Stalinin bəlalı məhəbbəti – sovet lideri vaxtsız vəfat edən Katonu çox sevib.
14-10-2024, 00:02
Ən yeni tarix. Maraqlı faktlar.
Onun əsl adı Yekaterina olub – Yekaterina Semyonovna Svanidze. Amma yaxınları ona qısa adla, Kato deyə müraciət ediblər.
Elə gənc Soso da (Stalin) yaxın dostunun bacısını Kato adı ilə tanıyıb.
Bu tanışlıq sonradan onların ailə qurması ilə nəticələnib.
Yekaterina Svanidze 1885-ci ildə Tiflisdə anadan olub. Ailə Tiflisin Freylinskaya 3 ünvanında yerləşən kiçik bir evdə yaşayıb.
Kato yeniyetməlik yaşlarından işləməyə başlayıb, o, imkanlı ailələrin paltarlarını yumaqla pul qazanıb. Daha sonra dərzilik edib.
Kato Stalinlə qardaşının vasitəsi ilə tanış olub.
Belə ki, onun qardaşı Aleksandr Svanidze Tiflis ruhani seminariyasında Stalinlə birgə oxuyub və aralarında sıx dostluq münasibətləri yaranıb.
Məhz Aleksandr dostunu öz evlərinə dəvət edəndə Stalin Katonu görüb və ilk gündən ürəyində ona qarşı sevgi yaranıb. İlk görüşdən bir neçə gün sonra Stalin Katonu anası Keke ilə tanış edib, ondan xeyir-dua istəyib. Keke bu izdivaca böyük məmnunluqla “hə” deyib.
16 iyul 1906-cı ildə Stalinlə Kato ailə həyatı qurublar. Onların nikahı Müqəddəs David kilsəsində rəsmiləşib.
Kato heç vaxt Stalinin siyasi fəaliyyətinə müdaxilə etməyib, bu siyasət onun üçün maraqlı görünməyib.
O, yalnız həyat yoldaşının təhlükəsizliyinə görə narahat olub. Stalinin tez-tez axtarılması, günlərlə yoxa çıxması, təhdidlər, təzyiqlər Katonun ciddi narahatlığına səbəb olub.
Nəhayət, bu təhlükələrdən uzaq olmaq üçün ailə Tiflisdən çıxmağa məcbur olub. Stalinin Bakıda inqilabi proseslərdə iştirak etməsi zərurəti yarananda onlar Bakıda məskunlaşıblar.
1907-ci ildə cütlüyün bir oğul övladı, Yakov dünyaya gəlib. Bu əlamətdar hadisə ailənin sevincinə səbəb olsa da, bu sevinc uzun sürməyib. Bakıda Katonun səhhətində ciddi problemlər yaranıb. Vərəm xəstəliyinə tutulan Katonun sağlıq durumu günü-gündən daha da ağırlaşıb. Bakıda vəziyyətin mürəkkəb olduğunu nəzərə alan Stalin həyat yoldaşını Tiflisə aparıb və axtarışlardan yayınmaq üçün yenidən Bakıya dönüb.
Həkimlər Katonu xilas edə bilməyiblər. 5 dekabr 1907-ci ildə Kato əvvəli xəstəliyindən və qarın yatalağı nəticəsində daxili qanaxmadan vəfat edib. Həmin vaxt Yakov səkkizaylıq olub.
O ərəfələrdə axtarışda olan və ard-arda həbsxanalara düşən Stalin həyat yoldaşının dəfnində iştirak etmək üçün gizli yolla Tiflisə gəlib. Katonun ölümü onu sarsıdıb.
Dəfn Tiflisdə, Kukiysk qəbirstanlığında keçirilib. Tabut məzara endirdikdən sonra Stalin özünü tabutun üstünə atıb. Onu qəbirdən dəfn mərasimində iştirak edənlərdən biri, gürcü siyasətçisi və tarixçisi, ictimai xadim Geronti Kikodze çıxarıb. Sonralar o, həmin hadisəni belə xatırlayıb:
“Ağır mənzərə idi, hətta mən deyərdim ki, dözülməz bir səhnə idi. Stalin özünü tabutun üstünə atmışdı. Mən onu çətinliklə məzardan çıxartdım. Onların evliliyinin ömrü bir ildən bir az artıq çəkmişdi. Amma, görünür, aralarında böyük sevgi yaşanıb. Katonun vəfatının kədəri Stalinin bütün cizgilərində əks olunmuşdu. Həmin anlarda qoçaq, çevik Stalin olduqca miskin, çarəsiz, çıxılmaz vəziyyətə düşən bir insan kimi görünürdü...”
Katonun ölümündən sonra səkkizaylıq Yakovu Stalinin anası Kekenin himayəsinə vermək istəyiblər. Ancaq hansısa səbəbdən Keke Yakovu saxlamaqdan imtina edib. Bu imtinadan sonra Yakovu Katonun anası öz himayəsinə götürüb.
Stalin Katonun qohumları ilə əlaqələrini kəsməyib. Xüsusilə qardaşı Aleksandrla daha yaxın münasibətdə olub. Onları həm də inqilabi proseslər yaxınlaşdırıb.
Aleksandr da fəal inqilabçılardan biri sayılıb.
Stalin hakimiyyətə gəldikdən sonra da Aleksandr və həyat yoldaşı onunla əlaqələrini kəsməyiblər. Onlar Stalinin həm mənzilində, həm də bağ evində bütün tədbirlərdə ev sahibi kimi iştirak ediblər. Sovet lideri həyat yoldaşının qohumlarına lazımi qədər diqqət və qayğı göstərib. Amma qanlı 1937-ci il çox şeyləri dəyişdiyi kimi, bu münasibətlərə də əl gəzdirib.
Bu günə qədər də məlum olmayan mənbədən Stalinə məxfi şəkildə məlumat verilib ki, Aleksandr Svanidze Almaniya kəşfiyyatına işləyir. Bu xəbərdən sonra Stalin Aleksandrdan bunu etiraf etməyi tələb edib. Aleksandr isə onu gözləyəcək bütün təhlükələrə baxmayaraq bu faktı təsdiqləməyib.
Stalinin göstərişi ilə Aleksandr Svanidze güllələnib, az sonra onun həyat yoldaşı da eyni cəzanı alıb. Bununla da Stalin keçmişi ilə əlaqələrini birdəfəlik kəsib.
Stalin 1918-ci ildə ikinci dəfə Nadejda Alliluyeva ilə ailə həyatı qurub. Bu nikahda da onu bəxti gətirməyib. Sovet liderinin həyat yoldaşı 1932-ci ildə müəmmalı şəkildə “intihar” edib.
Rəsmi nikahdan başqa Stalinin həyatında bir çox qadınlar olub, aktrisa, tibb bacısı, ictimai xadim statutusunda olan qadınlar.
Amma bu qadınlar da Stalinə ilk sevgisini, Katonun sevgisini verə bilməyib. Yəqin elə bu səbəbdən də Stalin ən sevincli və ən kədərli günlərdə hansı məclisdə olmasına baxmayaraq Katonu xatırlayıb, onun adını dilinə gətirib.
İlham Cəmiloğlu, Musavat.com