Həsən Padşah və onun EŞQ mahnısı "Sarı Gəlin"

Dünən, 09:14           
Həsən Padşah və onun EŞQ  mahnısı "Sarı Gəlin"
Türkiyə mediasında rastıma bir məqalə çıxdı..Ermənistanın keçmiş prezidenti, uşaq qatili Serj Sərkisyan ilə Türkiyənin keçmiş prezidenti Abdulla Gül arasında belə bir dialoq olub:
Abdulla Gül:
- “Sarı Gəlin” bizdə anonimdir. Sizdə də elədirmi?
Serj Sərkisyan:
- Bəli, bizdə də anonimdir. Sarı bizdə dağ deməkdir. Yəni dağlı qız mənası verir. Cənab Gül, görürsünüzmü? Mahnılarımızın və yeməklərimizin nə qədər ortaq bir dadı var
Bu gün Azərbaycanda “Sarı Gəlin” mahnısı milli simvola çevrilibdir. Onun bizim xalqa məxsusluğu yüz faiz elmi faktlarla sübut edilibdir. Nə erməni, nə də gürcü poeziyasında bu cürə bəndlər və sözlərlə əlaqəli heç bir şeir yaxud mahnı sözü yoxdur. Bu mahnının tarixi haqqında müxtəlif versiyalar var, onlardan biri də mahnının Ağqoyunlu hökmdarı Həsən Padşahın sifarişi ilə Dəspinə Hatun ilə toy gününə yerli aşıq tərəfindən yazılıb.
Dəspinə Hatun (Teodora) gözəlliyi ilə məşhur idi. Zəmanəsinin ad-san qazanmış hökmdarları, mənsəb sahibləri onunla evlənmək istəsələr də, Atası- Trabzon imperatoru IV İohann və qardaşı David onları rədd etmiş, Teodoranı (Dəspinə Hatunu) güclü dövlət olan Ağqoyunlularla ittifaq bağlamaq üçün 1458-ci ildə Həsən Padşahla evləndirmişdilər. Teodora, bundan sonra Despina xatun kimi tanınmağa başlandı (Despina yunanca xatun, kraliça titullarının ekvivalentidir).
Bu xristian və müsəlman hökmdarları arasında ilk və əfsanəvi izdivac olaraq bilinir. Toy günü qızılı çadrda əyləşən Dəspinə hatunu Həsən Padşahın çadrına qədər olan yolda əsgərlər qılınclarını göyə qaldırmışdılar. Sarı saçlarını açıq qoyan Dəspinə hatunu çadra qədər olan yolda aşıqlar müşayət ediblər
. Dəspinə hatun o zaman Türk qadınlarının üsulunda bəzənmiş və saçlarını törəyə uyğun düyünləmiş idi. Sinəsinə isə gül bağlayan Dəspinə hatunu görən aşıq ilk sözləri belə ifa edir:
Saçın ucun hörməzlər,
Gülü qönçə dərməzlər.
Bu sevda nə sevdadır?
Səni mənə verməzlər.
Qədim zamanlardan Azərbaycan türkləri emosional məqamlarda bədahətən dörd misralıq şeirlər deyirdilər. Dəspinə hatun Həsən Padşaha yaxınlaşır, Hökmdar onun duvağını qaldıranda aşıq növbəti dörd misranı deyir:
Bu dərənin uzunu,
Çoban, qaytar quzunu.
Nola, bir gün görəm,
Nazlı yarın üzünü.
Əfsanəyə görə mahnı Həsən Padşahın o qədər xoşuna gəlir ki, aşığa qızıl kisəsi ilə yanaşı bir at da hədiyyə edir.
Bəzi qaynaqlar isə yazır ki, aşığa mahnını sifariş edən Həsən Padşahın anası, böyük diplomat Sara Xatun olub və mahnının ilk adı "Saranın Gəlini olub"
Hüseyn Cavidin "Şeyx Sənan" əsərinin süjetində qismən öz əksini tapıb. Şeyx Sənanda da, "Sari Gəlin"də də aşiq müsəlman, məşuqə isə xristiandır.
“Sarı gəlin” xalq mahnısının, başqa millətin nümayəndələrinin nə söyləməsindən asılı olmayaraq, mətninin quruluşuna, məzmununa, melodiyasının lad yönümünə və inkişaf prinsiplərinə uyğun olaraq Azərbaycan xalq mahnı yaradıcılığının parlaq nümunəsi olduğunu sübut edir. Millətindən asılı olmayaraq “Sarı gəlin”i dinləyən hər kəs onun sehrinə düşür.
Zaur Aliyev , dosent
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.