Hüseynqulu xan Xanxoylu - Mühacirlərin peyqəmbəri...
Dünən, 12:04
Türkiyədə yaşamış siyasi mühacirlər onu "Xan əmi" adlandırırdılar. Əsilzadə olduğu kimi həmdə sovet hakimiyyətinə münasibəti ilə o mühacirlərin ağsaqqalı sayılırdı. Həyat yoldaşı, Cavad Xanın və Bəhmən Mirzə Qacarın soyundan olan Şirinbəyim xanım Ziyadxanlının qardaşı, Azərbaycan Cümhuriyyətinin İrandakı səfiri Adil xan Ziyadxanlı onu bizim peyğəmbərimiz adlandırırdı. Rəhmətlik tədqiqatçı, Azərbaycan siyasi mühacirətinin ilk önəmli araşdırmaçılarından olan Xanlar Bayramov Adil xanın qızı, həmçinin Hüseynqulu xanın gəlini olan Mahrux xanımdan aldığı müsahibədə o atasından qalan xatirəni bölüşərkən bildirir ki, atam deyirdi xanı tək buraxma, onun qulluğunda dur, o bizim peyğəmbərimizdir. Hüseynqulu xan şüarçı deyildi, yalandan, yalançılardan hər zaman uzaq gəzərdi. Çox siyasi mühacirlərdə onu ziyarətdən, tövsiyyələrini almaqdan böyük məmnunluq hissi duyurdu. Azərbaycanın azadlığı və müstəqilliyi ideyasına səmimiyyətlə xidmət edən və sədaqət nümayiş etdirən bir hərbiçi, millət təəssübkeşi idi. 40-cı illərin ağır müharibə günlərində o səbirsizliklə Azərbaycanın öz müstəqilliyini əldə edəcəyini gözləyirdi. Hüseynqulu xanın nəvəsi Kərim Mehmetzadə bildirir ki, babası Stalinqrad döyüşləri zamanı yaxın dostu Şəfi bəy Rüstəmbəyli ilə xəritənin önündə dayanar, müzakirələr aparardılar. Özü yaşlı olsada övladları Zahid xan, Valiyə Kazımbəyli, qızının həyat yoldaşı albay Cahangir bəy Kazımbəyli Azərbaycanın azadlıq mübarizəsinin ön səngərlərində idilər.
Ceyhun Nabi