100 yaşlı prezident: araxis istehsalçısı necə Nobel mükafatı qazandı?
6-10-2024, 00:14
Sovetləri təhdid edən, İsraillə Misiri barışdıran idealist Cimmi...
2024-cü il oktyabrın 1-də ABŞ-ın 39-cu prezidenti Cimmi Karterin 100 yaşı oldu. Karter hələ 2019-cu ildə 94 yaşlı ata Corc Buşu keçməklə Birləşmiş Ştatların ən uzunömürlü prezidenti kimi tarixə düşdü.
Hərçənd, Ağ evin bir çox sahibləri yetərincə ahıl yaşa qədər ömür sürüblər: Karterin müasirləri və siyasi rəqibləri Cerald Ford (sələfi) və Ronald Reyqan (xələfi) 93 yaşı adladılar.
Həmin 2019-cu ildə Karter daha bir rekorda nail oldu: prezident nikahının müddəti üzrə. O və Rozalin 1946-cı ildə evləniblər, üç oğul və bir qızları var. Bir çox siyasətçilərdən fərqli olaraq, Cimmi Karterin reputasiyası seksual qalmaqallarla zədələnməyib. O, bu nikahda xoşbəxt olduğunu dəfələrlə vurğulayıb. Rozalin Karter 2023-cü ildə vəfat etdi.
Cimmi Karter Corciya ştatında doğulmuş ilk və hələlik yeganə prezidentdir. Onun hakimiyyət zirvəsinə yüksəlişi xeyli gözlənilməz alınmışdı: o, hərbi dənizçi idi, ailə fermasına qayıdıb araxis yetişdirirdi və bir gün Corciyanın qubernatoru oldu.
Az əhalisi və az əhəmiyyəti olan ştatı təmsil edən Karter 1976-cı ildə gözlənilmədən Demokratlar partiyasındakı praymerizi uddu, sonra isə fəaliyyətdə olan prezident Cerald Forda qalib gəldi. O, dürüst, Bibliya ehkamları əsasında yaşayan insan kimi tanınırdı. Bu da uduzulmuş Vyetnam müharibəsindən və Uotergeyt qalmaqalından sonra dövlət institutlarına etibar etməyən seçicilərdə rəğbət oyadırdı.
Karter insan haqlarının qlobal miqyasda müdafiəsini öz xarici siyasətinin prioriteti edən ilk ABŞ prezidenti idi. Tez-tez “qaynar” konfliktlərə çevrilən Soyuq müharibə dövründə bu, idealist və olduqca riskli addım idi. Hüquq müdafiəçisi Sergey Kovalyovun sözlərinə görə, Karter sovet dissidentləri ilə görüşündə deyib: “Sovet vicdan məhbuslarını azad etmək üçün dəniz piyadalarını göndərə bilmərəm. Qalan hər şeyi isə edəcəyəm”. Amma Karterin maksimum mənəviyyatlı etməyə çalışdığı Amerika siyasətinin oriyentirlərinin dəyişdirilməsi tələsik nəticələr doğurmadı. Kreml dissidentləri azad etməyə və Şərqi Avropa üzərində nəzarəti zəiflətməyə tələsmirdi.
İsrailin tarixdə ilk dəfə bir ərəb ölkəsi ilə - Misirlə imzaladığı sülh müqaviləsi Karterin xarici siyasətdə nəhəng qələbəsi oldu. Razılaşma ABŞ prezidentlərinin yay iqamətgahında - Kemp Deviddə əldə olundu. Tərəflər “İsrail və qonşuları arasında münaqişə”nin sülh yolu ilə həll olunması barədə razılığa gəldilər. İsrail diplomatik münasibətlər qurulması və Qırmızı dənizdəki Tiran boğazından istifadə hüququ müqabilində daha əvvəl işğal etdiyi Sinay yarımadasını Misirə qaytarmağa razı oldu (Tiran boğazının İsrail gəmiləri üçün bağlanması Altıgünlük müharibənin əsas səbəblərindən biri olmuşdu).
ABŞ də ilk dəfə İsrail və Misirə maddi yardım göstərməyə razılaşdı. Yardım daimi oldu və bu gün də göstərilir. İsrail və Misir indi də ümumən normal münasibətlərə malikdirlər.
Strateji Panama kanalının Panamaya verilməsi mühüm qələbə oldu (kanal Karter dövründə verilmədi: onun və Panama prezidentinin imzaladığı sənədə əsasən 2000-ci ildə verildi - Pressklub). Bu, hərbi xuntaların, diktatorların hökmran olduğu, Kuba və SSRİ tərəfindən dəstəklənən inqilabların mütəmadi baş verdiyi regionda gərginliyi önəmli dərəcədə azaltdı.
Demokrat Karter Çinlə rəsmi diplomatik münasibətləri bərpa etdi: bu istiqamətdə ilk addımlar respublikaçı Riçard Nikson tərəfindən atılmışdı.
Onun adı ilə bağlı olan “Karter doktrinası”na görə, ABŞ-nin Fars körfəzindəki həyati maraqlarını müdafiə etmək üçün hərbi qüvvədən istifadəyə hazır olmalıdır. Doktrina qlobal enerji böhranı nəticəsində neft qiymətlərinin kəskin artımından və sovet qoşunlarının Əfqanıstanı - bu ölkə dünya neft hasilatının mərkəzi olan Fars körfəzinə doğru plasdarm sayılırdı - işğal etməsindən sonra ortaya çıxdı.
