MARSDAN QONAĞIM GƏLMİŞDİ

14-07-2024, 00:01           
MARSDAN QONAĞIM GƏLMİŞDİ
Gecə saat 1-də telefonuma zəng gəldi... Zəng gəlirdi amma nömrə görünmürdü. Gizli nömrə deyildi, ümumiyyətlə nömrə yox idi. Sadəcə zəng gəlirdi... Biraz qorxdum... Dedim yəqin əzraildir, dalımca gəlməyə həvəsi yoxdur deyə zəng eləyir ki özüm gəlim.
Götürdüm dedim,
- Alo...
Dedi,
- Alo, salam, bağışlayın sizi Marsdan narahat eləyirik... Mən jurnalistəm, sizin planetə ezam eləyirlər ki adət ənənələrinizlə, mədəniyyətinizlə tanış olum. Sülh məqsədləri ilə gələcəm. Məqsədim – planetlər arası əlaqələr qurmaqdır. Sizdən də xahiş eləyirəm ki sabah məni qarşılayıb kömək eləyəsiz.
Dedim, onda sənə üç sual,
-Niyə məhz Azərbaycan?
Dedi,
- Sizin planetdən, burda Marsda yalnız bir TV kanal göstərir, o da ANSdir.
Yadıma düşdü, doğurdan ANS hər yerdədir axı.
- Niyə məhz mən?
Dedi,
- Sənin nömrəndə on rəqəmin onu da var.
Heç ağlıma gəlməzdi, metronun çıxışından 2 manata aldığım nömrəyə bir gün Marsdan zəng eləyəcəklər.
- Bəs gecə 1-də niyə zəng eləyirsən?
Dedi,
- Həə, bağışla, məndə MarsCELL-dir, gecə 12-dən sonra başqa planetlərə zənglər pulsuzdur.
Dedim, gəl.
Səhərisi gün yadplanetli dostum uçan boşqabını Yasamala endirdi. Endirən kimi bir dənə qaqaş çıxdı dedi,
- Brat, camaatın anası bacısı var.
Dedim,
- Hə, nə olsun?
Dedi,
- Heçnə, prosto camaatın anası bacısı var.
Qarşıladım, görüşdük elədik.
Dedi,
- Bağışla, yarım saat gecikdim, sizin Yol Polisi saxlamışdı.
Dedim,
- Yol Polisi? Sən göylə gəlirdin axı.
Dedi,
- Hə, sadəcə polis buludların arasında gizlənmişdi.
Axşam 7 idi. Dedim, gəl səni aparım bizim toyları gör. Getdik, oturduq toyda.
Dedi,
- Hər şey yaxşıdır, amma musiqi biraz bərk səslənir e.
Dedim,
- Musiqi bərk səslənməlidir, sən bilmərsən belə şeyləri. Bu birnöv adrenalindir. Bu bizim milli viaqramızdır. Musiqi yavaş səslənsə toy gecəsi bəyin şeyi qalxmaya bilər. Musiqiçilərdən oqədər tər axmalıdır ki, onlar gedəndən sonra pol çürüsün.
Dedi,
- Nə gözəl, nə gözəl…
Getdik evə, yadplanetli dostum dedi,
- Mən hər şeyi bilmək istəyirəm, məsəl üçün Xristianlarda müqəddəs üçlük olur – Ata, Oğul və Müqəddəs Ruh. Bəs sizdə necədir?
Dedim,
- Bizdə də müqəddəs üçlük var - Dönər, Ayran və Müqəddəs Kent 8.
Başladı siyasətdən, elmdən filandan suallar verməyə.
Dedim,
- Mənim əziz yadplanetli dostum, elm filan, belə şeylər ilə avropalılar məşğul olur, biz rahat adamlarıq. Onlar yaşayış səviyyəsini qaldırır, biz 07-nin qabağını.
Bizdə sinoptiklərə ehtiyac yoxdur. Yağış yağırsa, səhər oyanan hər bir insan, tualetə gedib işəməkdən əvvəl mütləq Facebook-a girib status yazmalıdırkı “Yağış yağııııır” və yağır sözündəki “ı”ların sayından sən bu insanın yağışın yağmasına nəqədər sevindiyini müəyyən eləyirsən.
Yağışı yazmamaq da olar, amma qar yağırsa, mütləq yazmalısan. Bu bizim vətəndaşlıq borcumuzdur.
Bizdə insanlar hamamda mügənni, tualetdə filosof, çayxanada politoloq olur.
Çayxanada siyasi mövzuların hamısı “Əşiii, hamısı siyasətdir”, yada “Əşiii, hamısı masonların işidir” ifadəsi ilə bitir və dərhal çay süzülür.
Gecə düşmüşdü, dedim,
- Sən yat, səhər davam eləyərik.
Səhər tezdən oyandım. Yadplanetli dostum hələ yatırdı. Getdim dükandan bir qutu Mars şokoladı aldım, bir də Bruno Marsın disklərini. Dedim, hədiyyə verərəm, aparar Marsda dost tanışına paylayar.
Evə gəldim gördüm yadplanetli dostum yoxdur. Gecəyə qədər gözlədim gəlib çıxmadı.
Üstündən bir həftə sonra, gecə 1-də telefonuma mesaj gəldi. Yadplanetli dostum idi, yazmışdı “Sən məni aldatdın, dostum. Azərbaycanın 1 nömrəli şəhəri Bakı deyil, Sumqayıtdır. Mən səhər oyandım, gördüm sən yoxsan, tək çıxdım şəhərə, yarım saat gəzdim. Bu yarım saatda mənə hardasa 20 nəfər yaxınlaşıb Sumqayıta getməyə 20 qəpik istədi. Sumqayıt gör necə gözəl yerdir ki, insanlar ora getmək üçün hətta dilənirlər”
Yazdım,
- Bir həftədir harda idin?
Dedi,
- Hələ indi çatdım Marsa, Yasamal uşaqları uçan boşqabımın qabağını qaldırıblar, yolu pis görürdüm.
Cavab yazmağa konturum olsa da, sözüm yox idi.
Məmməd Şiriyev | Bakı
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.