Şah Abbasın 999 karvansarasından biri…

25-05-2024, 15:28           
Şah Abbasın 999 karvansarasından biri…
Düzü, Nardaranda Şah Abbas karvansarası olduğunu bilmirdim. Rahib Azərinin filmində gördüm və gedib öz gözümlə görmək istədim.
Hürmüz fatehi Şah Abbas tariximizin böyüklərindən biri, bir rəvayətə görə qan bağımın olduğu bir Səfəvi hökmdarıdır.
Haşiyə çıxım: 7-ci imam Museyi Kazım törəməsi sayılan Vəzir babam Seyid Mirzə Əli Məhəmməd ağa Qarabağa Ərdəbildən gəlmədir. O taydan gələndə soyumuzun adı Sofuoğlu olub. Pənah Əli xan Cavanşir Qarabağ xanlığını quranda tayfalıqca mirzələr, vəzirlər, dövlət adamları yetirmiş Soğuoğlularından ağır bir ocaq sahibini Şişə qalasına görəvə dəvət edir. Sofuoğulları Səfəvilərin qol-qanad tayfalarındandır və Səfəvi dövlətinin varlığında canları, qanları ilə nəsilbənəsil iştirak ediblər.
O zamanın idarəetmə şüuruna görə dövlətin vəzirlərindən biri peyğəmbər ovladı olarsa Rəsulun əli o dövlətin çiynində olar, sayılırmış.
Beləcə, Nadir Şah Avşar sarayından qaçan Pənah Əli bəy tayfasını başına yığıb Qarabağda dövlət qurur, özünü xan elan edir. Bundan sonra inandığı, güvəndiyi adamları iş başına çağırır. Biz, Qarabağa - Şişə qalasına dəvət edilmiş bütün tayfalar kimi o gündən bu günə, yəni artıq dördüncü əsrdir ki, qarabağlı, rus dönəmi başlayandan sonra Vəzirov soyadlı oluruq.
Bildiyiniz kimi Şah Abbas təkcə fateh deyildi, həm də qurucu, yaradıcı idi. Hürmüz adasından ta Tiflisə, Dərbəndə kimi bu gün də adı, anısı qalmaqdadır. Yeganə şahdır ki, nağıllarımızda adı "Şah Abbas Cənnətməkan" kimi anılır. Xalq yaradıcılığına onun qədər ün salan ikinci bir hökmdar yoxdur. Bəlkə də dünyada yoxdur.
Şah Abbasın islahatları saya gəlməz…
Günlərin bir günü vəziri Allahverdi xanı çağırıb yeni layihəsini ona tapşırır: Xəzinəm hesabına Hürmüzdən Dərbəndə kimi min dənə karvansara inşa etdirəcəksən.
1000 dənə!
O zaman vəzirlər şahların layihələrindən para çırpışdıra bilməzdilər, kəllələri gedərdi. Bir dövlət adamı üçün doğruluq, indikindən fərqli olaraq, yaşam şərti idi.
Çox aylar keçir, çox illər dolanır, iş başa çatır. Şah Abbasın kəşfiyyatı Səfəvi dövlətinin göylərində uçan quşların belə sayın, adını nə yuvanın quşu olduğunu bilərmiş. Vəzir hesabat verməmiş şaha xəbər gətirirlər ki, Allahverdi xan min deyil, 999 karvansara tikdirdi.
Şah qəzəblənir. Xəzinə xalqın deyil ki, gözünü yumsun, desin, dağıdın. Özünündü! Fəthi ilə, hünəri ilə, qılıncı ilə qazanıb. Hər qəpiyin hesabı var. Beləcə, təftiş başlayır, Vəzir divana ifadəyə çağırılır:
- Şah sağ olsun. Bəli, karvansaranın sayı 999-dur. Səbəb nədir? Çünkü min deyilən elə bir rəqəmdir ki, yeri gələndə yüzə də, beş yüzə də min deyə bilərsən, beş-on cür olana da min cür deyə bilərsən. Amma 999 elə 999 dur. Qətidir. Dəqiqdir. Bu ali rəqəmin təhrifi, azaltması, çoxaltması yoxdur. Bu rəqəm tarixin yaddaşında qalacaq. Hər kəs bir dəfə eşitsə bir daha unutmayacaq ki, Böyük Şah Abbas Səfəvi Bəsrə körfəsindən Türük çayına kimi 999 karvansara tikdirdi.
Şah bu fikri bəyənir. Ağıllı adamlar ağıllı fikri göydə tutar.
