların yaşadığı şəhərlərin və kəndlərin sosial-mədəni təminatı türklər tərəfindən icra olunacaqdır.
Bu məqsədlə Səlcuqlar Buxara, Səmərqənd, Nişapurda Samani və Qəznəvi bürokratiyasının istifadə etdiyi fars dilini müxtəlif İran kimlikli xalqlar arasında vahid ünsiyyət dili tməklə farscanın Orta Şərqdə yayılmasına şərait yaratdılar. Dəri, yəni "saray dili" olaraq IX-X əsrdə pəhləvicə-ərəbcə-türkcənin qarışığından yaranan farsca bu yolla İran coğrafiyasına ədəbi-bürokratik (divan və ədəbiyyat) dil olaraq daxil oldu. Səlcuqlar bu yolla ərəbdilli və farsdilli bürökratiyanı üz-üzə gətirərkən, təzyiqləri bu müstəviyə qaldırmaqla dövlət üçün rahat idarəetmə fəaliyyət sahəsi yaratdılar.
Azərbaycan - "Milli kimliyin tarixi məsələləri" məqalələr toplusu
Əkbər N.Nəcəf, Azərbaycan tarixinin metafizikası səh 100 - 101