PARASELS, BORXES VƏ ƏCZAÇILIQ MUZEYİ

6-04-2024, 11:14           
PARASELS, BORXES VƏ ƏCZAÇILIQ MUZEYİ
(Heydelberq qeydləri – 3)
Şəhərin ən önəmli tarixi abidəsi 14-cü əsrdə inşa edilmiş Heydelberq qəsrdir.
Ancaq qəsrin içində yerləşən “Aptek müzeyi” də mütləq və mütləq görüləsi yerlərdəndir.
“Əczaçılıq müzeyi” haqqında 20-25 il əvvəl oxumuşdum.
Tam da o zaman dahi Borxesin “Paraselsin qızıl gülü” adlı hekayəsini oxuyurdum…
Avropada muzeylərin çoxu kasad eksponatı olan maraqsız və görülməsinə dəyməyən yerlərdir. Ancaq bu, çooox fərqlidir.
***
Borxesin ən gözəl hekayələrindən biridir “Paraselsin qızıl gülü”, məncə.
Dünya ədəbiyyatının ən böyük mistifikatoru insanın daxili dünyasını tənzimləyən sonsuzluq və vəhdətin dialektikasını muncuq kimi ipə düzüb. Hekayənin adından belə gözəllik, təravət axır. Başdan ayağa ədəbiyyat meditasiyasıdır hekayə. Cəmi 3-4 səhifə olmasına baxmayaraq Borxesin əngin xəyal gücü, dərin passajları oxucunu hekayə bitdikdən sonra da intizarda saxlayır.
Hekayənin süjeti sadədir. Sirli mistik Paraselsin evinə bir gənc gəlir və Ustaddan onu özünə şəyird götürməsini istəyir. Ancaq əvvəlcə ona bir möcüzə göstərməsini xahiş edir – buxarıya bir qızılgül atır. Od tutan gül kül olur. Əgər Parasels küllərdən qızılgülü yenidən yaratsa, onda gənc kimyagərin qüdrətinə inanacaq və ömürlük onun şəyirdi olacaq. “Sən çox sadəlövhsən, — Parasels deyir. – Mənə səndəki inanc lazımdır”. Parasels gəncin dediyini etmir, onun gedişindən sonra isə küldən bir çimdik götürərək qızılgülü dirildir, möcüzə edir, onu yenidən yaradır…

***
Kimdir Parasels?
Əsl adı Filip fon Hohenheymdir (1493-1541). Gələcəkdə “Farmakologiyanın Atası” adlandırılacaq fon Hohenheym təvazökarlıqdan uzaqmış bir az. Özünə “Parasels” adını götürür. “Para” yunan dilində “bənzər” anlamına gəldiyindən özünə “Selsə Bənzər” adını götürür. Yəni o, özünü qədim Roma alimi, təbib və filosof olan, gigiyena, terapiya, cərrahiyyə və patalogiya sahəsində böyük əsərlər yazmış Selsə (Celsus Aulus Cornelius, e.ə. 30 – b.e. 50) bənzədib.
Parasels magiya, sehrbazlıq və anatomiya öyrənmək üçün 24 yaşında bütün Avropanı gəzir. Savaşlara qatılır, hərbi cərrah kimi təcrübə qazanır. Bu ölkələrdə qaraçılar, ara həkimləri, cadugər və cəlladlarla görüşür, müxtəlif türkəçarə müalicə üsullarını toplayır. “Qadın xəstəlikləri”, “Böyük Cərrahiiyə” kimi 9 fundamental elmi əsər yazır. Parasels 1527-də Bazel universiteti qarşısında Hippokrat, Berqamalı Qalen və İbn Sinanın kitablarını yandıraraq tibbin inkişaf yolunu dəyişdirir. O, elmə Böyük islahatçı kimi daxil olub, öz fəlsəfə və tibb məktəblərini yaradaraq, bütün dövrlərin ən görkəmli alimlər kaqortasına daxil edilib.
Paraselsə qədər bütün dərmanlar, həblər, miksturalar istisnasız şəfalı otlar və bitkilərdən hazırlanırdı. Ancaq Parasels ilk dəfə olaraq farmokologiyaya kimyanı gətirdi, elmi gətirdi, qurulan ilk aparatlarda ilk kimyəvi preparatları kəşf etdi və onu insanlar üzərində sınaqdan keçirərək inqilab etdi.
***

Paraselsi Borxesi oxuduqdan sonra araştırdım, məqalələr oxudum. Doğrusu, bütün dikbaşlığına rəğmən ona heyran qalmışdım. Heydelberqə gəlib “Əczaçılıq muzeyi”ni görməsəydim bunu özümə bağışlamazdım. “Hər şey zəhərdir və hər şey də dərmandır” demişdi böyük Parasels…
Qəsrin divarlarının içində yerləşən “Aptek müzeyi” möhtəşəmdir.
Həm elm, həm də müalicə sənəti olan farmakologiyaya yazılmış bir poemadır sanki bu muzey.
İçəri daxil olan kimi sizi iki gözəl heykəl salamlayır.
Biri Tibb Tanrısı Asklepi, o biri isə onun qızı, Gigiyena İlahəsi Gigieyadır.
Əczaxananın əsas zalında rəflərdə düzülmüş, latın əlifbası ilə yazılmış gözəl şüşə və çini kolbalar var. Başqa bir masada isə dərmanların kiçik dozalarını ölçmək üçün tərəzilər sərgilənir. Baş tərəfdə İsa Məsihin qızıl suyuna salınmış büstünü görürük. Yan otaqdakı şkaflarda o dövrdə əczaxanalarda satılan müxtəlif tibbi alətlər qorunur.
Muzeydə çox sayda resept kitabları var.
Universitetdə latın dili öyrədilən bizim həkimlərimiz də bu qədim reseptləri oxuya bilərlər.
Maraqlıdır ki, Avropada həkimlər reseptləri ingiliscə yazırlar.
Bu da çox pis haldır, çünki qədim vaxtlarda reseptləri həm də ona görə latınca yazırdılar ki, digər dillərdə danışan həkimlər də onu anlaya bilsinlər…
Eksponatları, gördüklərimi yazmaqla bitməz.
Arzu edirəm ki, buralara yolunuz düşsə siz də vaxt tapıb bu qeyri-adi müzeyi gəzər, həm də mənim kimi Dahi Paraselsi anarsız…
https://t.me/ibrahim_nebioglu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.