Səkinin dislokasiyası
27-09-2024, 09:21
Bakı şəhər bələdiyyəsinin yaradılmaması paytaxtın bir çox problemlərində özünü göstərir. Örnək üçün, son günlər hamı Xocalı prospektindəki əcaib yol nişanlamasından danışırdı. Orada yolun bir tərəfi parkinq üçün ayrılıbmış, bir tərəfi isə velosipedlər üçün. Ortadakı iki zolağın biri ilə avtomobillər, o biri ilə avtobuslar getməliymiş. Ancaq avtomobil zolağından parkinqə keçid qoyulmayıb, üstəlik, məcburən avtobus zolağını da basmalıymışlar. Yəni qələt eləyib parkinq etmək istəsən azı ikiqat cərimə gələsidir (təxminən yadımda qalan budur, ola bilər müəyyən texniki detallarda yanılım).
Axırı necə oldu? Heç zad. Yol polisi həmin hissədə cərimə yazmayacağını bəyan etdi. Təsəvvür edirsinizmi? Məntiqlə, qanun-qayda pozulacaq, lakin xalqın naminə buna göz yumulacaqdır. Belə idarəetmə olarmı? Olar. Xalqa minnət qoymaq üçün əlavə məkandır. Kef eləyin. Özünüzü yaxşı aparsanız zolağa su da buraxılacaq. Yayda çimişərsiniz.
Yaxud yenə hansısa paytaxt küçəsində səkini tamamilə ləğv ediblər. Ərazinin Yasamala aid olduğu hallanırmış, lakin Yasamal icra hakimiyyəti boynuna almayıb. Deyiblər o küçə bizim rayonun sərhədindən qıraqdadır. Hətta az qala hərbi terminologiyaya keçiblər: “Səki bizim dislokasiyaya aid deyildir”. Pah. Sanarsan səkidən cəbhə xətti keçir.
Sovet vaxtı “Mozalan” satirik kinojurnalında bir süjetdə kimsə küçədə alver edirdi, milis gəlib fıştırıq çalanda keçirdi küçənin o biri tərəfinə. Milis rahatlaşırdı, çünki ora başqa milisin ərazisiydi. Bir azdan bu tərəfdən də milis gəlirdi. Adam gedib yolun ortasında, qoşa zolağın içində dururdu və işini görürdü, ona heç kim mane olmurdu.
İndi “o küçəyə biz baxmırıq” kimi tragikomik arqumentlər də həmin tarixi durumun təkrarıdır. Əgər paytaxt ümumi bir bələdiyyəyə, merə, seçkili orqana tabe olsa, jurnalistlər küçəbəküçə düşüb “görəsən, bu səkiyə hansı icra hakimi cavabdehdir” soruşardımı? Soruşmazdı. Dərə xəlvət, tülkü bəy olanda, dərəbəylik yaranır.
Ən gülməli yiyəsizlik Sumqayıt stadionunda yaranıbmış. Qaz idarəsi 100 min manat borca görə stadionun qazını kəsib, indi futbolçular soyuq su ilə yuyunmağa məcbur imiş. (Əgər mən Sumqayıt klubunun oyunlarından reportaj hazırlasam, komandam uduzsa məzə üçün belə başlıq qoyardım: “Bu məğlubiyyət komandamıza soyuq duş təsiri bağışladı”).
Maraqlıdır ki, borcun yiyəsi tapılmırmış. Sumqayıt klubu deyir bu stadionu bizə Sumqayıt icra hakimiyyəti verib, borcu da ödəsinlər. Sumqayıt icra hakimiyyəti deyir heç elə zad yoxdur, oyun oynayırsınız, zəhmət çəkin qazın pulunu verin. Klub bu dəfə topu sinəsinə basıb deyib ki, axı biz bu stadionda cəmi 2 oyun oynamışıq, o boyda qazı necə yandıra bilərdik?
Ancaq ölkəmizdə demokratik mühit inkişaf edir. Əsas ümidverici olan budur. Özü də maraqlıdır ki, həmişə olduğu kimi, tarixi təcrübəyə əsasən demokratik inkişafımız yenə Naxçıvandan başlamışdır! Orada Vasif müəllimdən sonra boş qalan Ali Məclis sədri vəzifəsinə seçkilər keçirilmişdir, lakin deputatlar verilən namizədi dəstəkləməyibdir!
Fantastikadır. Nəticədə indi Naxçıvan AM sədrsiz qalmışdır. Özü də qəribədir, AM sədrinin birinci müavini, müavini seçilib, lakin sədr seçilməyib.
Yəqin sədr hələlik deputatların dislokasiyasına daxil deyildir.
Zamin HACI
musavat.com