Cəbrayıl döyüşündən bir epizor- Səxavət Məmməd yazır

10-10-2024, 00:01           
Cəbrayıl döyüşündən bir epizor- Səxavət Məmməd yazır
Cəbrayıl rayonu işğaldan azad ediləndən sonra Azərbaycan Ordusunun hücumu daha da inkişaf etməyə başlayır. Oktyabrın 5-6-sı Dağtumas, Mincivan, Aşağı Maralyan istiqamətlərində qızğın döyüşlər gedir. Mincivan istiqamətində gedən digər qüvvələr güclü müdafiə ilə qarşılaşır. 4-5 gün döyüşlər getsə də, müdafiə səddini yarmaq mümkün olmur.
Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı Hikmət Mirzəyev XTQ-nin kəşfiyyat rəisi polkovnik Eldəniz Namazovu yanına çağırır və ona bir tabor, 4 tankdan ibarət tank taqımı verir. Avanqard kimi Cəbrayıl rayonunun Şükürbəyli dairəsi, Dağtumas həddindən Cəbrayıl-Qubadlı, Cəbrayıl-Zəngilan istiqamətində yara-yara, dağıda-dağıda getmək lazım idi.
Əməliyyat planı incələndikdə aydın şəkildə görünür ki, Eldəniz Namazovun sağ qayıtması mümkün olmayacaq. Şərəfli, ancaq sonu ölümlü bir yoldur.
Azərbaycan Ordusunun planlaması bu şəkildə olduğu halda, qarşı tərəfin isə planı tamamilə fərqli olur. Belə ki, Seyran Ohanyan, Anna Akopyan, Serj Sərkisyan, Bako Saakyan böyük bir planlanma aparır.
Azərbaycan Ordusunun əsas qüvvəsi artıq Cəbrayıla girmişdi. XTQ, ordu korpuslarının ikisi Cəbrayılda idi. Hadrut istiqamətində hücumu inkişaf etdirmək lazım gəlirdi. Qubadlı istiqamətində hücuma keçilməli idi. Cəbrayılda ciddi şəkildə hazırlıq gedir. Düşmən çox ağıllı bir taktika işlədir. Düşmən kənd Horadiz, Araz çay istiqamətindən çox böyük qüvvə ilə cəmləşmə edir. Həmlə əməliyyatı düşmən tərəfindən o qədər gizlin aparılır ki, qüvvələrin cəmləşdirilməsi, döyüş texnikalarının ora yığılması müşahidə olunmur. Düşmən də olsa, deməliyik ki, peşəkar bir əməliyyat hazırlanır. 7 oktyabrda hücuma keçirlər. Özü də nə səhər, nə də axşam, günün günorta çağı. Saat 10-11 radələrində. Onların o hücumu alınsaydı, mövqeləri qoruyub saxlamağı bacarsaydılar, onlar Cəbrayıldakı XTQ və iki korpusun geridəki bölmələrin əlaqəsini kəsmiş olardılar. Beləcə, əsas qüvvələrin hamısı tam mühasirəyə düşürdü.
Erməni tərəfi mükəmməl plan hazırlsa da, nəzərə almaqdıqları bir şey olmuşdu: Eldəniz Namazovun rəhbərlik etdiyi XTQ taboru.
Eldəniz Namazovla həmin əməliyyatı müzakirə edərkən belə bir fikir səsləndirir: “Xoşbəxtlikdən əraziyə ən yaxın bölmə biz idik. Bu o demək deyil, başqaları bacarmazdı. Sadəcə, o əməliyyatın mənə qismət olmasına görə xoşbəxtəm”.
Eldəniz Namazovla rabitə əlaqəsinə çıxırlar. Rabitədə deyilir ki, artıq ehtiyat taborun yanında düşmənin 6 tankı durub. Bütün qoşunları cəmləşib ora. Sağ, sol, geri, irəli döyüş aparırlar. Əlaqəni tamamilə bağlayıblar. Horadiz-Cəbrayıl yolu tamamilə düşmənin nəzarətindədir. Nə ehtiyat qüvvələr gələ bilir, nə də təminat. Komandan Hikmət Mirzəyev Eldəniz Namazova tapşırıq verir: “Əvvəl verilən tapşırıq ləğv olunur, əlində olan qüvvələrlə sənə kömək gələnə qədər vəziyyəti bərpa etməyə çalış”. Eldəniz Namazov tabor komandirini yanına çağırır. Taborun qərargah rəisi döyüşlər zamanı şəhid olmuş kapitan Elçin İsmayılov idi. Xəritəni açırlar, vəziyyətə baxırlar. Xəritədə tez bir zamanda qeydlər, qüvvənin bölgüsü aparılır. Eldəniz Namazov tapşırıq verir ki, birinci qüvənin işi düşmən səddini yarmaqdır. Yolu yarıb açmaq lazımdır ki, ikinci qüvvə sağ cinaha keçsin.
