BİBLİYADA TÜRK DİLİNDƏ HÖKM

23-04-2024, 17:17           
BİBLİYADA TÜRK DİLİNDƏ HÖKM
Bizim tanıdığımız tarix XVI-XVIII əsrlərdən etibarən avrosentrist və Hind-Avropa ideoloji xəttinin təsiri ilə tamamilə ilə saxtalaşdırılmışdır. Səbəbi barədə dəfələrlə yazmışıq. Bu saxtalaşdırmaya xristian tarixi və xristian dininə aid müqəddəs kitablar da məruz qalmışdır. Erkən xristianlığın, onun qaynaqlandığı digər dinlərin Parfiya iskit-sakaları ilə bağlı olması səbəbindən dini kitablar və ayinlər də türk dilində olmuşdur. Son dövrlərin dərin analizləri bu sirləri yavaş-yavaş açır. Erməni əlifbası ilə türk dilində qədim xristian duaları, Kiyev şəhərinin 1500 illik yubileyi zamanı oxunan qədim kilsə ayininin türkcə olması, bundan başqa Katolik kilsəsinin və onun gizli ordenlərinin böyük səyi ilə dəyişdirilən, yenidən yazılan mətnlərdə türk dilinin izlərinin sezilməsi bu istiqamətdə daha ciddi araşdırmaları ehtiyacın olmasından xəbər verir. Məsələn, İncildə yazılan və əsrlərdir ki, xristian dünyasının doğru-dürüst izahat verə bilmədiyi, hətta İncilin özündə də izahının məntiqə uyğun olmadığı bir ifadəni yada salaq. “Daniel peyğəmbərin kitabında (5/2-28) bir hadisə barədə belə deyilir ki, Babilin son hökmdarı Baltasar ziyafət zamanı Yerusəlim məbədindən gətirilən müqəddəs qabları təhqir etdiyi zaman insan biləyi peyda olur və divarda anlaşılmaz ifadə yazır. Bəzi dini kitablarda bu əlin Cəbrayıla məxsus olduğu yazılır. Əlin divarda yazdığı ifadə belədir: “Mene Tekel Uparsin”. Babil müdrikləri bu ifadəni anlamadıqda Daniel peyğəmbəri çağırırlar və İncildə Daniel peyğəmbərin yozumu belə qeyd olunur: Sayır, Ölçür, Bölür. Yozumu isə belə verilir:

Mene: Tanrı sənin padşahlığını sayıb və başa çatdırıb
(Mene = God has numbered your kingdom, and finished it)

Tekel: Sənin çəkin tərəzidə ölçüldü və yüngül gəldi
(Tekel = You have been weighed in the balances, and found wanting)

Uparsin: Sənin krallığın bölündü və Midiyalılara və Farslara verildi.
(Upharsin = Your kingdom has been divided, and given to the Medes and Persians).

Həmin axşam Baltasar öldürülür və Babil Əhəməni dövlətinin tərkibinə qatılır. Heç şübhəsiz İncil o hadisələrdən çox sonralar qələmə alınıb və oradakı şərhlərin obyektivliyi sual doğurmaya bilməz. Xristian dininin nümayəndələri, teoloqlar və dinşünaslar on illərdir ki, İncildəki bu ifadəyə doğru-dürüst izahat verə bilmirlər. Skeptiklər isə sadə bir suala cavab axtarırlar ki, cəmi üç sözün yozumuna bu qədər mətn haradan alındı? Babillilərin anlaya bilmədiyi bu ifadə hansı dildə idi? Bu suallara cavab yoxdur! Halbuki, bu ifadə bir dildə çox asanca başa düşülür. “Mene Tekel Uparsin” ifadəsi türk dilində elə “Məni tək əl aparsın” demək deyilmi? Əgər divarda tək əl peyda olub “Mene tek el uparsin” yazırsa, bu qədər uyğunluğun fonunda niyə ortaya məntiqə uyğun olmayan anlaşılmaz bir mətn qoyaq, ora özümüzdən Midiya və Fars sözləri artıraq? Bölgədəki Şumer, Babil, Akkad, Quti, Subar sivilizasiyalarının türklərlə əlaqəsini düşünsək, görkəmli Britaniya arxeoloqu və assuriyaşünaslığın banisi hesab olunan Henri Roulinsonun gil yazıları tədqiq etdikdən sonra şumer dilini “skif dili” (iskit dili) və ya “türk dili” adlandırmasını, şumerlərə “Babil skifləri” adını verməsini yada salsaq, o dövrdə təkallahlıq, buddizm təlimlərinin iskitlərlə bağlı olduğunu, əsl adı Maday olan Midiya xalqının qədim saka-iskitlərlə bağlılıqlarını nəzərə alsaq, madayların bir qolunun maqlar olduğunu da buraya əlavə etsək “məni tək əl aparsın” ifadəsinin saka-qıpçaq ləhcəsində yazıldığını güman etmək olar. “Əl/il” sözü Babildə və ümumən Yaxın Şərqdə Tanrı mənasında işləndiyini yada salsaq, “təkəl” sözünün tək tanrı, tanrının əli kimi anlamaq olar. Təsadüfi deyil ki, tək əl kultu üzü Şumerdən bu yana bütün dinlərdə və məzhəblərdə özünə yer tapmışdır. Şumerdə məhsuldarlıq tanrısı İnanna, Akkad mifologiyasında tanrı İştarın əli kimi tanınan tək əl simvolu olmuşdur. Buddizmdə Dxarmaçakranın əli simvolu da vardı. Hətta Pompeydə də e.ə. IV əsrə aid tək əl simvolu tapılmışdır. Karfagendə isə bakirə tanrı Tannitanın əl simvolu, Misirdə Hameş adı ilə gözdən və pisliklərdən qorunmaq üçün istifadə olunmuşdur. Sonradan tək əl kultu yəhudilikdə həyat simvolu və ya “Miriyamın əli”, İslamda “Fatimənin əli” və s. kimi anlamlarda da öz əksini tapmışdır.