Amerikalıların fikrincə, Əfqanıstana sovet müdaxiləsinə və müttəfiq İranda İslam inqilabına Karterin reaksiyası qeyri-adekvat və qətiyyətsiz oldu: bəzi müasirləri bunu onunla izah edirlər ki, ABŞ sualtı nüvə donanmasının yaranmasında birbaşa iştirakı olan Karter nüvə müharibəsinin baş verməsindən çox qorxurdu, çünki onun fəsadlarını aydın dərk edirdi. Onun tətbiq etdiyi sanksiyalar, o cümlədən, Moskva Olimpiadasının boykotu Kremlin davranışına təsir göstərmədi. İslamçıların ABŞ-nin Tehran səfirliyində girov götürdükləri əməkdaşların azad edilməsi məqsədilə keçirilən xüsusi əməliyyat uğursuzluqla nəticələndi. Prezidentliyinin son ilyarımı pis xəbərlərlə bol idi.
1980 il seçkilərində Karter, enerji böhranı və dördnala çapan inflyasiyadan doğan iqtisadi problemlər və xarici siyasət problemləri üzündən “güc vasitəsilə sülh” formulu ilə çıxış edən “qırğı” Ronald Reyqana böyük hesabla uduzdu.
Karterin daxili siyasətlə bağlı bir çox qərarları qüvvədə qalır. Onun təşəbbüsü ilə Fövqəladə vəziyyətlərdə idarəçilik üzrə federal agentlik (FEMA) yaradıldı. Qurum ölkə tarixində ilk dəfə təbii və texnogen fəlakətlər qurbanlarına mərkəzləşdirilmiş şəkildə yardım göstərməyə başladı.
O, iki yeni nazirlik yaratdı: energetika və təhsil. Onlar da ABŞ-nin enerji təhlükəsizliyinin təminində və təhsil səviyyəsinin yüksəldilməsində mühüm rol oynadılar (hərçənd, bəzi mühafizəkar siyasətçilər Təhsil nazirliyinin bağlanmasına çağırırlar).
Onun dəstəyi ilə qəbul edilən qanun dövlət qulluqçularını sui-istifadədən qoruyur. Karter ətraf mühitin qorunmasına - o cümlədən, iqlim dəyişikliklərindən, - böyük diqqət verirdi. O zaman imzaladığı fərmanlar və qanunlar indi də qüvvədədir.
Amerikalılar üçün yanacaq doldurmaq və evi qızdırmaq bahalaşanda, Karter televiziya ekranlarına sviterdə çıxdı: Ağ evdə də soyuq olduğunu və özünün də həmvətənləri kimi yaşadığını göstərmək üçün. Bu, həqiqət idi: prezidentin israrına əsasən Ağ evi az qızdırırdılar. Amma bu addım onun populyarlığına mənfi təsir göstərdi: amerikalılar prezidentlərinin problemi onlarla birgə yaşamasını yox, həll etməsini istəyirdilər.
Nəticədə Karter birmüddətlik prezident oldu. Hakimiyyətinin son ilində onun reytinqi “Gallup”a görə 35% ətrafında, yəni çox aşağı idi.
Ağ evi boşaldan Karter siyasi fəaliyyətini davam etdirmək təklifinə razı olmadı və həyatının ikinci yarısını humanitar layihələrə həsr etdi. Yaratdığı Karter mərkəzi onlarla ölkədə seçkilərin dürüstlüyünün və şəffaflığının təminatçısı oldu. 2002-ci ildə Cimmi Karter Nobel sülh mükafatına layiq görüldü: onilliklər boyu beynəlxalq konfliktlərin dinc həlli yolunu axtarmaq üçün yorulmaz səylərinə görə.
Böyük siyasətdən gedən Karter olduqca mütəvazi həyat sürürdü, zaman-zaman da növbəti prezidentlərin konfidensial tapşırıqlarını yerinə yetirirdi. O, onlarla kitab nəşr etdi, o cümlədən, şeirlər külliyyatı, balıqçılıq üzrə dərslik və siyasətə xristian yanaşması haqqında düşüncələr (Karter dərin inanclı baptist idi). Özünün “Bizim dəyərlərimiz təhlükə altında” kitabının qiraətinə görə “Qremmi” mükafatına layiq görüldü. “Fələstin. Aparteid yox, sülh” adlı digər kitabı ölkənin yəhudi icmasında və İsraildə etirazlar doğurdu.
2003-cü ildə Karter ABŞ prezidentləri arasında ilk dəfə roman yazdı, özü də həmmüəlliflərin köməyi olmadan: Amerika inqilabından bəhs edən “Arı yuvası”.
Karterin postprezidentlik dövründə populyarlığı və avtoriteti prezidentlik dövründəkindən xeyli yüksək oldu. Bu, ABŞ prezidentlərinin çoxsaylı “böyüklük reytinqi”ndə gözə çarpır. Belə reytinqlərin tərtibatçıları ekspertləri - tarixçilər, politoloqlar, iqtisadçılar, - ya da sadə vətəndaşları sorğulayaraq, prezidentlərdən hansının ölkəni daha uğurlu (və ya uğursuz) idarə etməsini müəyyənləşdirirlər.
1990-cı illərdə Karter reytinqin lap quyruğunda, uğursuzlar arasında idi, 2010-cu illərdə isə sabit ortabablar qrupuna düşdü. Amma ABŞ mühafizəkarları bu gün də onu ölkə tarixinin ən pis prezidenti sayırlar.
Hazırladı: Yadigar Sadıqlı