“ZƏNCİRDƏN QOPMUŞ”
14-10-2024, 08:54
Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson memuarlarını dərc edib.
“Unleashed” adlı kitab İngiltərədə 10.10.2024-də satışa çıxdı.
Təxmin edirəm ki, kitab qısa müddət ərzində bir çox dilə tərcümə olunacaq. Ancaq zənnimcə, Rusiya kitabı dillərinə ilk tərcümə ölkə olacaq. Çünki 60 fəsildən ibarət kitabda Boris Conson Qərbin Rusiya və Ukrayna ilə münasibətlərinə də yer ayırıb, opponentləri tənqid edir və bunu yumşaq bir dillə, zarafatla ifadə edir, rusları və liderlərini ölçülü şəkildə günahlandırır.
“Unleashed” kəlməsi Ana dilimizdə “Zəncirdən qopmuş” deməkdir.
Əgər kitab dilimizə tərcümə edilsə onun adının da belə olmasını istərdim…
Ancaq…
Consonun kitabının satışa çıxmasından bir neçə gün əvvəl neyro-şəbəkələrlə bağlı bir mətn oxumuşdum. Mətndə neyro-şəbəkələrin ədəbiyyatı öldürəcəyi, amma siyasi memuar janrının isə ümumiyyətlə yox olacağından bəhs edilir.
Bir çox oxucu kimi mən də siyasi xadimlərin memuarlarındakı səmimiyiyətinə inanmıram.
Yaşlandığında əlinə qələm alan keçmiş siyasət adamları gördükləri işlərlə öyünər, buraxdığı səhvləri dilə gətirməz, faktların çoxunu bilərək ya da bilməyərək təhrif edərlər.
Düşünürəm ki, istənilən xatirədə lovğalıq var, kimsə, xüsusilə də siyasilər fiaskolarından, uğursuz qərarlarından yazmaz, yazsa da təhrif edərlər. Bəs xatirələrini yazacaq qədər yaşlı olmayan Boris Consonun memuar ədəbiyyatına meyl etməsinin arxasında nə yatır?
Nüfuzlu The Guardian qəzetinin parlament yazarı Con Kreys (ing. John Crace) yazır:
“Boris ümid edirdi ki, bu kitabı yazmaqla ölkə yenidən ona aşiq olacaq. Acaq, bu kitab hər şeydən əvvəl uzun sürən inciklikləri canlandırıb, geri qaytaracaq”...
Memuar ədəbiyyatına xas olan xüsus müəllifin özünü tənqid etməməsi, səhvlərini etiraf etməməsidir. Boris Conson da “Zəncirdən qopmuş”da bu xüsusa sadıq qaldı.
İbrahim Nebioğlu