Və sonda, İncildə adı keçən Babil hökmdarı Baltasarın adını müxtəlif əcaib-qəraib hecalara bölüb qarmaqarışıq mənalar verirlər. Bu adın “hökmdarı qoruyan” mənasını verdiyini deyirlər, amma doğru-dürüst izahatını açıqlaya bilmirlər. Çünki, mənanı yalnız Hind-Avropa və Sami dillərində tapmağa çalışırlar. Halbuki, bu adda çox açıqca iki heca var: Balta və Sar. Balta qədim zamanlardan müdafiə, tanrı ədaləti simvolu kimi tanınıb. Məsələn, “Zevzin baltası” tanrı ədalətinin qoruyucusu kimi tanınırdı. Bu inanc bir çox xalqarın mifologiyasında var. Şimal xalqlarında Tor tanrısının baltası gec və müdafiə simvoludur. Sar sözü isə qədimlərdən türklərdə hökmdar, ali təbəqənin nümayəndəsi anlamında işlənmişdir. Ruslarda olan “царь” sözü də məhz türklərin Sar sözündən keçmişdir. Özünü Avropaya bağlamaq istəyən və keçmiş türk-tatar irsindən imtina edən gizli yezuit agentləri olan rus müəlliflər “çar” sözünün guya Sezarın adından yarandığını iddia edir. Baxmayaraq ki, bu iki söz arasında bənzərlik çox azdır və bu söz Romadan çox uzaqlarda, qədimdən mövcud olmuşdur. “Sar” sözü türklərdə qədim zamanlardan “pak”, “müqəddəs” mənalarında işlədilib. Türklərdə rəngi bildirən “sarı” sözü də buradandır. Bu günəşin rəngidir. Türklər günəşi müqəddəs və pak hesab etmişlər. Sarı sözü ilə biz türklərdə hökmdar və yer adlarına rast gəlirik: buntürklərin Sariken şəhəri, Azovda Sarkel qalası, qıpçaq xanı Şarukan, və ya Səlcuq əmiri Sarukan. Hazırda Rusiyada yerləşən, Volqa (İtil) bulqarlarının ana yurdu olan Sarıtau (Saratov) da Sarıdağ - “müqəddəs dağ” anlamını verir. Nəhayət, rus müəllifləri indiki Volqaqrad şəhərinin gerçək adı olan “Царицын” adının Sarı-su adından götürüldüyünü etiraf edirlər. Əgər Qızıl Orda şəhəri Sarı-su Царыцин olursa, o zaman Sarı sözü niyə “çar” sözünün əcdadı olmur? Maraqlıdır ki, uzun illərdir Qərbin elmi dairələri Akkad hökmdarı Sarqonun adının etimologiyasını izah etməkdə çətinlik çəkirlər. Sarqon haqqında əfsanə onun bağban olduğunu deyir və əsl adı məlum deyil. Tarixçilərin yazdığına görə, taxt-tacı ələ keçirməsinə bəraət qazandırmaq və özünün aşağı təbəqədən olduğunu gizlətmək üçün o, “Şarukan” adını götürür. Araşdrımaçılar bu adın mənasını “əsl hökmdar” kimi təqdim edir. Belə bir tərcümənin haradan alındığını isə heç kim izah etmir. Lakin Sarqon (düzgün oxunuşda Sarukan və ya Şarukan) adının mənşəyi türk dilinin əsasında asan izah olunur. “Sarı kan” və ya “Sarı xan” türk dilində “ali qan”, “nəcabətli qan”, “nəcabətli hökmdar” mənasını verir.
Beləliklə, türk dilində “məni tək əl aparsın” hökmünü alan Baltasarın adı da türk dilində çox asanca “Hökmdarın baltası”, “hökmdarın qoruyucusu” mənasında izah olunur.

P.S. Həqiqətlər yazılsa görün nələr baş verər...

Ataş Sultanov,
Tarixçi Alim.
TEREF
#XəzərAlbaniyası
#CaspianAlbania
#QafqazAlbaniyası
#CaucasianAlbania
#КавказскаяАлбания
#aztagrambaku #Baku #Bibliya
#AlbanKilsesi #XristianTürklər
#Gürcü #AlbanianTemple #𐱅𐰇𐰼𐰰
#Azərbaycan #Tarix #Tapınak #İncil #AzərbaycanTürkləri #Türk #Alban
#QərbiAzərbaycan #aztagrampeople
#Ərmən #Azerbaijan #AlbanlarTürkdür #AlbanMebedi #Vəng #AlbanianChurch
#АлбанскаяЦерковь #QarabağAzərbaycandır












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.