Vəzir Allahverdi xan haqlı çıxır, gerçəkdən də tarixdə qalır ki, Şah Abbas Bəsrə körfəzindən ta Şimali Qafqazın Türk sərhədləri olan Terek (Türük) çayına kimi, Azərbaycan Səfəvi imperiyasının son uc sınırlarına kimi 999 karvansara tikdirib.
O 999 karvansaranın biri də Nardaranda imiş. Nədən? Təbii ki karvansara ehtiyac olan yerdə, şəhərlərə, ölkələrə, qitələrə aparan yolların ayrıcında, karvan yollarının üstündə tikilirdi. Demək, Nardaranın Şah Abbas dövründə belə bir ehtişamı varmış.
s.a. Çox ehtiyac var ki, Azərbaycan xalqının tarixi qəhrəman olan Böyük Şah Abbasın karvansaraları adlı bir monoqrafiya ola. Bəlkə var. Bilmirəm. Bilirsinizsə deyin.
s.a.a. Şah Abbas karvansarası sorağına Nardarana getdim. Necə deyiblər:
Dağlardan aşdım, düzə qoymadılar,
Bəzəndim gəldim sizə qoymadılar.
Bizi də qoymadılar.
Kəndin girişində polis postu qoyulub. Dedim:
- Şah Abbas karvansarasını görməyə gəlmişəm. Pirə də gedəcəm.
- Yaşayış qeydiyyatı olanlardan başqa kimsə kəndə girə bilməz. – dedi polis.
- Niyə? - dedim.
- Icazə yoxdu. – dedi.
Nardaran hadisələrini bilirik. Dövlətimizə qarşı dini oyunlara da qarşıyıq. Bizim dinimizdən bizə qarşı istifadə edənlərin də dərsi verilməlidir. Lakin bu qapılar hər kəsin üzünə bağlanmamalıdır. Zatən, dövlətə xəyanət 40 gün sürər, indiki texnoloji əsrində 4 gün belə sürməz, üstü açılar, kimin kim olduğu bəlli olar.
Onu da əlavə edim, Nardaranda Şah Abbas karvansarasından daha çox “Nardaran Piri” adı ilə tanınan məkan daha ünlüdür. Çünkü bizm milli kimliyimizi deyil, dini kimliyimizi qabartmağa çalışan qüvvələr hələ də at oynadır. Rus-sovet rejimi bunlardan birincisi idi. Bir dönəm ateist rejim olsa da xain (hamısının deyil!) mollaların əli ilə öz işini görməkdə böyük təcrübəsi var, bilirsiniz.
Sağ olsun, Rahib Azəri öz filmində Nardaranın bütün tarixi abidələrindən bəhs edir, o cümlədən, Nardaran Piri adlanan məkanda dəfn edilmiş, 7-ci imam Museyi-Kazımın qızı Rəhimə xanımdan, onun həyatından, qutsal sayılan məzarından, ümrünü keçirdiyi otaqlarından söhbət açır. Bilmədiklərimizi də öyrədir.
Əlbəttə, biz də dəyərlərimizə bağlı bir nəsilin övladı olaraq uşaqlıqda da, böyüklükdə də, üç ildə, 5 ildə bir bu piri ziyarət etmişik. Bu dəfə filmə baxdım və ürəyim istədi ki, böyük bibim sayılan Rəhimə xanımı ziyarət edim.
Yadımdadı, bir zamanlar o ziyarətgah sadə, təmiz, hər cür siyasətdən və fitnə-fəsaddan uzaq bir yer idi. Necə böyüdülüb nəhəng bir tikiliyə çevrildiyini, o məkanda nə əllər öpüldüyünü də görmüşük, nə işlər çevrildiyini də eşitmişik. Lakin insan xətasına görə tarixi cəzalandırmaq olmaz. Mədəni Avropada belə tarixi qutsal yerləri dövlət necə qoruyur, necə əziz tutur, zəvvarların rahatlığı üçün nələr edir… hətta maddi gəlir götürmək üçün təşviq belə edir, bilirsiniz.
Öz dövlətini qoyub başqa dövlətlərin təəssübünü çəkənlər təkcə bizdə deyil ki, dünyanın hər yerində var. Dövlət günahlılara görə günahsızları cəzalandırmaz. Dövlət suçlu bildiyini toplumun içindən elə alıb sıyırar, elə zərərsizləşdirər ki, düzənə xələl gəlməz. Dövlətin ağlı və gücü bu fəndə yetməlidir. Əlaqəsi olmayanın, yəni mənim kimi tarixə səyahət edənlərin, dini kültürü olanların yolu bağlanmamalıdır.
Nə isə… bağlı qapılar ölkəsi olmaq… vətəndaş üçün əzablı bir işdir… "bəzənib gedirsən"… bağlı qapılarla üzləşirsən…
Mehriban Vezir
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.