Üçüncü qüvvənin tapşırığı o olur ki, yerində mövqe seçsin, ona gələn düşmənin sağdan və soldan qüvvəsini vurub, geriyə atmaq lazımdır. Beləcə tabor üç yerə bölünür. Birinci qüvvə çox sərrast şəkildə yarma əməliyyatını həyata keçirir. Yol açılan kimi ikinci qüvvə sağ cinaha keçir. Eldəniz Namazovun olduğu qüvvə isə ortadan hərəkətə keçir. Ən böyük üstünlük tank əleyhinə vasitələrə verilir. Geriyə qaçan düşmənin öndəki tanklarını vurmaq, bir də irəli gedən texnikalarını lazım idi, ortadakı qüvvə isə düşməni öz üzərinə çəkməlidir. Düşmənin geriyə çəkilən iki tankı və bir PDM-i vurulur. Qabaqdakı iki tank vurulur, döyüşün gedişatında bir PDM-ləri vurulur. Sağ və soldakı qüvvələr lazımı yerləri tuturlar. Düşmən beləcə tələyə düşür və bütün qüvvələrini ortada gedən qüvvəyə tərəf çevirir.
Döyüşün gedişində XTQ taboruna verilən 4 tankdan biri xarab olaraq sıradan çıxır. Üç tank 500 metr məsafədə döyüşə açılır və arxasınca da şəxsi heyətə hərəkət edir. Düşmən tankları vurmaq üçün tank əleyhinə vasitələrdən istifadə edir, ancaq buna nail ola bilmir. Çünki məsafə buna imkan vermir. Beləcə düşmənin bütün qüvvələri mərkəzə doğru cəmləşir və irəliləyir.
Tabor komandiri sağda, solda isə əməliyyat zabiti qüvvələrə rəhbərlik edir. Eldəniz Namazov isə döyüşü idarə edir. Rabitə ilə əlaqə saxlayır. Düşmən atəş çəmbərinə düşüb? Bəli, cavabını alan kimi “Başlayın!” əmri verir. Sağ və soldakı qüvvələr düşmənə göz açmağa imkan vermir. Yarım mühasirəyə düşən düşmən qüvvələrinə qarşı tank əleyhinə vasitələrdən və digər vasitələrdən istifadə etməklə zərbələr endirilir. Həmin vaxt rabitə ilə raket zərbəsi istənilir. “Tos-1 A”nın komandiri ilə Eldəniz Namazov birbaşa əlaqəyə çıxır. Dəqiq koordinat verilir və deyilən yerə zərbə endirilir. Düşmən PDM-lərlə qaçmağa başlayır.
Vəziyyət komandanlığa məruzə edilir. Qərar verilir ki, davam edilsin. Sağdan N saylı motoatıcı hərbi hissənin bir taboru, soldan isə başqa bir motoatıcı hərbi hissənin taboru ilə kordinasiya yaradılır. Motoatıcı taborlara qaçanların erməni ordusu, arxadan gələnlərin isə XTQ olduğu deyilir. Həmin motoatıcı taborlar da atəş açmağa başlayırlar. İtirilmiş vəziyyət bir kənd artıqlaması ilə azad edilməsi bərpa olunur. Geri qayıdanda 9 T-72 tankı və bir ədəd PDM-2 işlək vəziyyətdə qənimət kimi qalır. Hesablamalara görə, düşmənin 700-dən artıq canlı qüvvəsi döyüş meydanında məhv olur.
Təkcə düşmənin snayper atəşi ilə iki şəhid verilir. Biri taborun qərargah rəisi Elçin İsmayılov, biri isə Niftiyev soyadlı gizir. Yaralı isə olmur.
Eldəniz Namazov komandana vəziyyəti məruzə edir, əlavə qüvvənin gəlməsinə ehtiyacın olmadğını bildirir. Bu anda Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev əlində avtomatla qaça-qaça döyüş meydanına atılmaq istəyir. Ona məruzə olunur ki, vəziyyət artıq bərpa olunub. Kərim Vəliyev polkovnik Eldəniz Namazovu qucaqlayır, təşəkkür edir və Milli Qəhrəmanlığa layiq olduğunu deyir. Hətta oradakı gizirlərə leytenant rütbəsinin də verilməli olduğunu da deyir.
Döyüş analiz ediləndə Kərim Vəliyevin həyəcanla döyüşə atılmaq istəməsinin bir səbəbi açıq şəkildə bilinir. Əgər qarşı tərəf istəyinə nail olsaydı, qələbə sual altına düşmüş olardı.
p.s kitabda daha ətraflı və detallı işlənilib.
Səxavət Məmməd
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.